AZ

Qarabağda cəhənnəm cənnətə çevrilir

Hazırda işğaldan azad olunan ərazilərə Böyük Qayıdışın reallaşdırılması üçün müasir şəhərsalma qaydaları nəzərə alınmaqla Qarabağ və Şərqi Zəngəzurda yaşayış və qeyri-yaşayış kompleksləri inşa edilir, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçirilir. 

Bu əsasda bütün bölgədə müasir standartlara uyğun sosial-iqtisadi və mədəni infrastruktur qurulur, kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi yaradılır. Sosial xidmət infrastrukturu bərpa olunur. 

Bir sözlə, Qarabağ və Şərqi Zəngəzurun yaşayış məntəqələrində zəruri sosial-iqtisadi infrastruktur təminatı, iqtisadi canlanmanın sürətləndirilməsi, habelə nəqliyyat potensialının artırılması və yaşayış məntəqələrinin yenidən qurulması yüksək templə davam etdirilir. 

Vətən müharibəsi  başa çatandan dərhal sonra düşməndən təmizlənən ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə də başlanılıb, qısa zaman ərzində bu bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturunun formalaşdırılması diqqət mərkəzində saxlanılıb. 

Bütün bunlarla bərabər, işğaldan azad edilən ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası məqsədilə mühüm tədbirlər həyata keçirilir. Erməni faşizmi tərəfindən tamamilə dağıdılan iqtisadiyyatın qurulması üçün iqtisadi fəaliyyətin canlanması sürətləndirilir və əlverişli biznes mühitinin formalaşdırılması təmin edilir.

Düşməndən azad edilən torpaqlarımızın canlanmasında dost ölkələr də yaxından iştirak edirlər. Prezident İlham ­Əliyev iyunun 6-da TÜRKPA-nın ölkəmizdə səfərdə olan nümayəndə  heyəti ilə görüşündə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa-quruculuq işlərindən ətraflı bəhs edərək bu prosesdə qardaş türk ölkələrinin köməyinin hiss edildiyini, onların təşəbbüs və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzinin tikilərək istifadəyə verildiyini bildirib.

Xatırladaq ki, həmin müəssisələr Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməli bu yaxınlarda ölkə rəhbəri və Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonunda bir təhsil ocağının  isə Macarıstanın maliyyə dəstəyi ilə inşa ediləcəyi nəzərdə tutulub.   

Prezident İlham Əliyev sözügedən görüşdəki çıxışında daha sonra  azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturunun yaradıldığını  və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlərin fəal iştirak etdiklərini vurğulayıb: “İndi Şuşaya gedən hər bir insan yeni çəkilən avtomagistraldan keçərək öz gözü ilə görür ki, orada 7 tunel, 9 viaduk, bir çox körpülər inşa edilir və podratçıların əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz–Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir. Yəni biz azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük. Təbii ki, bu, həm bizi sevindirir, həm də bütün Türk dünyası ölkələrinin bir-birinə nə qədər bağlı olmasından xəbər verir”.

Burada söhbət yol tikintisindən düşmüşkən, onu da xatırladaq ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki avtomobil yolu layihələrinin icrası 2026-cı ilə qədər başa çatdırılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planında 2022-2026-cı illərdə 20 avtomobil yolu layihəsinin tikintisi ilə əlaqədar torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulub. Bu layihələrdən 7-nin tikintisi artıq başa çatıb, digərlərinin icrasının isə 2026-cı ilə qədər yekunlaşdırılması planlaşdırılıb.  

Onu da qeyd edək ki, azad edilmiş torpaqlarda həyat sürətlə canlandırılır. Artıq 4 şəhər və 4 kənd bərpa edilib və 7 mindən çox keçmiş köçkün öz dədə-baba torpaqlarında məskunlaşıb və ilin sonuna qədər bu rəqəmin 20 minə çatdırılacağı nəzərdə tutulub. 

