AZ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 307                   Bakı şəhəri, 20 iyun 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (V kitab), maddə 1602 (Cild I); 2024, № 1, maddə 109) ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.4-cü bənddə “Protez-Ortopedik Bərpa Mərkəzi” sözləri “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi” sözləri ilə əvəz edilsin. 

2. 2.5-ci bəndə “hazırlanması” sözündən sonra “, dəyişdirilməsi” sözü əlavə edilsin. 

3. 2.6-cı bəndə “müəyyən olunmuş” sözlərindən sonra “istifadə və” sözləri əlavə olunsun və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Şəxsə bu Qaydanın əlavəsinin 1.1.5-ci yarımbəndində göstərilən kosmetik yuxarı ətraf protezi verildiyi halda, bu Qaydanın əlavəsinin 1.1.1-ci, 1.1.2-ci və 1.1.3-cü yarımbəndlərində göstərilən əsas yuxarı ətraf protezlərinin istifadə müddəti 1 il artırılır.”.

4. 2.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.7. Bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş istifadə müddəti bitdikdən sonra reabilitasiya vasitələri Mərkəz tərəfindən yenisi ilə əvəz edilir.”.

5. Aşağıdakı məzmunda 2.7-1-ci, 2.7-2-ci və 2.11-ci bəndlər əlavə edilsin:

“2.7-1. Reabilitasiya vasitələri bu Qaydanın 3-cü hissəsinin müddəaları nəzərə alınmaqla, müəyyən edilmiş təminat müddətində istehsalat qüsuru aşkarlandığı halda, Mərkəzin tibbi-texniki komissiyasının qərarı əsasında Mərkəzin vəsaiti hesabına təmir edilir və ya bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş təmir müddətlərində təmir etmək mümkün olmadıqda yenisi ilə əvəz edilir.

2.7-2. Bu Qaydanın 3-cü hissəsinin müddəaları nəzərə alınmaqla, reabilitasiya vasitələri istifadə müddəti başa çatmazdan əvvəl yararsız vəziyyətə düşdükdə, yaxud Şəxsdə hər hansı bir xəstəlik və ya anatomik-funksional dəyişiklik baş verdikdə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin inkişafı ilə əlaqədar istifadəyə uyğun olmadığı təqdirdə həmin reabilitasiya vasitələri Mərkəzin tibbi-texniki komissiyasının qərarı əsasında dövlət vəsaiti hesabına təmir edilir və ya bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş təmir müddətlərində təmir etmək mümkün olmadıqda isə yenisi ilə əvəz edilir.

2.11. Bu Qaydanın 3.14-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, Şəxsə verilmiş reabilitasiya vasitələrinin satılması və ya bağışlanması qadağandır.”.

6. 3.6-cı və 3.7-ci bəndlər ləğv edilsin.

7. 3.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.8. Təkərli oturacaqlar təyin edilərkən, Şəxsin yaşı, çəkisi və boyu nəzərə alınır. Tibbi göstəriş olduğu halda, Şəxs bir ədəd açıq məkanda istifadə üçün mexaniki və ya mühərrikli, bir ədəd qapalı məkanda (otaqda) istifadə üçün, eləcə də bir ədəd sanitar təchizatlı mexaniki təkərli oturacaqla təmin edilir.”.

8. 3.9-cu bəndin birinci cümləsi ləğv edilsin.

9. 3.12-ci bənddə “Agentlik” sözü “Mərkəz” sözü ilə əvəz edilsin.

10. 3.13-cü bənd ləğv edilsin. 

11. 3.14-3.16-cı bəndlər aşağıdakı redaksiyada verilsin:

“3.14. Minik avtomobili verilmiş Şəxs vəfat etdikdən sonra avtomobil onun ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır və vəfat etmiş Şəxsin ailəsinin mülkiyyətinə verilir.

3.15. Minik avtomobili almış ailəsi (ər-arvad, valideynlər və uşaqlar) olmayan Şəxs vəfat etdikdə, minik avtomobili Sosial Xidmətlər Agentliyi tərəfindən götürülür və növbəlilik siyahısındakı ardıcıllığa uyğun olaraq digər Şəxsə verilir.

3.16. Şəxsə verilmiş təkərli oturacaqlar istifadə müddəti başa çatmamışdan əvvəl yararsız vəziyyətə düşdükdə, Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında Mərkəzin tibbi-texniki komissiyası tərəfindən həmin reabilitasiya vasitələrinə 3 (üç) iş günü müddətində texniki baxış keçirilir, təmiri mümkün olduqda Mərkəzin tibbi-texniki komissiyasının qərarı əsasında təmir olunur və ya bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş təmir müddətlərində təmiri mümkün olmadıqda Mərkəzin tibbi-texniki komissiyasının aktı və Agentliyin qərarı əsasında Mərkəz tərəfindən yenisi ilə əvəz olunur.”.

12. Aşağıdakı məzmunda 3.16-1-ci bənd əlavə edilsin:

“3.16-1. 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə verilmiş təkərli oturacaqlar, istifadə müddəti başa çatmamışdan əvvəl şəxsin inkişafı ilə əlaqədar istifadəyə uyğun olmadığı təqdirdə, onun qanuni nümayəndəsinin müraciəti əsasında həmin reabilitasiya vasitəsi Mərkəzin tibbi-texniki komissiyasının qərarı əsasında Mərkəz tərəfindən yenisi ilə əvəz olunur.”.

13. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavə - “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks- göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri” yeni redaksiyada verilsin (əlavə olunur).

Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
xalqqazeti.az

1Mənbələr