AZ

Ailə kimsəsiz uşağın ən yaxşı himayəçisidir

Prezident İlham Əliyevin 12 iyul 2023-cü il tarixdə imzaladığı qanunvericilik aktları ilə Azərbaycanda himayədar ailə institutunun tətbiqinə başlanıb. 

Uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biri olan “Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş, himayədən məhrum olmuş, ata-analarının atdığı uşaqların qısa və ya uzun müddət dövlət nəzarəti altında ödənişli əsaslarla ailə mühitində böyüməsi və inkişafını nəzərdə tutur. Eyni zamanda, bu qayğı modelinin tətbiqində məqsəd valideyn himayəsindən məhrum olmuş uşaqların kimsəsizliyinin qarşısının alınmasıdır. 

Himayədar ailə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar valideyn olmaq istəyənlər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə əsasında yaranır. 

Sosial Xidmətlər Agentliyinin İdarə heyəti sədrinin müavini Zaur İbrahimov XQ-yə müsahibəsində bu qayğı modelindən, himayədar ailəyə verilən uşaqlara dövlətin göstərdiyi diqqətdən söz açdı.

– Zaur müəllim, kimlər himayəyə uşaq götürə bilər? 

– Müvafiq qanunverciliyə əsasən yetkinlik yaşına çatmış, hər iki cinsdən olan, evli və ya subay, ən azı ümumi orta təhsilli, sağlamlıq vəziyyəti normal olan kəs himayədar valideyn ola bilər. Amma, gərək o şəxsin qanunvericiliklə müəyyən edilmiş ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkumluğu olmasın, və Azərbaycan Respublikasının ərazisində daimi yaşayan ölkə vətəndaşı olsun.  Himayədar ailə olmaq istəyən şəxs(lər) və onlarla birlikdə eyni ünvanda yaşayan şəxs(lər) ölkə üzrə müəyyən edilmiş tibb müəssisəsində müayinələrdən keçib sağlam olduqlarını rəsmi qaydada təsdiqlədirlər. Bundan sonra bəlli şərtlər daxilində himayədar valideyn hüququ qazanırlar.

Şərtlərdən biri budur ki, himayədar valideyn olmaq istəyən nikahda olan şəxslərdən biri (ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 olmalıdır. Himayədar valideyn olmaq istəyən, amma, nikahda olmayan şəxslə (şəxslərlə) himayəyə verilən uşağın yaş fərqi 18-dən az olmamalıdır. Yəni, 30 yaşında himayədar valideyn olmaq istəyən şəxs yalnız 12 yaşına qədər olan uşağı himayəyə götürə bilər. Yaxud, 16 yaşlı bir uşağı himayəsinə götürənin yaşı 34-dən yuxarı olmalıdır ki, o, nazirliklə müqavilə bağlaya bilsin. 

Bir nüansı da qeyd edim ki, uşağın qəyyumları, bioloji və ya ögey valideynləri himayədar valideyn ola bilməzlər.

– Uşağın himayədar ailəyə verilməsi proseduru necə həyata keçirilir?

– Himayədar ailə olmaq istəyən şəxs (şəxslər) uçota alındıqdan sonra həmin ailəyə verilmənin uşağın mənafeyinə uyğunluğu müəyyənləşdirilir. Himayədar valideyn olmaq istəyən şəxslə (şəxslərlə) müsahibə aparılır və həmin şəxsin (şəxslərin) maddi-məişət şəraiti yoxlanılır. 

Himayədar ailə olmaq istəyən şəxs (şəxslər) təlimlərə cəlb edilir. Bundan sonra himayədar ailə olmaq istəyənə uyğun uşağın və himayədar ailəyə veriləcək uşağa uyğun himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) seçilməsi mərhələsi gəlir. 

Nəhayət, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanılır.

– İndiyədək nə qədər uşaq himayədər ailəyə verilib? 

– Ötən müddət ərzində  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 20-yə çatıb. Qanunvericiliyə uyğun olaraq nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb. 

Himayədar ailələrə verilən uşaqlardan 5-i oğlan, 15-i qızdır. Həmin uşaqlardan 10-u Bakı şəhərindəki, 10-u rayonlarda yaşayan (Lənkəran–2, Cəlilabad–1, Ağcabədi–1, Biləsuvar–1, Zaqatala–1, Gəncə–1, Göyçay–1, Şamaxı–1, Xaçmaz–1) himayədar ailələrə veriliblər. 

