AZ

Şuşa zəfərinin qəhrəmanı

...Bir vaxtlar Qafqaz sıra dağlarının ətəyində yerləşən Balakən rayonunun Qaysa kəndində çiynində məktəbli çantası, üzü Günəşə boylanan Ramazan adlı bir oğlan yol gedirdi. Ana təbiətin özü ilə gələcək arzularından danışa-danışa böyüyürdü. Rayihə saçan yağışdan sonra buludlar dağılır, göy üzü işıqlanırdı. Göy qurşağı onun ömrünü əlvan rənglərlə bəzəyirdi. 

Vətən torpağına, onun hər qarışına uşaq yaşlarından beləcə doğma hisslərlə bağlanıb Ramazan. Bir-birinin çiyninə baş qoyan dağlar sanki əsgər kimi Qaysanın keşiyini çəkir. Dağlardan güc alan Ramazan da ana Vətənin keşiyində dağ kimi dayanıb. Nə gözəl deyimdir, “dağlardan güc alanın ürəyi dağ boyda olur”.

Ramazan dünya boyda arzularla yaşayan bir uşaq olub. Ürəyində Vətənə xidmət eşqi uşaqlıq illərindən aşıb daşırdı. Gələcək arzuları içərisində ən ümdə arzusu hərbçi olmaq, torpaqlarımızı düşmən tapdağından azad etmək idi. Elə İzzət ata da oğlunu hərbçi görmək istəyirdi.

... Vətən müharibəsinin Qəhrəmanı, kapitan Ramazan Hudulovla üz-üzə oturub söhbət edirəm. Xəyalı yenə ötən illərin uzaq yollarından keçib gəlir. Bu mətin görkəmli, enlikürək, xoşrəftar qəhrəmanımızın sözündən-söhbətindən doymaq olmur. Düşməni Daşaltıdan, Şuşadan qova-qova çıxaran, məhv edən Ramazanın hər sözü insanın qəlbini Vətən eşqi ilə doldurur. Onu dinlədikcə sanki əcdadlarımızın müqəddəs ruhları dolaşan ana torpaqda illərin, əsrlərin arxasından gələn səsləri eşidirəm.

O öz doğma kəndinə müharibədən qayıdanda milliyyətcə avar olan bütün el-oba görüşünə gəldi. Bu görüş, bu şadyanalıq təkcə Qaysanı deyil, sanki yeri-göyü nura qərq etdi. Ramazan hamı ilə xoş və mehriban görüşürdü. Qismətinə gözəl Şuşamızı azad etmək yazılan igid oğul həmin gün elə vüqarlı görünürdü ki... Adının qəhrəmanlar sırasına yazılması hər adama qismət olmur. Bu, Ramazanın ömür kitabının qızıl hərflərlə yazılmış səhifəsidir. Bu onun tale qismətidir.

Ramazan Hudulov Ali Baş Kamandan qarşısında çıxış edəndə, keçdiyi döyüş yolundan danışanda qəlbimi qürur hissi ilə doldurdu. Vətən eşqi ilə yaşayan qəhrəmanımızın şəfqətli səsi qəlbimə, yaddaşıma hopdu. Onun çıxışını efirdən təkrar-təkrar izlədim. O qədər səmimi, içdən gələn sözlər deyirdi ki:

“Azərbaycanda bir çox xalqların nümayəndələri – türklər, ləzgilər, avarlar, talışlar, ruslar, yəhudilər, udilər, tatlar mehriban bir ailənin üzvü kimi yaşayırlar. Mən avar xalqının nümayəndəsiyəm. Bizim bir adımız var, biz azərbaycanlıyıq! Bu birlik, bu dostluq, bu qardaşlıq böyük Qələbəyə gedən yolda daha da möhkəmləndi, daha da bərkidi”. Ramazan Hudulov bu sözləri xüsusi vurğuladı. Onun çıxışında dərin hisslərlə səmimi duyğular, vətənpərvərlik vəhdət təşkil edirdi. O səs qəlbimdə geniş əks-səda doğurdu. 

Ramazan Hudulov 1994-cü ildə dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2016-cı ildə ali hərbi məktəbi bitirərək Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə zabit kimi xidmətə başlayıb.

Xocavənd istiqamətində bölük komandiri, Füzuli cinahında tabor komandirinin müavini, Şuşa istiqamətində tabor komandiri vəzifəsində döyüşlərdə iştirak edib. “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medallari ilə təltif olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Ramazan İzzət oğlu Hudulov Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən Müharibəsi Qəhrəmanı” kimi yüksək ada layiq görülüb.

Onun bədənində müharibə zərbələrindən 4 qəlpə yarası qalıb. Amma Ramazan kimi igid oğullarımızın qəhrəmanlığı sayəsində bu gün Şuşa azad, bəxtəvər günlərini yaşayır. Ordumuzun əbədi qələbəsi xalqımızı daha xoşbəxt günlərə qovuşdurub.

Həzi HƏSƏNLİ, 
şair-publisist

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
xalqqazeti.az

1Mənbələr