AZ

Prinsipial mövqeyimiz dəyişməzdir

Ekspert sülh prosesində, zərurət yaranarsa, Bakının qətiyyətli addım atmaqdan çəkinməyəcəyinə inandığını söyləyir

Cənubi Qafqazda cərəyan edən son hadisələr, Ermənistan–Azərbaycan münasibətlərinin nizamlanması prosesinə “böyük güclərin” dəyişən reaksiyası fonunda sülhə təhdidlər də müşahidə olunmaqdadır. Sülhə aparan yolda son vaxtlar şahidi olduğmuz Qərbin təqdirləri, həm də məlum maneələrin səbəbləri ilə bağlı “XQ”-nin suallarını Qərbi Kaspi Universitetinin professoru, tanınmış politoloq Fikrət Sadıxov cavablandırır. 

– Fikrət müəllim, son vaxtlar ənənəvi ermənipərəst düşərgənin keçmiş münaqişənin nizamlanmasına münasibətdə mövqe dəyişikliyi hiss olunmaqdadır. Sülh danışıqlarının vasitəçisiz formatda aparılması, sərhədin bir hissəsinin delimitasiyası, Ermənistanın dörd kəndimizi geri qaytarması Vaşinqton, Paris və Avropa İttifaqı tərəfindən təqdir olundu. ABŞ Prezidentinin məktubu, Dövlət katibinin telefon zəngi kənar müşahidəçidə maraqlı assosiasiyalar doğurur. Nə baş verir? 

– Həmin ermənipərəst düşərgənin münaqişə tərəflərinə əvvəlki ikili standartdan fərqli, obyektiv yanaşmasının səbəbi Azərbaycanın nümayiş etdirdiyi prinsipial və qətiyyətli siyasi mövqeyidir. Artıq bu reallığı ABŞ da gözəl bilir, Fransa və Avropa İttifaqı da. Bakı İrəvanla sülh danışıqlarında kənar vasitəçilərə ehtiyac duymadığını dəfələrlə bəyan etmişdi. Onlar tərəflərə yalnız danışıqlar üçün meydança təklif edə bilərlər. Yəni, üçüncü dövlətin, vasitəçinin iştirakı olmadan birbaşa danışıqlardan söhbət gedir. Bu mövqeyi sülh təşəbbüskarı roluna iddialı həmin ölkələr, eləcə də rəsmi İrəvan qəbul etməli oldu. Adlarını çəkdiyimiz kənar aktorların iki ölkə arasında sərhədin delimitasiyası, işğaldakı dörd kəndimizin geri qaytarılmasına düzgün reaksiyaları məhz dediyimiz əsas səbəblə bağlıdır. Amma, eyni zamanda, Azərbaycan ədalətin sona qədər bərpa olunmasını görmək istəyir. Bu isə hələ də erməni işğalında qalmış daha dörd kəndimizin də geri qaytarılması deməkdir. Göründüyü kimi, Nikol Paşinyan bu məsələnin həllində hələ də çapalayır. İş o yerə çatıb ki, Ermənistan baş naziri referendum keçirmək qərarını açıqlayıb. Bəli, onların konstitusiyasında Azərbaycan torpaqlarına iddianın yer aldığı müddəa aradan qaldırılmayıb, Zəngəzur dəhlizi də açılmayıb. Sülh sazişinin belə şərtlər daxilində imzalanması, əlbəttə ki, Azərbaycanın maraqlarına cavab vermir. Hesab edirəm ki, biz prinsipial mövqeyimizdə qalmalı və zərurət yaranarsa, qətiyyətli addımları atmalıyıq. 

– Bəs kollektiv Qərbin, okeanın o tayındakı supergücün mövqelərindəki yumşalma prosesi ilə paralel olaraq Ermənistanın silahlandırılmasını necə izah edərdiniz?

– Hazırda Ermənistanı hərbi texnika və silah-sursatla təmin edən əsas iki dövlət var. Bunlar Fransa və Hindistandır. Bu məsələdə Fransa özəl mövqeyə sahibdir. Həmin mövqeyin mahiyyəti ondan ibarətdir ki, bütün vasitələrdən istifadə etməklə Rusiyanı bölgədən uzaqlaşdırsın. Bu zaman Paris həm Cənubi Qafqazda mövqeyini möhkəmləndirmək, həm də Ermənistanı öz tərəfinə cəlb etmək barədə düşünür. Yelisey sarayının Türkiyəyə qarşı məkrli planları həyata keçirməyə çalışdığını da bilirik. Paris Türkiyənin regionda artan nüfuzundan çox narahatdır. Azərbaycanla Türkiyə arasında yeni hərbi alyansın yaranması isə Fransanı təşvişə salır. Məsələnin başqa tərəfi isə Hindistanın planlarının nədən ibarət olmasıdır. Dehli, sadəcə olaraq, Azərbaycanda Pakistanın mövqeyinin möhkəmləndiyini görür və məhz buna görə Ermənistanı dəstəkləmək yolunu tutub və onu silahlandırır. Bunlar adi gözlə görünən amillərdir və bölgədə marağı olan hər bir ölkə özünün siyasi-iqtisadi prioritetini həyata keçirməyə çalışır. Aydın məsələdir ki, bu durum Ermənistanı qane edir. Çünki rəsmi İrəvan mövcud durumda Rusiyadan mümkün qədər tez uzaqlaşmaq istəyir. Hər halda bu istəyini açıq şəkildə, həm də dəfələrlə bəyan edib. Neçə müddətdir ki, Ermənistan KTMT-nin toplantılarına qatılmır, birgə hərbi təlimlərdə iştirak etmir, quruma üzvlük haqqını ödəmir. Görünür, İrəvan belə hesab edir ki, məhz bu yolla Moskvadan tam uzaqlaşa biləcək. 

