AZ

Adına aldanmayın - Görün, indi komanda nə gündədir!

“Zirə” Avropa Liqasının ikinci təsnifat mərhələsində Moldova çempionatının ikincisi ilə qarşılaşacaq.

Püşt təmsilçimizin bəxtinə “Şerif”i çıxaranda, yaxından tanıdığımız komandanın zirəlilər üçün keçilməz rəqib kimi qiymətləndirənlər çox idi. Müəyyən mənada anlaşılandır.

Ancaq reallıqla tanış olanda “Zirə”nin mərhələni keçmək şanslarının kifayət qədər real olduğu görünür.

Başa çatan mövsüm “Şerif” üçün uğursuz alınıb. Tiraspol təmsilçisi çempionluğun “Petrokub” tərəfindən bayram edilməsini kənardan izləyib.

Uğursuzluğun kökündə dayanan başlıca məqam kimi transferlərin özünü doğrultmamasını və baş məşqçi dəyişikliklərini göstərə bilərik.

Təsəvvür edin, “Şerif” son mövsümdə 43 futbolçunun xidmətində yararlanıb ki, bunlardan 34-ü legionerlər olub. Klub rəhbərliyi transferlərə böyük pullar xərclədiyi halda nəticəsini görə bilməyib.

Komanda mövsümə baş məşqçi qismində Roberto Bordinlə start verib, italyan çempionatın ən qaynar vaxtında göndərilib, onu müvəqqəti Viktor Mixaylov əvəzləyib

. Ardınca Roman Filipçuk dəvət olunub. Martda ukraynalı çalışdırıcı ilə də yollar ayrılıb və yenə Viktor Mixaylov gətirilib.

Mayda başqa bir ukraynalı çalışdırıcı – Yuri Qura “Şerif”in “sükan”ı arxasında əyləşib. Hazırda baş məşqçi səlahiyyətlərini məhz bu adam daşıyır. Bir mövsümdə beş baş məşqçi!

Hazırda klubda və komandada ciddi islahatlar aparılır. “Şerif” bir növ bugünkü “Neftçi”ni xatırladır.

Baş məşqçi ayyarım əvvəl gəlib və yeni heyət formalaşdırmaqda maraqlıdır. Klubla müqaviləsi davam edən futbolçuları yola salmaq böyük bəlaya çevrilib.

Bu qədər problemin fonunda “Şerif”in üç həftədən sonra “Zirə”nin qarşısına optimal formada çıxıb, baş məşqçinin istədiyi futbolu sərgiləyəcəyi qətiyyən inandırıcı görünmür.

Əvəzində, Rəşad Sadıqovun komandası ötənilki gücünü qorumaqla yanaşı xeyli güclənib.

Təlim-məşq toplanışını itkisiz başa vursalar, Moldova nəhəngini mübarizədən kənarlaşdıra bilərlər. Problemləri xirtdəyə qədər yığılan rəqibin adından çəkinməyə qətiyyən gərək yoxdur.

Komandalar arasındakı ilk oyun iyulun 11-də Tiraspolda, bir həftə sonra Bakıda keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
sportinfo.az

1Mənbələr