AZ

106 yaşlı Azərbaycan Ordusu: Zəfərin təminatçısıdır – Professor

106 illik tarixində çox çətin və şərəfli bir inkişaf yolu keçən Ordumuz öz Şanlı Qələbəsi ilə nəinki ölkəmizin, eləcə də, dünyanın hərb tarixində xüsusi yer tutur. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla bütün zabit və əsgər heyətini bu gün münasibətilə təbrik edir, Azərbaycan dövlətçiliyinin inkişafına, müdafiəsinə yönəlmiş müqəddəs fəaliyyətlərində sonsuz uğurlar arzulayıram. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.

Bunu Teleqraf.com Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan hər zaman özünün görkəmli sərkərdələri, hərbi xadimləri ilə tanınıb: “Bu mənada xalqımız özünün tarixi hərbi uğurları ilə fəxr edə bilər. Ümumiyyətlə Azərbaycanın hərb sənətinin tarixi çox qədimdir. Bir çox nümunələr göstərmək olar. Məsələn: Girdman dövlətinin başçısı Cavanşir həm də sərkərdəlik bacarığı ilə seçilirdi. 816-837 illər arasında məşhur sərkərdəmiz Babək ərəb işğalçılarının 6 ordusunu darmadağın edib. Bu qələbələr bir sərkərdə kimi məhz onun həyata keçirdiyi strategiya nəticəsində əldə olunmuşdu. Erkən orta əsrlərdə Şəmsəddin Eldəniz, onun oğlu Məhəmməd Cahan Pəhləvan, Qara Yusif, Uzun Həsən kimi hökmdar və sərkərdələrimiz də qələbə çaldıqları döyüşləri həyata keçirdikləri xüsusi taktikalar vasitəsilə əldə ediblər. Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai 14 il ərzində az qüvvə ilə 14 vilayəti özünə tabe etməyə nail olub. İstər XIX, istərsə də XX əsrdə baş verən bir sıra müharibə və münaqişələrdə iştirak edərkən ayrı-ayrı Azərbaycan hərbçiləri müəyyən taktika və özünəməxsus hərbi strategiyaları ilə fərqləniblər. Bakıda Bakıxanovlar, Qazaxda Şıxlinskilər və Vəkilovlar, Qarabağda Cavanşirlər, Naxçıvanda Kəngərlilər, Gəncədə Cavadxanlar və digər bölgələrdə yaşayan nəsillər içərisindən çıxmış generallar Azərbaycan xalqının şan-şöhrətini bütün dünyaya yayıblar. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsindən sonra hökumətin qarşısında duran mühüm vəzifələrdən biri də müstəqil milli ordunun formalaşdırılması və bu ordunun respublikanın müstəqilliyini qorumağa qadir olan bir qüvvəyə çevrilməsi idi. 1918-ci ilin iyun ayının 26-da Milli Ordunun yaradılması hələ ötən əsrin əvvəllərində əldə olunan müstəqilliyimizin bəhrəsi idi. Azərbaycanın ordu quruculuğu sahəsində əldə etdiyi nailiyyətlər böyük tarixi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, sovet hakimiyyəti dövründə azərbaycanlı gənclər hərbi xidmətə çağırılsalar da, onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Əlbəttə ki, burada əsas məqsədi azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə maneə olmaq idi. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Ulu Öndər Heydər Əliyev XX əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olub. Bu hadisə azərbaycanlıların döyüş ruhunun inkişaf etdirilməsində mühüm rol oynayıb. Ordu quruculuğunda bu məktəbin rolu böyükdür. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olub. Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu bu liseyin yetirmələridir”.

Komitə sədri bildirib ki, 1991-ci ildə yenidən müstəqilliyimiz bərpa olunsa da, ölkə daxilində hakimiyyətsizlik, xaos, siyasi çəkişmələr, ordunun iflic vəziyyətində olması, ərazilərin işğalı, ölkənin parçalanması və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı: “Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkədə həyatın bütün sahələrində islahatlar aparılmağa başlanıldı, vəziyyət getdikcə stabilləşməyə başladı. O, ölkə rəhbərliyinə yenidən qayıdışından sonra Silahlı Qüvvələr quruculuğu istiqamətində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Birinci Qarabağ müharibəsi zamanı cəsur, igid hərbiçilərimiz olsa da, vahid ordu, nizam-intizam, güclü iqtidar yox idi. Ölkədə yaranmış xaos, anarxiya vəziyyətində nizami ordudan söhbət belə gedə bilməzdi. Lakin Ulu Öndər yenidən hakimiyyətə qayitdıqdan sonra digər sahələrdə olduğu kimi ordu quruculuğu islahatlarına başlanıldı. 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin 3-cü ildönümünə həsr olunmuş təntənəli yığıncaqda qeyd etdiyi kimi “Bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var, Azərbaycanın qəhrəman Milli Ordusu var, Azərbaycanın dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var”. 2001-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinin birinci buraxılışına həsr olunmuş mərasimdə çıxışı zamanı Ümummilli Liderimiz Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrini misal çəkir, Azərbaycan əsgərinin məhz Türki əsgərinə bənzəməsini xüsusi ilə vurğulayırdı: “Azərbaycan əsgəri gərək hər şeydə türk əsgərinə bənzəməyə çalışsın. Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin, onun əsgərlərinin bütün başqa keyfiyyətlərdən əlavə, ən yüksək keyfiyyəti Vətənə, millətinə, torpağına daim sədaqət hissi ilə yaşaması və xidmət etməsidir. Bu, hər bir ölkənin əsgərinin borcudur”.