– Uşaqlardan hər hansı səbəbdən geri qaytarılan olubmu? 

– Görülmüş preventiv tədbirlər nəticəsində Ağcabədidə himayədar ailəyə yerləşdirilən 1 uşaq öz ailəsinə qaytarılıb. 

– Bu ailələrlə əlaqə necə qurulub? Uşağını müəssisəyə verən valideyn övladının hansı himayədar ailəyə verildiyini bilir, yoxsa anonimlik qorunur?

 – “Himayədar ailə” qayğı modeli hər hansı səbəbdən (valideynlərini itirən, yaxud, himayədən məhrum olan) sosial müəssisəyə qoyulmuş uşaqların ailə mühitində, amma dövlət nəzarəti altında böyüməsi, tərbiyə olunması və inkişafını nəzərdə tutur. Övladlığagötürmə sahəsində olduğu kimi, himayədar ailə institutunun tətbiqi işlərində də uşaqların maraq və mənafelərinin üstün tutulması prioritet təşkil edir. Bu sahədə idarəçilik və xidmətlərin də elektron sistem üzərində müasir, operativ və şəffaf təşkili diqqətə saxlanılır. 

Onu da vurğulamaq lazımdır ki, himayədar ailə olmaq istəyən şəxslərin və onlara verilən uşaqların məlumatlarının məxfiliyi təmin edilir. Himayədar ailə kimin uşağını himayə etdiyini bilmədiyi kimi, övladını müəssisəyə verən valideyn də uşağının taleyindən xəbərsiz olur. 

– Uşağın yaşadığı ailədən nəsə tələb etmək haqqı varmı? Onlar həmin ailələrdə neçə yaşa qədər qala bilərlər?

– Onların himayədar valideyndən nəyisə tələb etmək kimi bir hüququ yoxdur. Övlad kimi arzu-istəklərini bildirə bilərlər. Uşaqlar himayədar ailələrdə 18 yaşınadək qala bilərlər. Sonra sərbəstdirlər. 

–18 yaşından sonra belə uşaqların, yəni gənclərin taleyi necə olur?

–Himayədar ailəyə verilmiş uşağın maraqları əsasında onların əqli, fiziki, emosional, psixoloji inkişafını təmin etmək, onun bioloji valideynlərinə (bioloji valideynləri olmadıqda isə qohumlarına) qaytarılması imkanlarını qiymətləndirmək məqsədilə himayədar valideynlərin, mümkün olduqda, uşağın bioloji valideynlərinin iştirakı ilə uşağın fərdi inkişaf planı hazırlanır. 

Həmçinin himayədar ailəyə verilmiş uşaqlar yetkinlik yaşına çatdıqdan sonra müstəqil həyata hazırlanmaları üçün onların fərdi inkişaf planları əsasında bilik və bacarıqlarının artırılması istiqamətində qanunvericiliklə müəyyən olunmuş tədbirlər görülür. Onların valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələri həyata keçirilir. 

– Uşağın himayədar ailədə qaldığı müddətdə ona dövlət tərəfindən necə yardım edilir?

– Dövlət tərəfindən uşaqların həmin ailələrdə qaldığı müddətdə davamlı dəstək göstərilir. Himayədar ailələrlə bağlı sosial dəstək mexanizmi çərçivəsində həmin ailələrə himayəyə götürdükləri  6 yaşa qədər olan uşağa görə 355 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 395 manat) nəzərdə tutulub. Bir qədər böyük, məktəb yaşlı   7–13 yaş arasında olan uşağa görə ailəyə 375 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 415 manat) verilir.  14–18 yaş arası uşağa görə isə dövlət tərəfindən 395 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 435 manat) aylıq müavinət verilməsi nəzərdə tutulub.

Onu da qeyd edək ki, eyni zamanda, himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması da diqqətdə saxlanır. Həmin ailələr hər mövsümə uyğun, rübdə bir dəfə bir uşağa  görə 200 manat birdəfəlik müavinətlə də təmin edilirlər.

Söhbəti apardı: 
Zərifə BƏŞİRQIZI 
XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
xalqqazeti.az

1Mənbələr