AZ

Yolumuz Qarabağadır: Xaricə səfərlər azalır, artıq əksəriyyət Şuşaya, Laçına üz tutur -ANALİZ

Yaxın 3-4 ildə daxili və xarici turistləri nəzərə alaraq, Qarabağın 1 milyon insanı qəbul edəcəyi gözlənilir


Azərbaycanın işğaldan azad edilmiş ərazilərində  daimi yaşayış üçün infrastruktur, o cümlədən turizm infrastrukturu yaradılır. Həmin torpaqlar turizmin inkişafı üçün geniş perspektivlər  vəd edir. Yeraltı və yerüstü sərvətlərlə zəngin olan Qarabağın turizm potensialı kifayət qədər genişdir. Burada turizmin bir çox növləri - ekoturizm, dağ turizmi, qış turizmi, ov turizmi, sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar mövcuddur.
Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhərinin tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verir.
Laçın rayonu da turizm məkanı kimi böyük potensiala malikdir. Zəngin flora və faunası, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı, İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı ərazinin turizm imkanlarını genişləndirir. Qeyd edək ki, “Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. Artıq vətəndaşlar fərdi minik avtomobilləri ilə Laçın şəhərinə turist kimi səfərlərə qoşulub sərbəst gəzmək, gecələmək imkanlarına sahibdir. 
Demək olar ki, son aylar sosial şəbəkələrdə, müxtəlif saytlarda Şuşa- Laçın turu üçün elanlar  paylaşılır. Kifayət qədər də tələb var. Ötən illərdə yay istirahətini xarici ölkələrdə, yaxud da respublikamızın digər turizm bölgələrində keçirən insanların böyük əksəriyyəti artıq gəzmək üçün Şuşaya, Laçına üz tutur. 
Məlumat üçün bildirək ki, vətəndaşlar səfər üçün icazəni 26 aprel tarixindən başlayaraq “Yolumuz Qarabağa” portalı  üzərindən əldə edə bilərlər. Rəsmiləşdirilən icazələrin etibarlılıq müddəti 2 gün nəzərdə tutulub. Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” və Horadiz qəsəbəsindən keçməklə Cəbrayıl – Zəngilan – Qubadlı – Laçın marşrutu ilə mümkün olacaq. Məlumatda qeyd olunub ki, fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfərə icazə alına bilər. Fərdi minik avtomobilləri dedikdə, Azərbaycan avtomobil dövlət qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur. Fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, mina təhlükəsizliyinə əməl etmək üçün işğaldan azad edilmiş ərazilərə daxil olduqdan və müvafiq yoxlanışdan keçdikdən sonra marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər. Vətəndaşlar səfərdən öncə portalda yerləşdirilmiş mehmanxana və digər yerləşmə məntəqələri ilə əlaqə saxlayıb otaq sifarişlərini həyata keçirə bilərlər. 
Bu qərardan sonra  Şuşa ilə yanaşı Laçın şəhərnə fərdi avtomobil ilə turist səfərlərinin sayında artıb baş verib. Qeyd edilən ərazilər üzrə xüsusi nümayəndəliklərdən daxil olan məlumata əsasən, Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində (15.06.24-19.06.24) Şuşa şəhərinə 2650 avtomobil ilə 12 528 nəfər, Laçın şəhərinə isə 2 296 fərdi avtomobil ilə 8 330 nəfər səfər edib.Şuşaya səfər edənlərin 1779 nəfəri, Laçına səfər edənlərin isə 709 nəfəri hotellərində qonaqlayıb.2023-cü il dekabrın 27-dən 2024-cü il iyunun 19-dək Şuşa şəhərinə ümumilikdə 72 298 nəfər səfər edib.Bu il aprelin 27-dən iyunun 19-dək Laçın şəhərinə səfər edənlərin sayı isə 42 670 nəfər olub.Qeyd edək ki, Laçın şəhərinə giriş 2 yoxlanış-nəzarət məntəqəsi (Şuşa və Güləbird postları) vasitəsilə həyata keçirilir.Qeyd edilən tarixlər üzrə Şuşa postundan 5673 avtomobil ilə 15839 nəfərin, Güləbird postundan isə 9937 avtomobil ilə 26831 nəfərin keçidi təmin edilib.


Iqtisadçı ekspert Fuad İbrahimov isə “Sherg.az”a açıqlamasında deyib ki, azad edilmiş ərazilərə səfərlərin artırılması turizmin inkişafına töhfə verir: 
“Mərhələli şəkildə işğaldan azad olunmuş bütün yaşayış məntəqələrində məskunlaşma həyata keçiriləcək, səfərlər təşkil olunacaq. Laçında artıq məskunlaşma başlayıb və turlar təşkil olunur. Yaxın aylarda  Xankəndinə qayıdışa start verilməsi nəzərdə tutulub. Yəqin ki, növbəti aylardan antiterror tədbirləri nəticəsində işğaldan azad olunan ərazilərə həm insanlarımızın qayıtmasını, həm də turların təşkil olunmasını müşahidə edəcəyik.Bu gün bu potensialdan tam şəkildə yararlana bilməməyimizin səbəbi müəyyən ərazilərdə minaların olması və bəzi yerlərin işğalçılar tərəfindən tamamilə dağıdılmasıdır. Minadan təmizlənmə prosesi davam etdikcə, daha çox məskunlaşmalar, turlar müşahidə edilir”.

F. İbrahimovun sözlərinə görə, Qarabağın mövcud turizm potensialının tanıdılması üçün zəruri turizm infrastrukturunun yaradılması istiqamətində gərgin işlər davam edir:
 “ Xüsusi vurğulamaq lazımdır ki, turizmin iqtisadi tərəfi ilə yanaşı, tanıtım tərəfi də vardır. Turistlər həm Qarabağımızda dincələcək, təbiətin gözəlliyindən, mədəni-tarixi abidələrimizdən, yaradılmış əlverişli mühitdən zövq alacaq, həm də Ağdam, Cəbrayıl, Füzuli kimi ərazilərimizdə işğalın nəticələrini göstərmək üçün eksponat kimi nümayiş olunacaq bəzi tikililərlə də tanış olmaqla Qarabağın erməni barbarları tərəfindən hansı vəziyyətə salındığının, indi isə əsl sahibləri tərəfindən necə abadlaşdırıldığının əyani şahidi olacaqlar.Ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurda turizmin inkişafı ilə bağlı planlar genişdir. Yaxın 3-4 ildə daxili və xarici turistləri nəzərə alaraq, Qarabağın 1 milyon insanı qəbul edəcəyi gözlənilir”.

Ekspertin sözlərinə görə, Şuşa və Laçın yeni destinasiya olduğuna görə insanlar bu ərazilərə getmək istəyirlər:
"Eyni yerlərə təkrar getmək istəmirlər, məsələn, Quba, Qəbələ kimi rayonlara. İnsanlar yeni bölgələr axtarışındadırlar. Bu həm ölkədə daxili turizmin inkişafına, həm də regionda sosial-iqtisadi inkişafa yol açacaq. Həm də ki, işğaldan azad edilmiş ərazilər ölkə əhalisi üçün  böyük əhəmiyyət kəsb edir. Bu baxımdan onların bu marağı daxili turizmin inkişafına töhfə verə bilər.  Səfərlərin genişləndirilməsi həmin ərazilərdə yeni yaşayış obyektlərinin açılmasına, infrastrukturun, hotellərin, restoranların inkişafına təkan verəcək. Beləliklə həmin ərazinin çiçəklənməsinə birmənalı şəkildə qatqısı olacaq”. 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
sherg.az

1Mənbələr