AZ

Kollektiv Qərb Fransadan narazıdır

Uorlik Parisi nədə ittiham etdi?

Fransanın Ermənistana silah tadarükü narazılıq doğurmaqdadır. Onsuz da lap əvvəldən belə bir görüntü var idi ki, Paris Azərbaycana qarşı oyunu təkbaşına qurub. Yəni, kollektiv Qərbdə mövcud istiqamətdə yekdil fikir olmayıb. Çünki ölkəmiz, kifayət qədər, düşünülmüş xarici siyasət kursu yerinə yetirir. 

Bəli, Azərbaycan – Ermənistan sülh gündəminin aktual olduğu bir dövrdə Parisin İrəvanı silahlandırmasında fərdi motivlər nəzərə çarpırdı. Hiss olunurdu ki, götürülmüş sülh kursu Fransa hakimiyyətini qane etmir. Niyə qane etmir, bu barədə söz açacağıq. Ölkənin təbliğat vasitələrinin Azərbaycan əleyhinə hədyanlarını da diqqətə çatdıracağıq. Hələlik isə başlıca məqama keçid alaq. 

Fransanın Ermənistana silah tədarükü Bakı və İrəvan arasındakı münasibətlərdə yeni təxribatçı elementdir. Bunu erməni mediasına açıqlamasında ATƏT-in artıq canını tapşırmış Minsk qrupunun amerikalı keçmiş həmsədri Ceyms Uorlik deyib. Bəli, cənab Uorlik heç vaxt olmadığı qədər haqlıdır. Tam aydındır ki, indiki durumda Parisin İrəvanı silahlandırması, istər-istəməz, fərqli assosiasiya doğuracaq. Üstəlik, proses mənfi nəticəsini anında göstərir. Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulur. Deməli, Fransa Ermənistanı illüziya bataqlığına çəkməkdə davam edir. Belə görünür, bu bataqlıqdan çıxış yoxdur. O da görünür ki, Uorlik də qeyd etdiyimiz məqamı əsas tutur. O deyir ki, Fransa Ermənistanla silah tədarükü ilə bağlı müqaviləni ikincinin Azərbaycanla sülh sazişi imzalamasından sonra bağlamalı idi: “...Təəssüf ki, sülh sazişinin bağlanmasına yaxınlaşdıqca, belə bir addım tərəfləri çaşdırır və danışıqları daha da çətinləşdirir”.

Durumun çətinləşməsindən ən böyük ziyanı isə Ermənistan görəcək. Ancaq rəsmi İrəvan məsələnin fərqində deyil və Fransanın oyunlarında alətə çevrilməkdə davam edir. Parisin oyunları isə “rəngarəngliyi” ilə seçilir. 

Hazırda prezident Emmanuel Makron administrasiyası tam şəkildə anti-Azərbaycan təbliğatına köklənib. Bu köklənişin müxtəlif təzahür formaları var. İlk növbədə media amilini vurğulamalıyıq. Məsələn, Fransanın “Le Monde” nəşri çox yaramaz tərzdə, heç bir fakta və sübuta əsaslanmadan bildirir ki,  Azərbaycan istər Yeni Kaledoniyada, istərsə də Korsikada Parisin maraqlarına qarşı hücum çəkir. Nəşr bunun Fransanın Ermənistanı dəstəkləməsindən irəli gəldiyini vurğulayır. O zaman sual yaranır: Paris nə üçün İrəvanı dəstəkləyir? Ona görə ki, “məzlum” erməniləri Azərbaycandan qorumaq niyyətindədir? Əlbəttə, məsələ heç də bunda deyil. 

Qeyd edək ki, Fransanın Ermənistana dəstək ritorikasının ziyanlı tərəfləri ilə bağlı erməni cəmiyyətində də oturuşmuş fikir formalaşıb. Bu fikrin meydana çıxması yalnız indinin söhbəti deyil. Bir neçə ildir ki, ayrı-ayrı erməni siyasi ekspertləri və icmalçıları bu barədə, az qala, bar-bar bağırırlar. Onlar əvvəllər deyirdilər ki, Parisin İrəvanı Bakı ilə konfliktə təhrik etmək yönümlü dəstək bəyanatları boş söz yığınından başqa bir şey deyil. O zaman həmin eskpert və politoloqlar ən doğru dəstəyin silah-sursat yardımı olduğunu vurğulayırdılar. Rəsmi Parisin təmsilçiləri isə bildirirdilər ki, NATO üzvü olan Fransanın Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü Ermənistanı silahlandırması düzgün deyil. Ancaq ardınca bu deyimdən uzaq dayanıldı. Paris İrəvanı sınıq-salxaq, mənasız döyüş texnikası və silahlarla təmin etdi. Lakin bu da heç bir nəticə vermədi. Azərbaycanın qətiyyətli davranışları Ermənistanı sülhə doğru irəliləmək məcburiyyətində qoydu. 