İstər düşmən tərəfindən dağıdılan yaşayış sahələrinin yenidən qurulmasını, istərsə də bu torpaqlarda sosial infrastrukturun sürətli bərpasını güclü investisiya qoyuluşu şərtləndirir. Bunu belə bir göstərici – cari ilin birinci rübündə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə əsas kapitala, ümumilikdə, 1 milyard 167 milyon 617 min manat məbləğində investisiya yönəldilməsi də təsdiq edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, həmin vəsaitin 1 milyard 159 milyon 155 min manatı tikinti-quraşdırma işlərinə aiddir.   

Hesabat dövründə Qarabağ iqtisadi rayonunda investisiya qoyuluşu 535 milyon 895 min manat təşkil edib ki, bunun da 533 milyon 580 min manatı tikinti-quraşdırma işlərinə yönəldilib. İqtisadi rayona daxil olan Xankəndi şəhəri üzrə investisiya qoyuluşu 5 milyon 400 min manat, Ağdam rayonu üzrə 132 milyon 687 min manat, Ağdərə rayonu üzrə 6 milyon 967 min manat, Füzuli rayonu üzrə 137 milyon 845 min manat, Xocalı rayonu üzrə 12 milyon 624 min manat, Xocavənd rayonu üzrə 19 milyon 728 min manat, Şuşa rayonu üzrə 175 milyon 272 min manat, Tərtər rayonu üzrə 29 milyon 246 min manat olub.

İlin ilk üç ayında Şərqi Zəngəzur iqtisadi rayonuna, ümumilikdə,  631 milyon 721 min manat investisiya yatırılıb. Bunun 625 milyon 575 min manatı tikinti-quraşdırma işlərinə aid olub. İqtisadi rayona daxil olan Cəbrayıl rayonunda investisiya qoyuluşu 76 milyon 936 min manata, Kəlbəcər rayonunda 250 milyon 431 min manata, Qubadlı rayonunda 96 milyon 485 min manata, Laçın rayonunda 105 milyon 759 min manata və Zəngilan rayonunda 102 milyon 108 min manata çatdırılıb.

Bu gün ölkəmizdə COP29-a ciddi hazırlaşılır. Yerli və beynəlxalq ekspertlər tərəfindən respublikamızın COP29-a  evsahibliyi bu ilin ən mühüm tarixi hadisəsi və Azərbaycanın  “yaşıl iqtisadiyyat”a keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirilir. 

Azərbaycan COP29-a evsahibliyi missiyasını üzərinə götürməklə müsbət ekoloji dəyişikliklə bağlı beynəlxalq aləmə böyük  töhfə verməyi, habelə bu istiqamətdə çıxış edən ölkələr üçün model nümunəsi göstərməyi qarşıya mühüm vəzifə kimi qoyub. Başqa sözlə, respublikamız artıq “yaşıl enerji” iqtisadiyyatını əməli fəaliyyəti ilə yeni müstəvidə formalaşdırmaq qərarını qətiləşdirib.

Ölkəmiz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasına başladığı ilk günlərdən etibarən bu ərazilərin yenidən qurulmasında  “0” tullantı və bərpaolunan enerji, eləcə də  davamlılıq, inklüzivlik və təhlükəsizliyə üstünlük verən müasir şəhərsalma prinsiplərinə əsaslanılıb. Məsələn, işğaldan azad olunandan sonra salınan ilk yaşayış məntəqəsi –Zəngilan rayonunun hazırda 171 ailə - 870 nəfər yaşayan Ağalı kəndi  dayanıqlı inkişaf məqsədləri əsasında tikilib və inşaat prosesində həmin məqsədlər əsas götürülüb. Burada tikinti zamanı izolyasiya edilmiş materiallardan geniş istifadə edilib. Evlərin damları günəş panelləri ilə təchiz olunub. Bütün inzibati binalarda təmiz enerji əldə etmək üçün günəş panelləri quraşdırılıb. Kəndi enerji ilə təmin etmək üçün Həkəri çayında turbinlər tikilib. Bir sözlə, Ağalı təbii və su ehtiyatlarının, eləcə də  biomüxtəlifliyin qorunması üzrə təşəbbüsləri reallaşdırmaqla dünyanın ən gözəl kənlərindən birinə çevrilib.   

