AZ

Danimarka Ukrayna və Moldovanın Aİ-yə daxil olması üçün 20 milyon avro ayıracaq

Danimarka hökuməti Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlüyünə dəstək üçün 150 milyon Danimarka kronu (təxminən 20,1 milyon avro) ayıracaq.

Qaynarinfo xəbər verir ki, bu barədə çərşənbə axşamı, iyunun 25-də Danimarka Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, bu məbləğ 2030-cu ilə qədər ayrılacaq və iki ölkəyə Aİ üzvlüyünə yaxınlaşmaq üçün zəruri olan inzibati strukturların və qanunvericiliyin yaradılmasına kömək etmək məqsədi daşıyacaq.

"Mən şadam ki, biz Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlaya bilərik. Biz həmişə demişik ki, Aİ-nin genişlənməsi üzvlük üçün səviyyəni aşağı salmaq deyil, namizəd ölkələrə bunun öhdəsindən gəlməyə kömək etməkdir və biz hazırda Ukrayna və Moldovaya kömək edirik. Aİ-nin uğurlu genişlənməsi Avropanın sabitliyi üçün çox vacibdir”, - Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen bildirib.

Qeyd edək ki, Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlar bu gün, iyunun 25-də Lüksemburqda keçiriləcək birinci Ukrayna-Aİ hökumətlərarası konfransı ilə başlayacaq. Bu gün Aİ Şurası da Ukrayna ilə blok arasında təhlükəsizlik sazişinin mətnini təsdiqləməlidir. Bundan sonra Avropa Komissiyası Ukrayna qanunvericiliyinin təhlilinə başlayacaq.

Ukrayna və Moldova 2022-ci ilin iyununda üzvlük üçün namizəd ölkə statusu alıb. 

Nizami Bağırov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
qaynarinfo.az

1Mənbələr