AZ

Muxtarov – diplomsuz neft mühəndisi, unudulmaz xeyriyyəçi

Bakı milyonçularının əksəriyyəti bu məqama fəhləlikdən yüksəliblər. Onlardan biri də Murtuza Muxtarov olub. Onun adı Bakı milyonçuları Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev və Şəmsi Əsədullayevdən sonra gəlir. 

Bakıda neft çıxarılması texnologiyasının inkişafı daha çox onun adı ilə bağlıdır. Heç bir texniki və ali təhsili olmasa da, həm neft yataqlarının, həm də qazma işlərinin sirrini o dövrdə neft maqnatlarının hamısından yaxşı mənimsəyib. Hər bir sənətin ölçüyə-biçiyə gələn cəhətləri və texnologiyası var. Eynilə hər bir sənətin də fitri istedadla bağlı daxili, sirli cəhətləri olur. Murtuza Muxtarovun uğurlarında fitri istedadı və işə həssaslıqla yanaşması böyük rol oynayıb. O, diplomsuz neft mühəndisi kimi böyük ad-san qazanıb. Neft sənayesi sahəsində özünün ixtiraları ilə şöhrətlənib. 

Murtuza Muxtarova qədər qazma işləri primitiv üsullarla aparılıb. Ona görə də qazma işlərini xüsusi üsulla idarə edən avadanlıqlar quraşdırıb. Hətta, həmin avadanlıqlara görə, patent də alıb. Onun yaratdığı “Podrat qazma” idarəsi Balaxanı, Suraxanı, Ramanı və Sabunçuda neft quyularının qazılmasında əhəmiyyətli rol oynayıb. Həmin ərazilərdəki neft quyularının çoxu onun idarəsi tərəfindən qazılıb. Bununla yanaşı, Murtuzanın xüsusi neft mədənləri olub. Vaxtilə “Muxtarovka” adlanan ərazidəki əksər neft quyuları Murtuza Muxtarova məxsus olub.

Murtuza Muxtarov 1865-ci ildə Bakının Əmircan kəndində anadan olub. Kiçik yaşlarından özünü zəhmətə alışdırıb. Suvaqçılıq edib, əl arabası ilə neft daşıyıb. İşə, zəhmətə həvəsi onun həyat yolunu düzgün müəyyənləşdirməyə kömək edib. Bu həvəs parlaq şəkildə uğur qazanmasına səbəb olub. Gərgin, yorulmaz əməyi ilə ucalıb. Milyonçu olub, xeyriyyəçi kimi hörmət-izzət sahibi olub. Onun geniş xeyriyyəçilik fəaliyyəti haqqında bu gün də ictimaiyyət arasında danışılır. O, şəhərdəki çox sayda ictimai binaların, məktəblərin tikintisinə milyonlarla vəsait xərcləyib.

Murtuza Muxtarov xalqının gələcəyini maariflənmədə, təhsildə görüb. Bakı Realnı Məktəbinin, Temirxan-Şura Qadın gimnaziyasının təsisçisi, “Şimali Qafqaz xalqları arasında savadın və texniki biliklərin yayılması” cəmiyyətinin fəxri üzvü kimi də fəaliyyət göstərib. Həmçinin Peterburqdakı müsəlman xeyriyyə cəmiyyətinin fəxri üzvü olub. Ali və orta ixtisas məktəblərinin tələbələri üçün 40 təqaüd təsis edib.

O, Qərbi Avropa mədəniyyətinə pərəstiş edirdi. Cəmiyyətdə xurafata qarşı mübarizə aparıb. Elə bu məqsədlə də Bakıda çoxlu məktəblər tikdirib. Əhməd bəy Ağayevin rəhbəri olduğu “Tərəqqi” qəzetini nəşr etdirib, “İrşad” mətbəəsinə vəsait xərcləyib. Əhməd bəy Ağayev İstanbula köçdükdən sonra da Murtuza Muxtarov qəzetin fəaliyyətini davam etdirməsinə şərait yaradıb. Sözün həqiqi mənasında, bir ziyalı kimi cəmiyyətdə nüfuz qazanıb. Digər mətbu nəşrlərə də qayğı ilə yanaşıb. Onların bir çoxunu maliyyələşdirib. Muxtarov incəsənət xadimlərinin, mədəniyyət işçilərinin maddi ehtiyaclarını qarşılamaqda xəsislik etməyib. 

O dövrlərdə Azərbaycan teatr səhnəsinin korifeylərindən olan Hüseyn Ərəblinski vərəm xəstəliyinə tutulub. Vəziyyəti gündən-günə ağırlaşıb. “Sədaye haqq” qəzeti 1913-cü il 21 avqust tarixli nömrəsində bu haqda belə yazıb: “Müsəlman səhnəsinin ən adil, məşhur və köhnə artistlərindən biri – Ərəblinskinin cavan ömrü ümumsəhnə artistlərinin, səhnə həvəskarlarının gözü qabağında şam kimi əriyib getməkdədir”.