Bu məqamda diqqətçəkən bir göstəricini də xatırlatmaq istərdik. Şərqi Zəngəzurda son üç ildə 100 mindən çox ağac əkilib və bu il təkcə Zəngilan rayonunda əlavə 50 min ağacın əkilməsi nəzərdə tutulub. Nadir təbii su hövzəsi olan kəhrizlər də uğurla bərpa edilib, əhalinin təbii içməli su ilə təminatı üçün digər kəhrizlərdə də bərpa işləri davam etdirilib. Bundan əlavə, Böyük Qayıdış proqramı çərçivəsində Ağalı kəndində və digər yaşayış məntəqələrinə köçürülən ailələri üçün iş və biznes imkanları ilə dayanıqlı dolanışıq vasitələrinin yaradılması diqqət mərkəzində saxlanılıb. Bir sözlə, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında həyata keçirilən bütün layihələr BMT-nin qarşıya qoyduğu dayanıqlı inkişaf hədəflərinə  yönəldilib.   

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni iş yerlərinin yaradılması prosesi də sürətlə davam etdirilir. Bu məsələ ilə bağlı bəzi faktlara nəzər salaq. Məsələn, Ağdam rayonunda yerləşən Şahbulaq daş karxanasının istifadəyə verilməsi ilə burada 227 nəfər işlə təmin edilib. Kəlbəcər və  Laçında 25 təsərrüfat subyektinin işə salınması ilə 252 iş yeri açılıb.   

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaşayış sahələrində bu il ərzində 70 obyektin istifadəyə verilməsi nəticəsində 1009 nəfərin işlə təmin ediləcəyi nəzərdə tutulur. Bu ərazilərdə məskunlaşma prosesi ilə paralel olaraq  bütün sahələrin iqtisadi aktivliyinin artırılması nəzərdə tutulur.  

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında özəl sektorun inkişafının diqqətdə saxlanılması da yeni iş yerlərinin açılmasını şərtləndirir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində fəaliyyət göstərmək üçün müraciət edən sahibkarların sayının artıq 2 mini keçməsi də  bunun bariz ifadəsidir. Müraciətlərin yarıdan çoxu investisiya yönümlüdür. Bu müraciətlər üzrə ümumi dəyəri 575 milyon manat olan layihələrin 299-u icra edilir. Hazırda fəaliyyət göstərən 219 layihənin 89-u Qarabağda, 130-u isə Şərqi Zəngəzur iqtisadi rayonunda reallaşdırılır. Bütün layihələr gerçəkləşdirildikdən sonra 1879 şəxsin işlə təmin ediləcəyi nəzərdə tutulur. 

Bugünədək Şərqi Zəngəzur iqtisadi rayonunda 11 müəssisə qeydiyyata alınıb ki, bunun da 10-u rezident, 1-i isə qeyri-rezidentdir. Layihələrin ümumi investisiya dəyəri isə 68 milyon manat təşkil edir.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə sahibkarların daha səmərəli fəaliyyətləri üçün müəyyən güzəştlər yaradılıb. Məsələn, bir sıra iş adamlarının (rezidentlərin) maliyyəyə çıxışı artıq həll edilib. Onlara hökumət tərəfindən 500 milyon manat həcmində kredit portfeli təqdim edilib. Həmin kreditlərin 450 milyon manatına dövlət zəmanəti verilib. 

Düşməndən təmizlənən ərazilərdə fəaliyyət göstərən bir sahibkar üçün 1 kreditin məbləği 5 milyon manatı keçməmək şərtilə dövlət zəmanəti ilə verilir. Bu kreditlər 7 il müddətinə ayrılır. Burada kredit faizlərinin subsidiyalaşdırılmasına əsas məsələ kimi yanaşılır. Kreditlərin 10 faizə qədəri dövlət tərəfindən subsidiyalaşdırılır. 

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bu il fevral ayının əvvəlindən elektron kredit və zəmanət informasiya sistemi fəaliyyət göstərir. Bu portal üzərindən müraciətlər qəbul edilir. Artıq ilk sahibkar 800 min manat kreditə 720 min manat dövlət zəmanəti ilə vəsait götürüb. 

