AZ

Vətən andı içən oğul

Kapitan Samir Mehdiyev Salyanın Yuxarı Xələc kəndinin şəhididir. 2008–2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində oxuyub. Tank taborunun komandiri və qərargah rəisi idi. 2016-cı ilin məlum aprel döyüşlərinin də iştirakçısı olub. Həmin döyüşlərdə göstərdiyi şücaətlərə görə o, vaxtından əvvəl kapitan rütbəsi almışdı.

Vətən müharibəsində isə öz əsgərləri ilə birgə düşmənin illərdən bəri keçilməz sədd kimi qələmə verdiyi müdafiə xəttini yarıb. Onun taboru Füzulidə düşmənin 2 səngərini və Qaraxanbəyli kəndində 3-cü düşmən postunu ələ keçirərək orada möhkəmlənib. Amma oktyabrın 23-də düşmən tərəf cəsur kapitanın dayandığı mövqeyi tank əleyhinə yandırıcı başlıqlı raketlə vurur. Kapitan Samir Mehdiyev və 7 döyüşçüsü şəhid olur. Qəhrəmancasına ölümündən sonra “Rəşadət” ordeni ilə, eləcə də “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilir.

Onun valideynləri – atası Valeh kişi və anası Səlminaz xanımla telefon söhbətimdə Xələcə gələcəyimi söyləmişdim. Nəhayət, bugünlərdə Salyanda çıxan “Qələbə” qəzetinin baş redaktoru Rüstəm Məlikov və kənd icra nümayəndəsi Səfər Qarayevlə onların qonağı oldum. Şəhid kapitanın atası, uzun illər Azərbaycan mədəniyyəti və incəsənətinə xidmət edən, məşhur “Cəngi” Milli Nəfəsli Xalq Folklor Kollektivinin üzvü, balaban ustası, həm də ünsiyyətcil bir insan olan Valeh Mehdiyevin maraqlı söhbətlərini, Samirlə bağlı xatirələrini dinlədik. 

Valeh kişi bizim xahişimizlə balabanda "Apardı sellər Saranı", "Sarı gəlin" havaları üstündə kövrək, həzin notlarla könüllərimizi duyğulandırdı. Onlar əslən Dərələyəzin Cullu kəndindəndirlər. ­1949-cu ildə deportasiyaya uğrayıb, bura pənah gətiriblər. Körpəlikdən babalarının həsrət nəğmələrinə kökləniblər. Qardaşı Saleh kimi o da zurna-balabanı seçib. Bu alətlərin səsi insan fəryadını sanki daha məhrəm ifadə edir. 1974-cü ildə Salyan rayon mədəniyyət şöbəsində yaradılmış “Cəngi” ansamblının yaradıcı dirəklərindən sayılır qardaşlar. 

Şəhidin muzey-otağında ata onun fotoları fonunda ifalar səsləndirməsi ilə də nakam balasının ruhunu şad elədi. Çünki o da musiqiçi idi, fortepianoda gözəl mahnılar çalırdı. Bakıda uşaq müsabiqəsində qalib də gəlibmiş. “Fəryad” filminə ağlayaraq baxıb, musiqiçi yox, hərbçi olub qisas alacağam, – deyirdi. Elə də oldu: silahı ilə zəfər oratoriyası çaldı Samir! 

Valeh kişinin ifasında “Naxçıvan köçərisi” dillənəndə, sanki, onun səsini eşitdik: 

 

“Köçəri” çal, köçən mənəm, 

Vətən andı içən mənəm... 

 

Ata göz yaşını saxlaya bilməyib, çalğısına ara verdi. Handan-hana: “Barmaqlarım alətə çətin yatır, tədricən uyğunlaşır” – dedi. Sonra “Çahargah” ladında əzəmətli “Cəngi” süzüldü odlu nəfəsindən. Hiss edirdik ki, səsi bərk çıxmasın, qonum-qonşu eşitməsin deyə bir az astadan üfürür balabanı. 

Sonra ata yenə xatirələrə daldı: 

– Balamın şəhid xəbəri məni anındaca sarsıtdı, belim büküldü, qulaqlarım tutuldu. Əhmədbəylidə hospitalda oğlumun nəşini axtaran anda reproduktorla “Füzuli alındı!” xəbəri verildi və bir anlıq axtarış “missiya”mı unudub sevincdən hayqırdım... Sol sinəsindəki iri xalından tanıdım balamı... Ondan sonra musiqidən xeyli uzaq qaldım... 

Valeh kişi sonra dedi ki, bir ara vətənpərvərlik ruhlu tədbirlərdə oğlunun orden-medalları taxılmış pencəyini atıb çiyninə. İndi hərdənbir nəfəs alətlərində çalır. Yastı balaban sızlayır, qara zurna ilan dili çıxarır. Neyləmək olar?.. 

Yaxşı ki, balalarımızın qanı batmadı, bu üzdən də Vətən qürurlu, şəhid fəxarətliyik.

Əli NƏCƏFXANLI 
XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
xalqqazeti.az

1Mənbələr