AZ

Azərbaycan Silahlı Qüvvələrinin bir parçası olmağımla fəxr edirəm – Anar Şuşalı

Bu günlər yurdumuzu azad, könlümüzü şad edən Azəörbaycan Silahlı Qüvvələrinin 106 yaşını qeyd edirik. Qüdrətli ordu xalqın dayağı, ən böyük qürurudur. Bu gün müzəffər Azərbaycan Ordusunun tarixi ənənələri yeni müstəvidə qorunub saxlanılır, inkişaf etdirilir. Ali Baş Komandan İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək güclü Azərbaycan Ordusu formalaşdırdı. Dünyanın ən güclü ordu sıralarında addımlayan Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində öz imzasını qoyaraq dünyaya öz gücünü, qüdrətini göstərmiş oldu. Azərbaqycan tarixi Zəfər qazanaraq Azərbaycan bayrağını doğma torpaqlarımızın ən uca zirvəsində dalğalandırmağı bacardı.

Herbiand.az-la Ordumuzun 106 yaşının sevincini bölüşən hərbi jurnalist Anar Şuşalı Silahlı Qüvvələr Gününün Qələbə təntənəsində qeyd edilməsindən qürur duyduğunu bildirb:

“106 yaşlı Qalib ordunun parçası olmaq, onun təbliğat-təşviqat işi ilə məşğul olmaq qürurverici bir hissdir. 20 illik kariyeramın demək olar ki, hər bir ilini hərbi-vətənpərvərlik layihələri həyata keçirmişəm. Eyni zamanda müxtəlif sənədli filimlər çəkmişəm. 2004-cü ildə Universiteti bitirdikdən sonra “Lider” televiziyasında yayımlanan “And yerimiz vətən” verilişində asistent kimi fəaliyyətə başlamışam. O zaman verilişin layihə rəhbəri və aparıcısı Rövşən Cahangirov, ssenari müəllifi isə Seymur Şahbazov idi. Həmin vaxtdan bu yola çıxdım. Təcrübə toplayıb müxtəlif hərbi layihələr həyata keçirməyə başladım. Elə həmin gündən etibarən demək olar ki, Ordunun, Silahlı Qüvvələrin bir parçası oldum. Və bu gün bundan böyük qürur hissi keçirirəm”.

Müsahibim torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə hərbi jurnalist kimi iştirak edib Azərbaycanımızı Qələbəyə doğru aparan döyüşçülərimizin şücaətlərini işıqlandırmaqdan qürur duyduğunu söylədi:

“2016 və 2020-ci ildə hərbi jurnalist kimi torpaqlarımızın azadlığı uğrunda döyüşən əsgərlərimizin yanında oldum. Azərbaycan Silahlı Qüvvələrinin  müzəffər Ali Baş Komandanı İlham Əliyevin ordumuza göstərdiyi diqqət və qayğı, bütün bunların fonunda güclənən qalib ordunun inkişaf prosesi gözümün önündə olub. Əlbəttə bütün bu inkişafı işıqlandırmaq, xalqımıza təqdim etmək özü də bir fəxarətdir.

2020-ci ildə ordumuzun əks-hücum əməliyyatı zamanı sentyabrın 27-dən döyüş bölgələrindən çəkilişlər etmək üçün rəhbərliyə müraciət etdim. Şükürlər olsun ki, bu mənə qismət oldu. Bütün cəbhəboyu istiqamətlərdə çəkilişlərə başladım. Həm də ona görə xoşbəx oldum ki, ilk qalib əsgəri və ilk azad olunan ərazidən çəkilişləri biz AZTV olaraq təqdim etdik. Bu gün torpaqlarımız azad olunub. Artıq işğaldan azad olunmuiş ərazilərə köç başlanıb. Laçın, Şuşa, Füzuli, Zəngilan və Xocalıya qayıdışlar oldu. Artıq məcburi köçkün ifadəsi işlənmir. Biz bu döyüşlərdə şəhidlər verdik. Öz sağlamlıqlarını doğma torpaqlrımız uğrunda itirən qazilərimiz oldu. Doğma torpaqlara qayıdışın səbəbkarı onlardır. Azərbaycan bu gün onlar sayəsində bütövləşib. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin”.

Anar Şuşalı 26 iyun tarixinin onun üçün əlamətdar gün olduğunu qeyd etdi:

“2024-cü il 26 iyun tarixində Azərbaycan Ordusu 106 yaşını qeyd edir. Bu tarix həm də onunla əlamətdardır ki, Azərbaycanımızın ərazisi bütövdür, bütün sərhəd boyu əsgərlərimiz xidmət edir. Həm də onunla əlamətdardır ki, Azərbaycan ərazisində başqa ölkənin qoşun növü yoxdur. İstər sülhməramlı, istərsə də cinayətkar düşmən kimi onlar artıq ərazilərimizdən təmizlənib.

Bu tarix Azərbaycan Ordunun bir parçası olan Anar Şuşalı üçün də çox əlamətdardır. Və qalib Ordunun bir hissəciyi kimi əlbəttə, bu məni sevindirir. Ulu Öndərin gözəl bir sözü var: “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”.

Bəli, biz bütövlükdə xoşbəxt, qalib bir dövlətin vətəndaşıyıq. O ölkə ki, müzəffər Lideri və dünyanın siyasi arenasında öz dəsti-xətti, imzası var.

Silahlı Qüvvələr Günü münasibətilə xalqımızı təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətimizdə hər birimizə uğurlar diləyirəm”.

 

Elnurə İSAXAN



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
herbiand.az

1Mənbələr