AZ

106 yaşlı Azərbaycan Ordusu: Dünyanın ən güclüləri sırasında

Pərvanə SULTANOVA [email protected]


Bu gün dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 106 il ötür. 2020-ci il Vətən müharibəsindəki şanlı zəfərdən sonra bu bayram ölkəmizdə daha böyük qürurla, çoşqu ilə qeyd edilir. Ordumuzun keçdiyi döyüş yolunun zirvəsində sözsüz ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Qarabağ zəfəri dayanır. Builki bayramı daha möhtəşəm, daha fərqli edən Silahlı Qüvvələr Gününün ilk dəfə olaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş bütöv Azərbaycanda qeyd olunmasıdır.
 
44 günlük Vətən müharibəsində böyük şücaət, misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızın 30 illik işğalına son qoyan ordumuz ötən ilin sentyabrında bir gündən az davam etmiş lokal antiterror tədbirləri ilə ölkəmizin ərazisindəki qanunsuz erməni silahlı birləşmələrinin, separatçıların mövcudluğuna son qoydu. Bununla da Azərbaycan bayrağı ölkəmizin bütün ərazisində, o cümlədən, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində qürurla dalğalanmağa başladı. 

Xalqımızın çoxəsrlik tarixində buna bənzər qələbə olmayıb. Bu qələbə həm də ordumuzun gücünü, peşəkarlığını, cəsarətini, vətənpərvərliyini bütün dünyaya nümayiş etdirmiş oldu. 

Bu gün 106 yaşını qeyd etdiyimiz ordumuz şərəfli bir yol qət edib. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradılıb, həmin il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olunub. Görkəmli hərbi xadimlər - Xosrov bəy Sultanov, Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski milli ordumuzun formalaşmasında və döyüş qabiliyyətinin yüksəldilməsində əvəzsiz xidmətlər göstərdilər.

Yeni yaranmış Milli Ordumuz ilk uğura sentyabrın 15-də imza ataraq Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edib. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi, hərbçilərimizin əksəriyyəti, o cümlədən, 15 general Nargin adasında güllələndi, bir çoxları isə repressiyaya məruz qaldı.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra milli ordunun formalaşdırması qarşıda duran vacib məsələlərdən ən birincisi olmalı idi. Yeni yaradılan dövlətimiz Ermənistanın təcavüzkar siyasəti ilə üz-üzə idi. Amma o zaman səriştəsiz idarəçilik, hakimiyyət böhranı ordu quruculuğu kimi son dərəcə vacib işi həyata keçirməyə imkan vermədi. Nizami ordu formalaşdırmaq əvəzinə ayrı-ayrı qüvvələr tərəfindən idarə olunan müxtəlif hərbi dəstələr meydana gəldi ki, bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdışından sonra bu cür silahlı dəstələri ləğv edilərək nizami ordu quruculuğu prosesinə başlandı.

Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə milli zabit kadrların yetişdirilməsini prioritet hesab edirdi. Bu məqsədlə 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail olundu. Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi milli zabit kadrlarımızın müstəsna rolu olub. Onlar Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən müharibəsində qəhrəmanlıq nümunələri göstəriblər.

Azərbaycan Ordusu 1994-cü ilin yanvarında bir sıra uğurlu hərbi əməliyyatlar keçirərək Füzuli rayonunun 20 kəndini, Horadiz qəsəbəsini və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini işğaldan azad etdi. Prezident Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü elan olundu.

Respublikamızda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, ordumuzun ən müasir silah və texnika ilə təchizatı istiqamətində təxirəsalınmaz təbirlər görüldü. Azərbaycan Silahlı Qüvvələri ildən-ilə güclənərək regionun ən qüdrətli ordusuna çevrildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət - güclü ordu strategiyası, ilk növbədə, torpaqlarımızın işğalına son qoyulmasına, ərazi bütövlüyümüzün təmin olunmasına yönəlmişdi. Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait ayrıldı, ölkənin müdafiə sənayesi yaradıldı. Modernləşdirilən Azərbaycan Ordusunun qüdrəti bu gün beynəlxalq səviyyədə etiraf edilir. Silahlı Qüvvələrimiz hazırda dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. 

