AZ

Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır

Azərbaycan

1918-ci il mayın 28-də yaranan Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görüb. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilən və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilib. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülüb və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilib.

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.

Ümummilli lider Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövründə dağınıq, siyasiləşmiş dəstələrdən ibarət olan Azərbaycan Ordusu müasir tələblər səviyyəsində yenidən qurulmuş, peşəkar hərbçi kadrların hazırlanması ön plana çəkiliv, Ordumuzda vahid komandanlıq prinsipi təmin edilib.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunan Silahlı Qüvvələrimizin şəxsi heyəti torpaqlarımızın müdafiəsində mətinliklə dayanaraq döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlıq səviyyəsini daim artırır. Bu gün Ordumuzun maddi-texniki bazası möhkəmləndirilir, müasir hərbi texnika və silah-sursatla təminatı yaxşılaşdırılır, hərbi qulluqçuların sosial müdafiəsi daha da gücləndirilir.

Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.

Silahlı qüvvələrin modernləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindəndir. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması Prezidentin Ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir.

Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması həm də belə gərəkli və vaxtında aparılan islahatlarla bağlıdır.

Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə nəticələnən Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər,Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir.

Bu gün Azərbaycan Ordusunun gücünün beynəlxalq ictimaiyyət tərəfindən etiraf edilməsi qürurvericidir. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir.

YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev deyib ki, 1918-ci ilin may ayının 28-də yaranmış və türk-müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ən mühüm qərarlarından biri müstəqil dövlətin varlığının ən böyük qarantı olan güclü ordunun yaradılması istiqamətində olmuşdur. Belə ki, 1918-ci il 26 iyun tarixində Müsəlman korpusunun “Əlahiddə Azərbaycan korpusu” adlandırılması ilə Milli Ordumuzun əsası qoyulmuşdur. Noyabr ayının 1-də hökumətin fərmanı ilə hərbi nazirlik yaradıldı, hərbi kadrlar hazırlamaq məqsədilə Gəncədə hərbi məktəb, bundan əlavə Şuşada isə hərbi feldşer məktəbi yaradılmışdı. Azərbaycanın dəniz sərhədlərinin qorunması üçün 1919-cu ilin yayında Azərbaycan Xəzər Donanması yaradıldı və hərbi donanma üçün xaricdən katerlər, sualtı qayıqlar və başqa avadanlıqlar alındı. Həmçinin bu illərdə Xalq Cümhuriyyəti tərəfindən sərhəd dəstəsi yaradılmışdı. Milli ordunun formalaşması prosesi qısa vaxt ərzində başa çatdırıldı və 40 min nəfərlik nizami ordu yaradılmışdır ki, onun 30 minini piyada, 10 minini isə süvari qoşun təşkil edirdi.

Lakin 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklər tərəfindən bütün dəyərlərimiz kimi ordumuz da ləğv edildi. Azərbaycanda milli ordunun formalaşması prosesi 1991-ci ildə dövlət müstəqilliyimizi yenidən bərpa etdikdən sonra başlanıldı. Lakin müstəqilliyin ilk illəri bütün sahələrdə olduğu kimi ordu quruculuğu işində də dərin böhranlarla yadda qaldı. Milli dövlətçiliyimizin itirilmək təhlükəsi qarşısında qaldığı və ölkənin ağır günlərini yaşadığı bir zamanda xalqımız 1993-cü ilin iyun ayında mövcud hakimiyyətin dəyişməsini təkidlə tələb etmiş və həmin vaxtdan taleyini Ulu Öndər Heydər Əliyevə etibar etmişdir. Xalqının belə bir dar gündə qaldığını görüb onun təkidli dəvətini qəbul edən Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtmışdır. Müdrik və uzaqgörən xalqımızın seçiminin nə qədər doğru olduğu qısa vaxt ərzində Ulu Öndər tərəfindən həyata keçirilən genişmiqyaslı fəaliyyətdə bir daha özünü sübuta yetirdi: "Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı. “Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir” deyən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ilk olaraq bu sahəyə xüsusi diqqət ayırdı. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər məhz Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlı olmuşdur. Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə ikinci dəfə qayıdışı ölkə təhlükəsizliyinin əsas qarantı olan ordumuzun yenidən qurulmasında mühüm mərhələnin başlanğıcını qoydu. Ümummilli Lider Heydər Əliyev ordu quruculuğu sahəsində möcüzə yaradaraq qısa müddət ərzində güclü, intizamlı və vahid komandanlıq ətrafında birləşmiş ordunun yaradılmasına nail oldu.

Sevindirici haldır ki, Ulu Öndərin bu müdrik siyasəti hal-hazırda cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu illər ərzində bütün sahələrlə yanaşı ordu quruculuğu işlərinə xüsusi diqqət yetirilmiş, ordu sıralarında ciddi intizam yaradılmış, ixtisaslı kadrların yetişdirilməsi məqsədilə bir sıra işlər görülmüş və ordumuz ən müasir silahlarla təchiz edilmişdir. Xüsusilə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Aparılmış müdrik siyasətin nəticəsində ölkəmiz bütün sahələrdə inkişaf yolu keçərək regionun ən qüdrətli dövlətinə çevrilmişdir."

Azərbaycan Silahlı Qüvvələrinin təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır. Silahlı qüvvələrin bütün əməkdaşlarını təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətlərində hər birinə uğurlar arzulayırıq!

Cavid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
xalqcebhesi.az

1Mənbələr