– Rəsmi İrəvan ölkə konstitusiyasında qonşularına ərazi iddialarını aradan qaldırmaq əvəzinə, Azərbaycanın Əsas qanunu ilə paralellər aparmağa çalışır. Sülh sazişinə ayrıca maddə əlavə etməklə bu beynəlxalq hüquq pozuntusuna əncam çəkiləcəyini bildirir. Dünya praktikasında belə bir presedent varmı?

– Xeyr, dünya praktikasında belə bir hüquqi presedent yoxdur. Hər halda biz belə bir halla üzləşməmişik. İndi işğalçı tərəfin öz konstitusiyası ilə Azərbaycanın Əsas qanunu arasında paralellər aparmaq, müqayisə etmək, bərabərlik işarəsi qoymağa çalışması tamamilə absurd iddiadır. Azərbaycanın heç bir qanunvericilik aktında Ermənistana qarşı ərazi iddiasının yer aldığı maddə, müddəa yoxdur. Amma hayların konstitusiyasında Qarabağla, onun statusu ilə bağlı konkret maddə var. Ermənistan parlamenti otuz iki il əvvəl bu qərarı qəbul edib. İndi istəyirlər referendum keçirmək yolu ilə, yaxud parlamentin xüsusi qərarı ilə bu qanunsuz iddiaları aradan qaldırsınlar. Həmin təcavüz maddəsi konstitusiyadan və müstəqillik Bəyannaməsinin preambulasından çıxarılmalıdır. Əks-təqdirdə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin nə hüquqi, nə də siyasi cəhətdən faydası olacaq. 

– Bölgədə cərəyan edən son hadisələrə İranın susqunluğu maraq doğurur...

– Rəsmi Tehranın Ermənistan – Azərbaycan münaqişəsinə, eləcə də İrəvanın yürütdüyü daxili və xarici siyasətinə yanaşmasında yeni bir şey görmürük. İran Ermənistanla münasibətləri daim yaxınlaşdırmağa çalışıb. İİR rəhbərliyi düşünür ki, eyni regionda yerləşən iki dövlətin maraqlarının üst-üstə düşdüyü məqamlar çoxdur. Fəqət ortadakı reallıq tamamilə fərqli mənzərəni nümayiş etdirir. Əgər İrəvan Rusiyadan uzaqlaşmağa, Qərbə söykənməyə meyillənirsə, Fransa və Yunanıstanla yaxınlıq edirsə və bütün bunlara Tehran göz yumursa, deməli ortada qeyri-səmimi yanaşma mövcuddur. Doğrudur, Azərbaycanın İranla, deyilənlərə aidiyyatı olmayan özəl münasibətəri var.

İranın mərhum Prezidenti İbrahim Rəisinin Araz çayının üstündə Azərbaycan Prezidenti İlham Əliyevlə sonuncu görüşündən sonra ikitərəfli münasibətlərin normal məcraya düşməsindən danışa bilərik. Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı əldə olunan razılıq, eləcə də strateji obyektlərin inşası barədə imzalanan müqavilələr ölkələrarası münasibətlərin qaydasına düşdüyünü deməyə əsas verir. Təkcə İranla deyil, yuxarıda adlarını çəkdiyimiz ölkələrlə Azərbaycan dost və müttəfiq olmağa çalışır. Əlbəttə ki, bu zaman Bakı həm nəzəri, həm də praktiki cəhətdən özünün prinsipial mövqeyini qarşı tərəfin nəzərinə daim çatdıracaq. Bəli, İran bizim cənub qonşumuzdur və orada milyonlarla soydaşımız yaşayır. Eyni zamanda onu da unutmamalıyıq ki, İranın Ermənistanla münasibətləri səciyyəvi xarakter daşıyır. Məhz bu səbəbdən Tehranla təmaslarımızda həssas və ehtiyatlı davranmalıyıq. 

– Paşinyan COP29-a qədər sülh sazişinin imzalanacağına əmin olduğunu bildirib. Bunu yaxın perspektivin reallığı saymaq olarmı? 

– Əgər Nikol Paşinyan özlərinin konstitusiyasına zəruri düzəlişləri etməyi bacararsa, işğal altındakı dörd anklav kəndimizi qeyd-şərtsiz qaytararsa, üstəgəl Zəngəzur dəhlizinin açılması istiqamətində əməli addımlar atarsa sülh sazişi nəinki COP29-a qədər, hətta bu günlərdə də imzalana bilər. Yəni, sülhə aparan bütün şərtlər İrəvanın yürüdəcəyi xətt və Paşinyanın siyasi iradəsi ilə bağlıdır. Ermənistan hakimiyyəti bunu dərk etməli və düzgün nəticə çıxarmalıdır. Hesab edirəm ki, indiki şəraitdə İrəvan sülh müqaviləsinin şərtlərinə əməl etməsə, Bakı təzyiqi davam etdirməlidir. Və bu təzyiq bütün istiqamətlərdə və real nəticə əldə olunana qədər gündəmdə qalmalıdır. 

Təqdim etdi: 
İmran BƏDİRXANLI
XQ 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
xalqqazeti.az

1Mənbələr