Azərbaycan Ordusu öz gücünü 2016-cı ilin Aprel döyüşlərində bir daha göstərdi. Uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsi azad edildi. Azərbaycan Ordusu daha bir uğurunu 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazandı. Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi və dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycanın nəzarətinə keçdi.

Silahlı Qüvvələrimizin 100 illik yubileyi münasibətilə 2018-ci il iyunun 26-da Bakının Azadlıq meydanında möhtəşəm hərbi parad keçirildi. Paradı qəbul edən Prezident, Ali Baş Komandan İlham Əliyev qəti əminliklə dedi ki, torpaqlarımız nəyin bahasına olursa-olsun azad olunacaq. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın yurd həsrətinə son qoydu. Qarabağ zəfəri hərb tariximizə qızıl hərflərlə yazıldı.
Rəşadətli ordumuz 44 gündə daim irəli gedərək, düşmənə sarsıdıcı zərbələr vuraraq 5 şəhəri, 4 qəsəbəni və 300-dək kəndi işğaldan azad etdi. Təsadüfi deyil ki, XXI əsrin müharibəsini aparan Azərbaycan Ordusunun döyüş əməliyyatları, xüsusən Şuşa əməliyyatı bu gün dünyanın qabaqcıl hərbi məktəblərində öyrənilir. 2020-ci il dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda keçirilmiş möhtəşəm Zəfər Paradını xatırlatmaq yerinə düşər. Həmin paradda işğalçı ordudan qənimət götürülmüş silah-sursat və texnika ilə yanaşı, azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız da nümayiş etdirildi.

Prezident İlham Əliyev ötən il oktyabrın 15-də antiterror tədbirləri ilə separatçılardan təmizlənmiş ərazilərimizdə, o cümlədən, Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaltdı. 

Dövlət başçısı Xankəndi mərkəzi meydanında etdiyi çıxışında bildirdi ki, Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə edib: “Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Ötən il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi daha bir tarixi hadisə oldu. Prezident, Ali Baş Komandan İlham Əliyev paradda çıxışında deyib: “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi.

Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmayıb. Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır. Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərib”. 

Azərbaycan Silahlı Qüvvələrinin gücü, peşəkarlığı, qarşısına qoyulan istənilən vəzifəni yüksək səviyyədə icra etmək bacarığı artıq sübut olunub. Amma ordumuzun daha da gücləndirilməsi istiqamətində davamlı addımlar atılır, yeni komando bölmələri yaradılır.  Silahlı Qüvvələrimizin türk ordu modelinə keçidi, komando bölmələrinin yaradılması prioritet istiqamətdir. 2023-cü il iyunun 23-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağı təqdim edərkən ölkəmizdə növbəti komando hərbi hissəsinin açılmasını çox əlamətdar hadisə kimi dəyərləndirib. Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə Müdafiə Nazirliyində Komando Qüvvələrinin yaradılmasına başlanılıb. Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yenilərinin açılması nəzərdə tutulur. Prezident vurğulayıb ki, ordumuz öz döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırır və artıracaq.

Ali Baş Komandan İlham Əliyev Ordumuzun daha da gücləndirilməsi üçün bundan sonra da bütün lazımi tədbirlərin görüləcəyini vurğulayaraq deyib: “Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir. Məhz buna görə bizə qarşı edilən istənilən təxribat cavabsız qalmır, hər bir təxribata layiqli cavab verilir, istər hərbi cavab, istər siyasi cavab. Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır”. 

Azərbaycan Ordusunu fərqli edən həm də onun beynəlxalq humanitar tələblərə uyğun davranışıdır. Həm 44 günlük müharibədə, həm antiterror tədbirlərində ordumuz mülki əhaliyə zərər verilməməsi, onların qorunması üçün zəruri addımlar atıb. Ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmayıb, müharibəni ləyaqətlə aparıb, bununla da bütün dünya üçün nümunə yaradıb.
 


 






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
525.az

1Mənbələr