AZ

Şəhid övladları üçün yay düşərgəsi təşkil olunub - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, 24-25 iyun tarixlərində Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən Vətən müharibəsi şəhidlərinin övladları üçün yay düşərgəsi təşkil edilib. 25 şəhid övladı və 13 valideynin iştirakı ilə keçirilən düşərgənin ilk günü Ağbulaq İstirahət Mərkəzində baş tutub.



Müxtəlif əyləncəli oyunlar və yarışlarla yanaşı Naxçıvan Dövlət Kukla Teatrının “Keçinin qisası” tamaşası balacalara xoş əhval-ruhiyyə bəxş edib. Şəhid uşaqları üçün təşkil edilən düşərgənin ikinci günü isə Batabat yaylağına ekskursiya ilə davam edib.
Batabat yaylağında Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası və “Naxçıvan şəhid ailələri” İctimai birliyinin birgə təşkilatçılığı ilə “Şəhid övladlarının yay düşərgəsi” adlı tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev çıxış edərək bildirib ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının yadigarlarının xoş vaxt keçirmələri, onların istirahət etməsi üçün Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən iki günlük yay düşərgəsi təşkil edilib.
Vurğulanıb ki, Azərbaycan xalqına əmanət olan şəhidlərimizin yadigarlarına daim xüsusi diqqət və dəstək göstərməliyik. Sonra “Naxçıvan şəhid ailələri” İctimai birliyinin sədri Mais Gülməmmədov hər zaman şəhid ailələrinin yanında olan, onlara maddi və mənəvi dəstək göstərən Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına minnətdarlığını bildirib. Daha sonra valideynlər də övladlarına göstərilən xüsusi diqqətə görə öz təşəkkürlərini ifadə ediblər. Düşərgədə “Batabat instrumental ansamblı”nın ifasında təqdim edilən müxtəlif musiqi nömrələri, açıq havada nahar yeməyi, müxtəlif bədii-əyləncəli proqramlar uşaqların ürəyincə olub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən belə layihələrin gələcəkdə də həyata keçirilməsi nəzərdə tutulur.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
nuhcixan.az

1Mənbələr