Sonda Qarabağ və Şərqi Zəngəzurun turizm məkanına çevrilməsi istiqamətində həyata keçirilən layihələrə də toxunmaq istərdik. Belə ki, bu ərazilər düşməndən azad ediləndən sonra dövlətimiz barbarlığa məruz qalan dini, tarixi, mədəni abidələrin bərpasını da diqqətdə saxlayıb. Qarabağın mədəniyyət beşiyi hesab edilən Şuşada  qısa bir müddət ərzində Vaqifin məqbərəsi və büstü yenidən açılıb, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyulub, dağıdılmış evi bərpa olunub,  Bülbülün ev muzeyi istifadəyə verilib. Vaqif Poeziya günləri və “Xarıbülbül” festivalı yenidən canlandırılıb. Şuşada “Qarabağ” və “Xarıbülbül” otelləri istifadəyə verilib. 

Qarabağ və Şərqi Zəngəzurun turizm məkanına çevrilməsi üçün bu bölgənin digər yaşayış sahələrində də məyyən layihələr gerçəkləşdirilib. Qarabağda 2 hava limanının istifadəyə verilməsi, Laçında 3-cü aeroportun tikintisinin aparılması da Qarabağın mədəniyyət paytaxtı Şuşa şəhərinə, füsunkar təbiətə malik Kəlbəcərə və digər ekoturizm imkanları olan yaşayış sahələrinə üz tutan istər yerli, istərsə də xarici turistlərin axınının sürətlənməsinə hesablanıb.  

Son vaxtlar Şuşa və Laçın şəhərlərinə fərdi avtomobil ilə turist səfərlərinin sayında artımın daha çox diqqət çəkməsi də artıq Qarabağın turizm məkanına çevrilməsi istiqamətində reallaşdırılan layihələrin məntiqi nəticəsidir. Qeyd edilən ərazilər üzrə xüsusi nümayəndəliklərin məlumatına əsasən, Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində (15 iyun-19 iyun 2024-cü il) Şuşa şəhərinə 2650 fərdi avtomobil ilə 12528 nəfər, Laçın şəhərinə isə 2296 fərdi avtomobil ilə 8330 nəfər səfər edib. Şuşaya və Laçına səfər edənlərin müvafiq olaraq 1779 və 709 nəfəri hotellərində gecələyib.

Məlumatda  2023-cü il dekabrın 27-dən cari il iyunun 19-dək Şuşa şəhərinə, ümumilikdə, 72298 nəfər səfər edib. Bu il aprelin 27-dən iyunun 19-dək Laçın şəhərinə səfər edənlərin sayı isə 42670 nəfərə çatıb. Bildirilir ki, hazırda Laçın şəhərinə giriş 2 yoxlanış-nəzarət məntəqəsi (Şuşa və Güləbird postları) vasitəsilə həyata keçirilir.

Xatırladaq ki, bu il aprelin 28-dən etibarən vətəndaşların fərdi minik avtomobilləri ilə Şuşa və Laçın şəhərlərinə, eləcə də   Suqovuşan qəsəbəsinə səfərlərinə icazə verilib.   

Rəsmiləşdirilən icazələrin etibarlılıq müddəti 2 gün nəzərdə tutulub. Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla Zəfər yolu və Horadiz qəsəbəsindən keçməklə Cəbrayıl – Zəngilan – Qubadlı – Laçın marşrutu ilə reallaşır.  

Ekspert Rəhman Quliyevin sözlərinə görə, vətəndaşların fərdi minik avtomobilləri ilə Şuşa və Laçın şəhərlərinə, eləcə də Suqovuşan qəsəbəsinə səfərləri respublikada turizmin inkişafına müsbət təsir edəcək. Belə səfər marşrutları yaxın gələcəkdə işğaldan azad edilmiş digər ərazilərə də tətbiq ediləcək.

Vaqif BAYRAMOV 
XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
xalqqazeti.az

1Mənbələr