AZ

Yerli şirkətlərin tanıtım sərgisi

Bakı Ekspo Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə 5-ci Yerli şirkətlərin tanıtım sərgisi öz işinə başlayıb. Sərginin açılışına həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər. 

Açılış mərasimində çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, bu il Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsi, həmçinin 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi “yaşıl” iqtisadiyyata transformasiya sahəsində təşəbbüslərin daha da artırılması üçün fürsətlər yaradır. Onun sözlərinə görə, bu həm ölkəmizin imicinin artırılması, həm də sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi və biznes proseslərinin müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından əhəmiyyətlidir. Yaşıl və resurs-səmərəli texnologiyaların və davranışların tətbiqinin bizneslərin xərclərinin azalmasına, rəqabət qabiliyyətinin artırılmasına və məhsuldarlığının yüksəldilməsinə imkan yaratdığını diqqətə çatdıran nazir müavini bildirib ki, ölkəmizdə 5-ci dəfə keçirilən Yerli şirkətlərin tanıtım sərgisi də müvafiq sahədə mütərəqqi təcrübələri nümayiş etdirmək və bizneslərin şəbəkələşməsi ilə onlar arasında təcrübə mübadiləsini təşviqi üçün mühüm platforma təmin edir. 

S. Məmmədov ölkə iqtisadiyyatına əlavə investisiyaların yatırılması, həmçinin öz məhsullarını nümayiş etdirən şirkətlərin alıcılarla yanaşı, potensial investorların da cəlb edə bilməsi imkanlarını sərginin müsbət məqamı kimi dəyərləndirib. Qeyd olunub ki, Azərbaycan kifayət qədər əlverişli investisiya mühitinə malikdir və bu nüfuzlu beynəlxalq hesabatlarda və reytinqlərdə də özünü göstərir. “Beynəlxalq Valyuta Fondu hesabatında Azərbaycanı 2024-cü il üçün dünyanın 7 ən cəlbedici investisiya ölkəsindən biri elan edib. Mövcud rəqəmlər də ölkə iqtisadiyyatına investisiya qoyuluşunda artım dinamikasının davam etdiyini göstərir. Ümidvaram ki, milli şirkətlərimizin qazandığı uğurların nümayiş olunduğu Yerli şirkətlərin tanıtım sərgisi yeni işgüzar əlaqələrin qurulmasına və inkişafına öz müsbət töhfəsini verəcək”, – deyə o əlavə edib.

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov isə qeyd edib ki, dövlət sahibkarlığın inkişaf etdirilməsi istiqamətində böyük addımlar atır, nəticədə sahibkarlıq subyektlərinin sayı artır ki, bu da əhalinin sosial vəziyyətinin yaxşılaşmasında və iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayır. Biznes subyektlərinin artmasını iqtisadi inkişafın əsasını təşkil etdiyini vurğulayan KOBİA rəhbərinin dediyinə görə, 2 il əvvəl ölkədə 4 minə yaxın sahib­karlıq subyekti qeydiyyata alınmışdısa, hazırda onların sayı 5 min 300-ə çatıb. O da bildirilib ki, ötənilki sərgidə 100 şirkət iştirak etdiyi halda, bu il onların sayı ­200-ü keçib. Bu da həm tədbirin əhəmiyyətinin, həm də  ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin göstərisidir.  

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xəliyev isə çıxışı zamanı deyib ki, rəhbərlik etdiyi qurum  sahibkarlar üçün maliyyə mexanizmlərini daha əlçatan etmək niyyətindədir. Onun sözlərinə görə, 2023-cü ildə Azərbaycan Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit verilib. Qeyd olunub ki, fond növbəti illərdə daha çox sahibkarı maliyyələşdirməyi nəzərdə tutur ki, bu zaman banklardan götürülmüş kreditlər üzrə 90 faizədək dövlət zəmanəti veriləcək. Fond rəhbəri, həmçinin sahibkarlar üçün nəzərdə tutulmuş kreditlərə tətbiq ediləcək digər güzəştləri də diqqətə çatdırıb.

Tədbirdə, həmçinin Milli Məclisin deputatı Tahir Mirkişili, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü Fərid Hidayətzadə, “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası” İctimai Birliyinin və “Marsol Group”un İdarə Heyətinin sədri Tural Mustafayev çıxışlarında ölkəmizdə sahib­karlığın inkişafı, özəl sektora göstərilən dəstək tədbirləri, yerli məhsulların ixrac imkanları, sərgilərin məhsul və xidmətlərin tanıdılmasında və biznes subyektlərinin bazarlara çıxışında önəmi barədə fikirlərini bölüşüblər.

Sahibkarlığın İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, “Kapital Bank” ASC, eləcə də dövlət və özəl təşkilatlar sərginin tərəfdaşları sırasındadır. KOBİA bu dəfə də sərgidə kiçik və orta biznes subyektlərinin ödənişsiz olaraq iştirakına dəstək məqsədilə ayrıca stendlə təmsil olunur. Stenddə kənd təsərrüfatı, İKT, təhsil, xidmət, tekstil, suvenir, keramika istehsalı, sənaye və s. sahələrdə fəaliyyət göstərən 10 KOB subyektinin məhsul və xidmətlərini təqdim etməsi üçün şərait yaradılıb. Bütövlükdə isə, sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirir. 

Sərginin əsas məqsədi isə Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Ziyarətçilər sərgidə müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlərin yeni məhsul və xidmətləri ilə də yaxından tanış olurlar. 

Xatırladaq ki, Yerli şirkətlərin tanıtım sərgisi 2019-cu ildən etibarən keçirilir. Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq, satış imkanlarını genişləndirmək və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. İyunun 26-dək davam edəcək sərgi həmçinin iş adamları, sahibkarlar və təchizatçı şirkətlər arasında yeni əməkdaşlıqların qurulmasına imkan verəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
11
xalqqazeti.az

10Mənbələr