Millət vəkili hesab edir ki, Ali Baş Komandan, Prezident cənab İlham Əliyev bu siyasət daha da gücləndirilərək qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Dövlətimizin siyasi və iqtisadi baxımdan davamlı inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlamaq üçün əsaslı bir təminatdır. Ötən müddət ərzində büdcə xərclərinin böyük bir hissəsi hərbi xərclər olub. Azərbaycan bir çox ölkələrdən hərbi silah və sursatlar, hərbi-texniki maşınlar alırdı. Lakin biz təkcə bu silahları ixrac etmədik, eyni zamanda özümüz də istehsal etməyə başladıq. Ölkə başçısının Sərəncamı ilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinnin yaranması da strateji əhəmiyyət daşıyırdı. Ölkəmizdə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və əldə olunan nailiyyətlər dünya miqyasında da qəbul edilir. Azərbaycan bir çox ölkələrdən silah və hərbi texniki avadanlıqlar alır və eyni zamanda, özü də istehsal edir. Bu isə dünyanın aparıcı dövlətlərinin Silahlı Qüvvələri ilə rəqabət aparmaq gücündə olan ordumuzun daha da güclənməsinə təkan verir. Ümummilli Lider Heydər Əliyev deyirdi ki, “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”. Bu ideyanı cənab İlham Əliyev daha da inkişaf etdirərək güclü ordu formalaşdırdı. Elə bir ordu ki, həm cəsarəti, həm igidliyi, həm də humanizmi ilə dünyada yeni bir əsgər, zabit obrazı yaratdı. Ulu Öndər deyirdi ki, “Möhkəm, daimi sülh üçün müstəqil dövlətin, ölkənin güclü ordusu olmalıdır”. Prezident, Ali Baş Komandan İlham Əliyev də qeyd edirdi ki, sülhə nail olmaq üçün birinci yol hərbi, ikinci yol isə siyasi və iqtisadi olmalıdır. 44 günlük Vətən müharibəsi və 23 saat davam edən lokal xarakterli anti-terror əməliyyatı Azərbaycan Silahlı Qüvvələrinin gücünü, hərbi qabiliyyətini, hazırlığını bir daha bütün dünyaya nümayiş etdi. Ordumuz XXI əsrin müharibəsini apardı. Artıq dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir. Dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər. Rəşadətli ordumuz çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında elm, peşəkarlıq, hərbi məharət göstərərək, erməni işğalçılarını məhv edərək, torpaqlarımızı azad etdi. Vətən müharibəsini zəfərlə başa çatdıran ordumuz uğurlarla yanaşı, çatımazlıqlar, qüsurlar da çevik şəkildə təhlil olunur və aradan qaldırılırdı. Müharibənin gedişi zamanı Ali Baş Komandan İlham Əliyev tərəfindən Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən operativ müşavirə də bunun bariz nümunəsi idi”.

Professor vurğulayıb ki, 5-ci nəsil müharibəsini aparan Ordumuz tərəfindən hərbi əməliyyatlar zamanı silah və sursatların ehtiyaclılıq səviyyəsi bir daha təcrübədən keçirildi: “Bu da gələcəkdə hərbi xərclərin və hərbi təyinatlı məhsulların istehsalında daha düzgün və real qərarların qəbul edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Bu məsələyə xüsusi münasibət bildirən cənab İlham Əliyev qeyd edir ki, “Bu döyüşlər bizim üçün böyük təcrübədir. Biz gördük ki, hərbi arsenalımızda olan bəzi silahlar bəzi hallarda müasir döyüşlərdə o qədər də lazım olmur. Əksinə, biz bu gün yüksək texnoloji mərhələyə qədəm qoymuşuq və əlbəttə ki, texnologiyalar, peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin edir”. Ancaq, bununla yanaşı, bu müharibənin Qalibi var. O da torpaqlarımızı işğalçılardan azad edən, sərhədlərimizi qoruyan, hər bir vətəndaşımızın əmin-amanlığının, sakit həyatının keşiyində dayanan bizim mərd, cəsarətli əsgərlər və zabitlərimizdir. Onlar bu Vətən üçün, üçrəngli Bayrağımız üçün canlarını, sağlamlıqlarını fəda edirlər. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman hərbiçilərin, müharibə veteranları və qazilərinin, eyni zamanda, şəhid ailələrinin rifahı və sosial müdafiəsi üçün bütün imkanları yaradırlar. “YAŞAT” Fondu, Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları da bu prosesdə fəal iştirak edir. Hər birimiz dərk edirik ki, biz Qarabağın azad edilməsi, torpaqlarımızın erməni faşizmindən təmizlənməsi və ərazi bütövlüyümüzün təmin olunmasına görə şəhidlərimizə, qazilərimizə, Azərbaycan əsgəri və zabitinə borcluyuq! Qalib xalqın vətəndaşı, qalib Ordunun əsgəri olmaq böyük şərəf və məsuliyyətdir. Bir daha Ali Baş Komanda, Prezident cənab İlham Əliyev başda olmaqla Azərbaycan xalqının qüdrətli Ordusunun mərd zabit və əsgərlərini təbrik edirəm”.


Müəllif: Tapdıq Qurbanlı
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
2
teleqraf.com

3Mənbələr