Amma görünür, nə Fransa, nə də Ermənistan keçmişin dərslərindən nəticə çıxarmaq niyyətindədirlər. Hazırda Paris həm İrəvanı silahlandırır, həm də ümumən Avropanın ictimai rəyində ölkəmizlə əlaqədar mənfi rəy formalaşdırır və haqqında söz açdığımız “Le Monde”də yayımlanmış yazı da bunun növbəti göstəricisidir. Məqsəd eynidir – Cənubi Qafqazda sülh prosesini pozmaq. Yəni, Uorlik tam haqlıdır. Ermənistana silah tədarükü həmin məqsədin bir, media vasitəsilə Azərbaycanın mənfi obrazının formalaşdırılması isə digər elementidir.

Diqqət yetirək, “Le Monde” Qafqaz ölkəsi Azərbaycanın Fransaya münasibətdə düşmənçilik xətti seçdiyini önə çəkir. Nəşr vurğulayır ki, Fransa hakimiyyətinin Azərbaycanın Yeni Kaledoniyaya müdaxiləsi ilə bağlı son aylarda qəzəblənməsi sürpriz ola bilər. Çünki əvvəl Qafqaz ölkəsindən gələn təhlükənin reallığı şübhə doğururdu: “Bununla belə, regional və ya ərazi separatizminin şiddətlənməsinə və Fransanın maraqlarına qarşı yönəlmiş hücumlar çoxlarını inandırıb ki, Bakının məqsədi başqa xalqların öz müqəddəratını təyinetmə hüququnu qorumaqdan kənara çıxır”.

Ardınca isə fransız nəşri yazır ki, Bakının strategiyası keçmiş Sovet İttifaqının İkinci Dünya müharibəsindən sonra demokratiyaları sarsıtmaq tarixinin bir hissəsidir. Hər halda, bundan cəfəng məntiq ola bilməz. Belə bir sərsəm ritorikaya üstünlük verilməsi, eyni zamanda, mövcud xüsusda Azərbaycan tərəfindən, guya, sabiq SSRİ-nin Dövlət Təhlükəsizliyi Komitəsinin (“KQB”) üsullarından istifadə edildiyinin bildirilməsi onu göstərir ki, Fransanın ictimai fikrində, belə demək mümkünsə, təfəkkür qıcqırması gedir. 

Əlbəttə, hər şey aydındır. “Le Monde” dünyanın anti-sovet baxışlarını Azərbaycan fonunda körükləmək niyyəti güdür. Fransanın Ermənistana yardımı sanki məzluma dəstək kimi göstərilir. Əlbəttə, Parisin Cənubi Qafqaz maraqlarının üzərindən keçilməklə. Göründüyü kimi, ortada Fransa adına son dərəcə rəzil və miskin mənzərə var. Dünyanın mütərəqqi ölkəsi olduğunu bəyan edəsən, bəşəri dəyərlərdən danışasan, yekunda belə bir primitiv siyasi texnologiyaya baş vurasan. Makronun ölkəsini endirdiyi səviyyə budur. 

Bəli, bu mənzərə nə üçün formalaşıb, səbəb bəllidir. Bütün qlobal oyunçular tərəfindən qeyri-ciddi qarşılanan Fransa çalışır ki, Ermənistana öz mənafelərinin təminatı naminə göstərdiyi dəstəyi həm müqəddəsləşdirsin, həm də diqqəti əsas məsələdən, yəni lokal Qafqaz maraqlarını gerçəkləşdirmək niyyətindən yayındırsın. Nəzərə alaq ki, Parisin məqamı kollektiv Qərbin digər oyunçuları tərəfindən dəstəklənmir. Çox güman, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri C.Uorlik məhz bu səbəbdən meydandadır. O, durumun fərqindədir. Sadəcə, diplomat etika xatirinə təfərrüatlara varmır. Yalnız konkret, üzdə olan məsələdən söz açır. Yəni, Fransanın Ermənistana silah tədarükünün yolverilməzliyindən və bunun sülh prosesinə mənfi təsirlərindən. 

“Le Monde” isə yazır ki, Azərbaycan 2023-cü ilin iyulunda Fransanın dənizaşırı ərazilərində müstəqillik hərəkatının tərəfdarlarını fransız “neokolonializminə” qarşı qüvvələri birləşdirməyə çağıran Bakı Təşəbbüs Qrupunun yaradılmasını dəstəklədi. Görünür, ölkəmizin prinsipial xətti Parisi narahat etməkdədir. 2024-cü ilin əvvəlində Azərbaycan Milli Məclisinin Korsikanın, eləcə də Yeni Kaledoniya və Fransız Polineziyasının müstəqilliyinin tanınmasına dair çağırışı da həmçinin. Nəşr Fransa rəsmilərinin Azərbaycanın Yeni Kaledoniyanın işlərinə qarışmaqda ittihamına da yer ayıraraq dramatizmi bir qədər gücləndirib. 

Ə.RÜSTƏMOV
XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
xalqqazeti.az

1Mənbələr