AZ

Bakıda Moskva Quberniya teatrının artistlərinin ustad dərsi: Mədəniyyətlərarası qarşılıqlı əlaqə hər zaman sərvətdir

Bakı, 25 iyun, AZƏRTAC

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının platformasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri üçün Moskva Quberniya Teatrının aktrisası Alina İvaxın vokal üzrə ustad dərsi olub.

AZƏRTAC xəbər verir ki, paralel olaraq artistlər Aleksandrina Pitirimova və Natalya Kulikova aktyorluq sənəti üzrə ustad dərsi keçiriblər.

Dərslər başlamazdan əvvəl AZƏRTAC-ın müxbiri ilə söhbətində rusiyalı teatr aktrisası Aleksandrina Pitirimova bu gün Azərbaycanda gənc artistlərin bacarıqlarının inkişafı üçün hər cür şəraitin yaradılmasından məmnunluğunu bildirib. “Bu gün Bakıda biz söhbət etmək və dərs zamanı tələbələrin istəklərini öyrənmək, onları maraqlandıran sualları cavablandırmaq istəyirik. Mən Rusiya Teatr İncəsənəti İnstitutunun - RTİİ-nin məzunu, Moskva Quberniya Teatrının aktrisası, həm də Leonid Efimoviç Xeyfetsin emalatxanasının məzunu kimi teatr fakültəsinin azərbaycanlı tələbələrinə və gələcək artistlərə çox şey ötürə bilərəm. Müxtəlif vaxtlarda “Milad bayramı. Misteriya. Bal”, “Albalı bağı”, “Qırmızı çiçək” və s. kimi tamaşalarda çıxış etmişəm. Filmlərdə çəkilmirəm, amma teatrı çox sevirəm. Bakıya ilk dəfədir gəlirəm, çox maraqlı, özünəməxsus şəhərdir. Buradakı insanlar heyrətamizdir. Ailəmlə birlikdə Bakıya gəlmək, dincəlmək və parlaq xatirələr toplamaq istərdim”, - deyə A.Pitirimova qeyd edib.

Rusiyanın Xalq artisti Sergey Bezrukovun rəhbərliyi ilə Moskva Quberniya Teatrının truppasının rəhbəri Alina İvax tədbir iştirakçılarına özü haqqında məlumat verərək deyib ki, o, vokalçılar üçün aktyorluq sənəti müəllimi, “vokal terapiyası” üzrə ustad dərslərinin aparıcısı, həmçinin Beynəlxalq Böyük Uşaq Festivalının icraçı direktorudur. “Əslində, hesab edirəm ki, bu, şəxsən mənim və kollektivimiz üçün bizə inanılmaz həzz verən ikinci böyük işdir. Sergey Vitalyeviç Bezrukov Fondu və Moskva Quberniya Teatrı ilə artıq yeddinci ildir ki, Böyük Uşaq Festivalını keçiririk və bu, bizim üçün ənənəvi hal alıb. Sergey Bezrukov bunu düşünəndə dedi: "İstəyirəm ki, ölkəmizə peşəkarların uşaqlar üçün etdiklərinin ən yaxşısını göstərək". Ona görə də bunlar təkcə teatr tamaşaları deyil, baxmayaraq ki, bu festivalın əsasını teatr təşkil edir. Festival çərçivəsində uşaqlar üçün film nümayişi və cizgi filmlərinin təqdimatları keçir. Burada böyük kitab proqramı da var”, - deyə Alina İvax festivalı Azərbaycana gətirməyi də təklif edib.

Mədəniyyət sahəsində Rusiya-Azərbaycan əməkdaşlığına toxunan aktrisa onun bundan sonra da irəliləyəcəyinə və inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. “Çünki mənə elə gəlir ki, bu, çox vacibdir. Mədəniyyətlərarası qarşılıqlı əlaqə hər zaman sərvətdir. Bu, bizi hər şeydə çox zənginləşdirir”, - deyə o vurğulayıb.

Ustad dərsi zamanı Moskva Quberniya Teatrının truppasının rəhbəri azərbaycanlı sənətçilərin ifasında Rusiyada “Arşın mal alan” tamaşasına necə baxdığını xatırladıb. “Rusiyada Azərbaycan tamaşalarına baxmışam və bu, mənim üçün çox maraqlı idi. “Arşın mal alan” şəxsən mənim sevdiyim çox gözəl tamaşadır və mən bir neçə quruluşuna baxmışam. O qədər rəngarəngdir, demək olar ki, bütün quruluşlarda həm Azərbaycan rəqsləri, həm də mahnılar nəzərə alınır”, - deyə ustad dərsin aparıcısı paylaşıb.

Teatrın yeni müəlliflərlə işi ilə bağlı sualı cavablandıran Alina İvax qeyd edib ki, onların repertuarında müasirlərin bir neçə tamaşası var. “Teatrla yeni müəlliflər arasında heç bir xüsusi problem yoxdur. Yeni tamaşaların izləyici tərəfindən qəbul edilməsi problemi var - tamaşaçı tanınmış adlara, titullara gedir. Naməlum bir şey meydana çıxanda tamaşaçılar teatra o qədər də getmək istəmirlər. Ümid edirəm ki, zaman keçdikcə biz bu stereotipi qıracağıq. Azərbaycanda necə olduğunu bilmirəm, amma Rusiyada “ağızdan-ağıza” hələ də təsirlidir. Tamaşaçılar digər tamaşaçılarla ünsiyyətdə olanda sizin haqqınızda heyranlıqla danışanda bu, teatr üçün ən yaxşı reklamdır. Bu, “Vısotski. Əfsanənin yaranması” tamaşası ilə baş verdi. Hər kəs bu quruluşa çox ehtiyatla yanaşırdı. Beləliklə, biz tamaşanı nümayiş etdirdik. Lakin biz onu ertəsi gün oynayanda artıq bu quruluşa bütün biletlər altı ay əvvəlcədən satılmışdı”, – deyə aktrisa əlavə edib.

Alina İvax tədbirin təşkilatçılarına minnətdarlığını bildirib: “Mən təbii ki, həm Azərbaycan tərəfinə, həm də Rusiya tərəfinə təşəkkür edirəm. Çünki ilk dəfədir ki, “Roskonsert” Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə teatr sənətinin nümayəndələri üçün tədbir təşkil edir. Bu, çox gözəl mübadilədir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
azertag.az

1Mənbələr