AZ

Amangeldı Kurmetulı: "Türk dövlətləri hərbi pazlı yığırlar"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İyul ayında Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi zirvə görüşü keçiriləcək və bu ərəfədə bir çox ekspertlər və beyin mərkəzləri türk dövlətləri arasında hərbi əməkdaşlığın genişləndiyini qeyd edirlər. Buna nümunə olaraq Türkiyənin xarici işlər naziri Hakan Fidanın açıqlaması xatırlanır. H.Fidan vurğulamışdı ki, müdafiə və təhlükəsizlik - türk dövlətləri arasında əməkdaşlığın mühüm sahələridir. Türkiyəli nazir Ankaranın Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizliyinin yaxşılaşdırılmasına hərtərəfli töhfə verməyə hazır olduğunu da əlavə etmişdi.
Siyasi icmalçılar vurğulayırlar ki, bu yaxınlarda Azərbaycan və Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb. Analoji saziş iki il əvvəl Qazaxıstanla Türkiyə arasında imzalanıb. Təbii ki, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıqdan, qarşılıqlı hərbi yardımdan bəhs edən Şuşa Bəyannaməsinin imzalandığı da xatırlanır.
Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri arasında hərbi sahədə qarşılıqlı əlaqələrin gücləndirilməsi Şuşada keçiriləcək sammitdə əsas mövzu ola bilərmi?
Oxu.Az-ın bu sualını cavablandıran Qazaxıstanın məşhur hərbi analitiki Amangeldı Kurmetulı qeyd edib ki, çətin ki, bu dəfə hərbi əməkdaşlıq TDT ölkələrinin əsas mövzusuna çevrilsin:
- Avrasiya regionunda çətin geosiyasi vəziyyət mövcuddur. Bizdə, yəni Orta Asiyada biri şimalda, digəri isə şərqdə yerləşən iki fövqəldövlət faktoru var. Çox güman ki, Şuşada, əsasən, fövqəladə hallar zamanı müdafiə sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə ediləcək. Məsələn, texnogen fəlakətlər zamanı fəaliyyətin və yardımın planlaşdırılması məqamları daha əvvəl müzakirə edilmişdi. Yəqin ki, birgə qərargah yaradılacaq.
Lakin TDT ölkələri arasında qarşılıqlı hərbi əməkdaşlıq da öz axarı ilə davam edir. Qazaxıstanla Özbəkistan, Qazaxıstanla Azərbaycan, Qazaxıstanla Türkiyə arasında müqavilələr var. Birgə təlimlər keçirilir. Kənardan bu, sırf ikitərəfli münasibət kimi görünsə də, əslində, türk ölkələri hərbi pazlı yığırlar. Bir neçə ildən sonra bütün ölkələr arasında ikitərəfli hərbi müqavilələr bağlananda pazl tamamlanacaq və bundan sonra türk dövlətlərinin hərbi ittifaqı yarana bilər.
Sammitə qayıdaq. Qazaxıstanda Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin gömrük ittifaqının yaradılması imkanları fəal şəkildə müzakirə edilir. Ola bilsin ki, Şuşada bu mövzuda müzakirə aparılsın. Əgər belədirsə, bu, çox yaxşı xəbərdir. Hesab edirəm ki, biz birgə informasiya təhlükəsizliyinə, dövlətlərimizin elmi potensialının inkişafına da diqqət yetirməliyik.
- Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) toplantısında iştirak edən ölkələrin parlament sədrləri ilə görüşündə bildirib ki, türk dünyasının güclənməsi və birləşməsi türk dünyasını, Türk Dövlətləri Təşkilatını qlobal miqyasda böyük güc mərkəzinə çevirəcək.
- Bəli, türk dünyası güc mərkəzinə çevrilə bilər. Yeri gəlmişkən, may ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev inkişaf etməkdə olan dövlətlərin rolu ilə bağlı material dərc etmişdi. Bu ölkələr isə bizim TDT-yə üzv ölkələrdir. Bizim çox böyük potensialımız var - demoqrafik, tranzit, resurs və s. Diqqət edin, Rusiya vasitəsilə qərbi şərqə birləşdirən Şimal Dəhlizi Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri faktiki olaraq fəaliyyətsizdir. Yəmən husilərinin Qırmızı dənizdəki hərəkətləri səbəbindən təhlükəli hal yarandığından Cənub Dəhlizi də aktuallığını itirir. Bundan əlavə, İsrail və İran arasında gərginlik artır. Beləliklə, Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin) rolu artır. Bu, Mərkəzi Asiyadan, Xəzər dənizindən və Azərbaycandan keçərək Avropaya aparan yeganə dinc nəqliyyat marşrutudur. Bizim ölkələrimizin neft, qaz və digər zəngin ehtiyatları, üstəlik, nadir metalları var. Bu, dünya siyasətində güclü iqtisadi rıçaqdır.
Nair Əliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
50
oxu.az

10Mənbələr