AZ

Sonuncu döyüşün şəhidi

Vətənin igid oğlu Elxan Məmmədli 1997-ci il oktyabrn 13-də İsmayıllı rayonunun Zoğallıq kəndində dünyaya göz açıb. Suraxanı rayonu Pərviz İsmayılov adına 278 saylı tam orta məktəbdə orta təhsilini başa vurduqdan sonra Bakı Biznes Universitetinə daxil olub, 2019-cu ildə oranı bitirib. Həmin ildə İsmayıllı rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq, Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 

Tərxis olunduqdan sonra Elxan Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı” kursu keçərək, leytenant hərbi rütbəsini alıb. Müdafiə Nazirliyi Quru Qoşunlarının Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyətə başlayaraq Xocalı, Şuşa, Xankəndi və Qubadlı ərazilərində Vətən qulluğunda dayanıb. 

Hərbi xidməti zamanı zabit kimi mühüm nailiyyətlər əldə edib, təltiflərə layiq görülüb. İkinci Qarabağ müharibəsində Elxan öndə gedənlərdən olub. Böyük Zəfər qazanılan gün ömrünün ən xoşbəxt anlarını yaşayıb. Daha sonra 2 aydan çox “Komando” Dağ Təlimi Mərkəzində keçirilmiş 17-ci qəbul “Komando başlanğıc kursu”nu müvəffəqiyyətlə başa vurub, komandanlığın sertifikatını alıb və ardınca həmin əməliyyat qrupunda kəşfiyyat komandiri vəzifəsində xidmət göstərib. 

Leytenant Elxan Məmmədli 2023-cü il sentyabrın 19-da Qarabağda başlanan lokal xarakterli antiterror tədbirləri zamanı torpaqlarımızın terrorçulardan azad edilməsində şücaət göstərib. Həmin gün sinəsindən snayper yarası alaraq şəhidlik zirvəsinə ucalıb. Döyüş yoldaşlarının verdiyi məlumata görə, Elxan Məmmədli bir an belə qorxu hissi keçirmədən döyüşə-döyüşə irəli gedib. Şəhid olduqdan 1 gün sonra nəşini neytral zonadan çıxartmaq mümkün olub. 21 sentyabr 2023-cü ildə İsmayıllı rayonunda, doğma Zoğallıq kəndinin qəbiristanlığında böyük ehtiramla torpağa tapşırılıb. Dəfn mərasimdə Dövlət Sərhəd Xidmətinin, İsmayilli Rayon İcra Hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, rayon ictimaiyyətinin nümayəndələri və bir çox şəhid ailələri iştirak ediblər.

Qarabağda başlanan lokal xarakterli antiterror əməliyyatları zamanı qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham ­Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən Elxan Məmmədli ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
xalqqazeti.az

1Mənbələr