AZ

Dövlət İmtahan Mərkəzində beynəlxalq seminar başa çatıb

24 – 25 iyun 2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzi və Dövlət Qulluğu üzrə Astana Regional Xabın birgə təşkilatçılığı ilə Bakı şəhərində “Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi” adlı beynəlxalq seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, seminarın birinci günü strateji insan resursları və istedadların idarə edilməsi, dövlət qulluğuna kadrlarının işə qəbulunda müqayisəli yanaşma, dövlət qulluqçuları üçün səriştə əsaslı qiymətləndirmə ilə bağlı təqdimatlar edilib, həmçinin bu sahədə son yeniliklər və qabaqcıl təcrübələr bölüşülüb.

 

Bu gün isə yerli qurumlardan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət qulluğu  və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova “ƏƏSMN-nin sistemində əməkdaşların səriştə əsaslı xidməti fəaliyyətinin qiymətləndirilməsi”, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnsan resurslarının idarə olunması şöbəsinin müdiri Fidan Fərzəliyeva “Dövlət qulluqçuları üçün səriştə əsaslı qiymətləndirmə”, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Dövlət Xidmətlərinin dizaynı və innovasiyalar departamentinin müdiri Səmral Əliyev “Dövlət xidmətlərində dizayn düşüncənin tətbiqi və performansın idarəedilməsi”, DİM-in Dövlət informasiya resursları departamentinin müdiri Vüqar Əkbərov isə “Dövlət Qulluqçularının Xidməti fəaliyyətinin qiymətləndirilməsi informasiya sistemi” adlı təqdimatlarla çıxış ediblər.

 

İştirakçılar daha sonra DİM-in elektron imtahanlar korpusunda yaradılan innovativ platforma,  xüsusi proqram təminatı və texnoloji infrastruktur ilə əyani tanış olmaq üçün Mərkəzin yeni binasına səfər ediblər.  

 

Həmçinin qonaqlar üçün mədəni proqram çərçivəsində Beynəlxalq Muğam Mərkəzində müxtəlif sahələr üzrə incəsənət nümunələrinin nümayişi və İçərişəhərdə gəzinti nəzərdə tutulub.

 

Xatırladaq ki, 2 gün davam edən seminarın əsas məqsədi dövlət qulluğunda səriştə əsaslı seçim və qiymətləndirmə sahəsində qabaqcıl təcrübələri bölüşmək, bu sahədə əldə edilmiş bilikləri paylaşmaq, eyni zamanda ölkələrimizin dövlət qulluğu üzrə rəhbər şəxsləri və mütəxəssisləri arasında dövlət qulluqçularının inkişafına dair müasir təcrübələr əsasında müzakirə aparmaq olub.

 

Tədbirdə Azərbaycan, Türkiyə, Bosniya və Herseqovina, Şimali Makedoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın  dövlət qulluğu orqanlarının rəhbər şəxsləri, dövlət sektorunda insan resurslarının idarə edilməsi siyasətinin formalaşdırılması və həyata keçirilməsinə cavabdeh olan dövlət qurumlarının nümayəndələri, Dövlət İdarəçilik Akademiyalarının rektorları olmaqla, ümumilikdə 70 nəfər iştirak edib. İştirakçılara seminarda iştirakla bağlı sertifikat təqdim olunub.

 
Seçilən
77
1
azedu.az

2Mənbələr