AZ

Heydər Əliyev adına Hərbi İnstitutun məzunları: Azərbaycan Bayrağının dalğalandığı hər bir nöqtədə xidmət etmək şərəfdir

Heydər Əliyev adına Hərbi İnstitutun məzunları: Azərbaycan Bayrağının dalğalandığı hər bir nöqtədə xidmət etmək şərəfdir

“Heydər Əliyev adına Hərbi İnstitutda təhsil aldığım dövrdə Prezident İlham Əliyevin Sərəncamı ilə təsis olunmuş “Heydər Əliyev adına təqaüd”ə layiq görülməyimin, “komando başlanğıc kursu”nu və Ulu Öndər Heydər Əliyevin adını daşıyan hərbi təhsil müəssisəsini birinciliklə bitirməyimin böyük qürur və şərəfini yaşayıram”.

Bunu AZƏRTAC-a müsahibəsində Heydər Əliyev adına Hərbi İnstitutu fərqlənmə ilə bitirən leytenant Nurlan Bəhmənli deyib.

“Bu hərbi təhsil ocağının yetirmələri 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət nümunələri göstərib. Bizim burada and içərək bu şərəfli peşəyə başlamağımız 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin başlanması ilə üst-üstə düşdü. Həmin il Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu şanlı tarix yazdı. Biz o zaman nə qədər şərəfli bir təhsil ocağında necə məsuliyyətli missiyanı üzərimizə götürdüyümüzü daha yaxşı anladıq. Qürurla qeyd etmək istəyirəm ki, 83 nəfər Vətən Müharibəsi Qəhrəmanının 50 nəfəri bu hərbi təhsil müəssisəsinin məzunudur. Eyni zamanda, müstəqillik dövründə Azərbaycanın Milli Qəhrəman adı alan 218 nəfərin 150-dən çoxu hərbi institutumuzun məzunlarıdır. Bu böyük və fəxr olunası rəqəmdir. Bütün məzun yoldaşlarımın gələcəkdə böyük uğurlar qazanacağına şübhəsiz inanıram. Burada aldığımız təhsil və təlimlər gələcəkdə qarşılaşacağımız çətinliklərdən çıxmaqda böyük rol oynayacaq. Bütün uğurlarımı valideynlərimə və nailiyyətlərimə sevinən hər kəsə həsr edirəm. Bu əlamətdar günü bizimlə bölüşən və yanımızda olan hər kəsə minnətdaram”, - deyə N.Bəhmənli bildirib.

Hərbi təhsil müəssisəsinin digər fərqlənən məzunu leytenant Səbuhi Kazımov isə həm özünün, həm də ailəsinin arzusunu yerinə yetirdiyi üçün sevincli olduğunu deyib: “Mənim üçün çox sevincli və xoşbəxt günlərdən biridir. Neçə ildir bu anı gözləyirdim. Uşaqlıqdan zabit olmaq, Azərbaycan Ordusunda xidmət etmək istəyirdim. Bu, həm də ailəmin də arzusu idi. Gündən-günə qüdrətlənən ordumuza layiqli xidmət edəcək və verilən tapşırıqları ən yüksək səviyyədə yerinə yetirməyə hazır olacağam. Mənim üçün Azərbaycan Bayrağının dalğalandığı hər bir yerdə xidmət etmək şərəfdir”.

Mənbə: AZƏRTAC

Seçilən
13
1
ilk.az

2Mənbələr