AZ

"Təbiəti qorumaq vətəni qorumaq deməkdir"

Image

 "Mən istəyirəm ki, hamınız təbiəti qoruyasınız. Ağac kəsənlər, təbiəti korlayanlar, ətraf mühiti çirkləndirənlər cəmiyyətimizin, hamımızın düşmənidir. Ona görə də qurub yaradın."- yaşıllıq haqqında olan fikirlərimə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin sözləri ilə başlamaq istədim.

 Yaşadığımız dünya, bizi əhatə edən maddi aləm çox gözəl və rəngarəngdir. Əslində elə biz özümüzdə təbiətin bir zərrəsiyik. Biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı onun bitkilər aləmi olan-florasını, canlılar aləmi olan-faunasını qorumalıyıq. Sağlamlığımızda, yaşayışımızda təbiətdən asılıdır. 

 Təbiətin ayrılmaz hissələrindən biri də meşələrdir. Almanlar meşələr haqqında çox mənalı və müasir bir ifadə səsləndiriblər. Hansı ki bu ifadə "Yaşıl ciyər" ifadəsidir. Yaşıllıq insana çörək qədər lazımdır. Həm də çörəksiz insan məhv olduğu halda, yaşıllıqsız bütün canlılar aləmi məhv olur. Meşələr bizim sərvətimizdir. Məlum məsələdir ki, meşələri-Yer kürəsinin yaşıl kəmərini bircə an təsəvvür etməsək, demək bəşərdə yoxdur. Təəssüf ki, son zamanlarda baş verən təbii qazın azlığı, kənd təsərrüfat işləri meşələri sıxışdırır. Bu insanlara qarşı törədilmiş ən ağır müharibədir. İnsan zəkası, ağlı bu müharibələri dəf etməyə qadirdir. Biz təbiətin qədrini bilməyən,onu korlayan insanlara qarşı mübarizə aparmalıyıq, onun gözəlliyini mühafizə etməliyik. 

 Azərbaycan ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin mənfi təzahürlərinin qarşısının alınmasına xüsusi önəm verir. Ölkəmizin 2030- cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının "yaşıl enerji" zonası elan edilməsi, 2024-cü ilin "Yaşıl Dünya Naminə Həmrəylik İli" elan olunması bu sahədə aparılan məqsədyönlü tədbirdir. 

 BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ( COP 29) iştirakçı ölkələrin qərarı ilə 2024-cü ildə Azərbaycanda keçiriləcək. İştirakçılarının sayına, səviyyəsinə, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbirlərdən hesab olunur. Belə bir tədbir haqqında məlumatı mən Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırovanın "Yaşıl Dünya Naminə Həmrəy Azərbaycan" adlı yazdığı məqaləsində gördüm. Arzu xanımın bu məqalədə səsləndirdiyi fikirlərlə gələcəyin jurnalisti olaraq məndə çox razıyam. 

 BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP 29) iqlim böhranının həlli yönündə çalışmaların əlaqələndirilməsi,onun aradan qaldırılması,strategiyaların işlənib hazırlanması üçün çox önəmli beynəlxalq platformadır. Məhz ona görə bu qənaətdəyik ki, COP 29 ölkəmizə iqtisadi cəhətdən də qazanc gətirə biləcək bir platformadır. Arzu xanımın bu fikirləri ilə məndə razılaşıram. 

 Mən özümdə gənc bir tələbə olaraq ölkəmizdə keçirilən ağac əkmə aksiyalarının tərəfdarıyam. Düşünürəm ki, ölkəmizin ətraf mühitinin,təbiətinin qorunmasına COP 29 müsbət təsir edəcək. Belə bir platformanı mən ölkəmiz üçan daha bir uğur,nailiyyət hesab edirəm. 

 Rəssam da, şair də, bəstəkar da öz əsərlərində təbiətin min bir gözəlliyindən bəhs edir. Lakin təbiətin yaratdıqlarını tam təsvir edə bilmirlər. Misal olaraq  deyə bilərik ki, adi qanqal çiçəyinin rəng çalarlarını çəkməyə nə rəssam fırçası, nə də şairin qüdrəti çatır. Biz insanlarda dərk etməliyik ki, Allahın yaratdığı bu möcüzələri qorumaq lazımdır. Təbiətin qədrini bilməliyik, körpə fidanlar əkməliyik. Etdiyimiz bu hərəkətlə biz gələcək nəsillərə də örnək olarıq. Burada əsas şərt yaşıllıq salmaq deyil, salınan yaşıllığı qorumaqdır. Son olaraq öz fikirlərimi görkəmli şairimiz Hüseyn Arifin bu misraları ilə yekunlaşdırmaq istəyirəm:

Hər vaxt təbiəti gətirək yada

O, bizi duyğusuz, ruhsuz sanmasın.

Yollar uzansa da, yollar artsa da,

Meşələr pozulub, yaralanmasın!

 Məmmədrzayeva Nuray, 
Bakı Slavyan Universiteti jurnalistika ixtisası birinci kursu






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
baki-xeber.com

1Mənbələr