 Xeyirxah və mehriban bir insan olan Murtuza Muxtarov böyük aktyor və rejissorla bağlı bu xəbərə biganə qalmayıb. O, xəstə artistin halına acıyaraq, ona maddi yardım edib. Müalicə olunmaq üçün Abastumana göndərib. Hüseyn Ərəblinski müalicə olunub qayıtdıqdan sonra “Bakı” qəzeti vasitəsilə ona öz minnətdarlığını belə bildirib: “Cənab redaktor! İcazə verin sizin qəzet vasitəsilə, xəstə artistin halına acıyaraq, pozulmuş səhhətimi düzəltmək üçün 700 manat pul vermiş və habelə sonrakı xərcləri də öz üzərinə götürmüş böyük ürək sahibi cənab Murtuza Muxtarova öz dərin minnətdarlığımı bildirim. Bununla bağlı mən də, mənim ailəm də dərin təşəkkürümüzü bildiririk”.

Murtuza Muxtarovun incəsənət xadimlərinə göstərdiyi qayğı ilə bağlı çox misal çəkmək mümkündür. O, Rusiyanın Saratov şəhərində (burada onun neft məhsulları kontoru vardı) küçədə qaraçıya oxşayan qara saçlı bir qız görüb. Qız şarmankada çalıb, oxuyurmuş. Qızın səsindən xoşu gəlir. Azərbaycanlı olduğunu biləndən sonra onu konservatoriyaya aparıb. Qızın vokal şöbəsinə daxil olmasına kömək edib. Hətta, sonradan onu övladlığa götürüb. Həmin “qara qız” gələcəkdə məşhur opera artisti kimi tanınan Fatma Muxtarova idi! 

Deyirlər ki. Murtuza Muxtarovun həyat və fəaliyyət tarixçəsi baxımlı bir filmin süjeti qədər maraqlıdır. O, Abşeronu gəzib yarımadanın ən gözəl guşəsində özünə bağ evi tikib. İqlim şəraitini nəzərə alaraq, bağ evinə ən münasib yer kimi Mərdəkanı seçib. Bu gün həmin bağ evində Dendralogiya İnstitutu fəaliyyət göstərir. O, Bakı milyonçuları arasında öz romantik təbiətli ilə də seçilib. Demək olar ki, Bakının bütün xeyriyyə cəmiyyətlərinin işində yaxından iştirak edib.

Muxtarov neft sənayesində qazandığı nailiyyətlərlə bərabər, digər sahələrdə də böyük uğurlara imza atıb. Paytaxtımızda və Bakı kəndlərində, eləcə də Rusiyanın bir çox böyük şəhərlərində, Avropanın bəzi ölkələrində bugünədək mühafizə olunub saxlanılan bir çox gözəl binalar onun adı ilə bağlıdır. O cümlədən, Şüvəlanda “Mayak”, Abşeronda 17 bina, Əmircan kəndində məktəb, Mərdəkanın Pirhəsən adlanan məhəlləsində Axund Mirzə Abu Turabın qəbri üstündə günbəz, Kislovodskda və Rusiyanın başqa şəhərlərində, İtaliyanın Florensiya şəhərində mövcüd olan gözəl, yaraşıqlı binalar bu Bakı milyonçusunun şəxsi vəsaiti ilə ərsəyə gəlib.

O, 1908-ci ildə Vladiqafqazda öz vəsaiti hesabına nadir memarlıq nümunəsi sayılan məscid tikdirib. Bu gün də Şimali Qafqazın ən nəhəng məscidlərindəndir. Həmin məscid UNESCO-nun mühafizə olunan tarixi abidələr siyahısına salınıb. Əmircan kəndində inşa etdirdiyi məscid binası da öz memarlıq quruluşu və əzəməti ilə göz oxşayır. Qeyd etmək lazımdır ki, Muxtarov görkəmli memar Zivər bəy Əhmədbəyovu məscidlərin tikintisi işlərinə cəlb edib. 

Murtuza Muxtarov 2 dəfə ailə həyatı qurub. Birinci ailəsindən olan qızları vəfat etdikdən sonra o, ayrılıb. İkinci dəfə Vladiqafqazda general Tuqanovun qızı Luiza Tuqanova ilə evlənib. Bu evlilikdən övladı olmayıb. Yuxarıda qeyd etdiyimiz kimi, Fatma Muxtarovanı övladlığa götürüb.

Murtuza Muxtarov təbiətcə çox məğrur və əyilməz insan olub. Bütün varlığı ilə haqsızlığa qarşı üsyan edib. Sözü də, əməli də düz olan əsl vətənpərvər və alicənab insan kimi həyatının sonunda ölümün gözünə də dik baxıb. O, xeyriyyə işləri və əməlləri ilə həmvətənlilərinin qəlbində nəcib toxumlar səpib. Hələ də onun haqqında xoş sözlər danışılır. 

…Bakıda Aprel inqilabının ilk günlərində Muxtarovun “Səadət sarayı”ndakı mənzilinə 2 silahlı hərbçi basqın edib. Muxtarov onların qarşısından qaçmayıb, əksinə, onlara atəş açıb. Onlardan birini öldürüb, sonuncu gülləni də özünə vurub. Beləliklə, onun həyatı 1920-ci ildə faciəli sonluqla bitib.

Həzi HƏSƏNLİ,
şair-publisist

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
xalqqazeti.az

1Mənbələr