AZ

İki azad rayonumuz 5 gündə 5 min maşın, 20 min turist qəbul etdi...

Image

Ceyhun Aşurov: “Bu, həm də o şəhərlərdə turizmin aktivləşməsinin göstəricidir”

Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində (15.06.24-19.06.24) Şuşa və Laçın şəhərlərinə 5 minə yaxın fərdi avtomobillə 20 minə yaxın turist səfər edib. Bu barədə mətbuata ərazilər üzrə xüsusi nümayəndəliklərdən məlumat verilib.

Bildirilib ki, son vaxtlar Şuşa və Laçın şəhərlərinə fərdi avtomobil ilə turist səfərlərinin sayında artım baş verib.

Bu çox maraqlı faktdır və buna azad şəhərlərimizə turist axınının güclənməsi kimi də yanaşmaq olar.

Qeyd edilən tarixlər üzrə Şuşa postundan 5673 avtomobil ilə 15839 nəfərin, Güləbird postundan isə 9937 avtomobil ilə 26831 nəfərin keçidi təmin edilib.

“İnsanlar o bölgələrə kifayət qədər maraq göstərirlər” 

Turizm üzrə ekspert Ceyhun Aşurov “Bakı-Xəbər”ə bildirdi ki, son dövrlər ümumiyyətlə Azərbaycanda yeni istiqamətlərdə turzim məkanları artıq turistləri qəbul edir. “İşğaldan azad olunmuş ərazilərimizdə təhlükəsizlik məsələləri həll olunduqca, infrastruktur imkan verdikcə ora da turist səfərlərinin sayı artır. Düzdür, ora gedənlərin əksəriyyəti ata-baba ocağı orada olan vətəndaşlarımızdır. Amma bizim digər vətəndaşların da işğaldan azad olunmuş ərazilərə, məhz qeyd olunduğu kimi, Şuşaya, Laçına, Ağdama və başqa yerlərimizə maraqları böyükdür. Çünki ora bizim işğaldan azad olunan və Zəfər qazandığımız tarixi torpağımızdır. Bizi ora təkcə məkan cəlb etmir, bunun bir mənəvi tərəfi də var. Bildirildiyi kimi, Qurban bayramı günlərində ora 5 minə yaxın avtomobil və  20 minə yaxın turist gedib. Oraya gedən turistlərin yarıdan çoxu da məhz otellərdə gecələyib. Bu həm də o şəhərlərdə turizmin aktivləşməsinin göstəricidir. Qeyd etmək lazımdır ki, qeyri-iş günlərində, bayramlarda Azərbaycan vətəndaşları regionlara səfərləri artıq bir ənənə halına gətiriblər və imkan olduqca regionlara qısamüddətli səfərlər edirlər. Bu səfər marşurutlarının arasında məhz Qarabağ bölgəsinin, Şuşa və Laçının olması da təsdüfi deyil. İnsanlar o bölgələrə kifayət qədər maraq göstərirlər. Ona görə də, turizm şirkətləri bu istiqamətlərdə müxtəlif turlar, marşurutlar hazırlayırlar. Həm tarixi yerlərimizi görmək, həm o yerlərin təbiətini seyr etmək üçün  marağın qarşılığında bu cür turların sayının artması təsadüfi deyil”.

C.Aşurov bildirdi ki, o ərazilərin bizim digər turistik məkanlardan fərqi əsasən tamamilə başqa, yeni bir mənzərədə olmasıdır. “Çünki vaxtilə getmək imkanımız olmadığı əraziləri indi görmək bir başqa zövqdür. Ona görə də buna bir az da daxili maraq güclüdür. Əlbəttə, digər rayonlarımıza gedən vətəndaşlarımız da var, turizm şirkətləri ora da turlar təşkil edir. Amma işğaldan azad olunmuş ərazilərə getməyə xüsusi maraq hiss olunur. Hazırda orada say artımının səbəblərindən biri də, həm öz dədə-baba ocaqlarını ziyarət etmək istəyən vətəndaşlarımız, həm də sadəcə işğaldan azad olunmuş ərazilərimizi görmək istəyən, bunda böyük marağı olan daxili turistlərmizdir”-deyə C.Aşurov bildirdi. 

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
baki-xeber.com

1Mənbələr