AZ

Dünyada müharibə TENDENSİYASI: Daha bir ölkə savaşa hazırlaşır – Yeni münaqişə ocağı

“Hazırda dünyada müharibə tendensiyası getdikcə artır. Bu da onun göstəricisidir ki, beynəlxalq hüquq çərçivəsində məsələlərin, münaqişələrin həlli mümkün deyil. BMT nin Təhlükəsizlik Şurası və onun daimi üzvləri elə bir şərait formalaşdırıblar ki, yalnız beş dövlətin iradəsi əsasında dünya nizamı formalaşır və kənar hər hansısa fikirlər də qəbul olunmur”.

Bu sözləri Yenicag.az-a politoloq İlyas Hüseynov deyib.

Yeni dünya nizamından söz açan siyasi təhlilçi son günlər Somali və Efiopiya arasında gərginləşən münasibətlərdən və Afrika qitəsinin şərqində başlaya biləcək müharibə ehtimalından söz açıb.

Onun sözlərinə görə, bu gün BMT sistemində transformasiyalar haqqında çoxlu çıxışlar edilsə də, faktiki həll yoxdur və yaxud onun dəyişdirilməsi istiqamətində bütün fikirlər kənara atılır:

“Çünki anlayırlar ki, Rusiya, Çin, Böyük Britaniya, ABŞ və Fransa qarşısında onların prinsipiallığı və iradəsi bir nəticə verməyəcək. Bunun nəticəsində dünyanın müxtəlif bölgələrində qaynar münaqişə ocaqları formalaşır, eskalasiyalar güclənir, daxili işlərə qarışma, güclə hədələmə və bu kimi beynəlxalq hüquqda qəbulolunmaz forma və təzahürlər meydana çıxır”.

“O cümlədən də Afrika qitəsində, xüsusilə bu ərazinin mineral resurslarla, təbii ehtiyatlarla zəngin olması ayrı-ayrı ölkələr üçün xüsusi təhlükəsizlik zəmanətlərinin və eyni zamanda gərginlik ocaqlarının yaradılması üçün bir meydandır. Həmçinin Somali və Efiopiya arasında da tarixi keçmişdə qarşıdurma, ərazi iddiaları, separatçılıq meylləri, müxtəlif müxalifət qruplaşmalarının silahlanması, hakimiyyətə təhdid törətməsi hallarını müşahidə etmişik. Somalidəki soyqırımı hadisəsində heç kim unutmur və belə olan halda, ziddiyyətlər əsasında burada da ayrı-ayrı güc mərkəzləri, yeni münaqişə ocağını formalaşdırmaqda maraqlıdırlar”, – deyə o, əlavə edib.

Mütəxəssis diqqətə çatdırıb ki, bu, dünyanın digər bölgələrində də təzahür edən bir yeni dalğadır:

“Çünki Serbiya-Kosovo, Tayvan-Çin, Rusiya-Ukrayna, İsrail-Fələstin və digər bu qəbildən olan etnik, dini, konfessional və eyni zamanda ərazi münaqişələrinə gətirib çıxaran bir sıra ziddiyyətlər və qarşıdurmalar bu gün də hökm sürür. Arzu edərdik ki, bunlar danışıqlar və barış yolu ilə öz həllini tapsın və yeni bir eskalasiya meydanı və poliqonu formalaşmasın”.

Xatırladaq ki, ötən gün “Arab News” nəşri Efiopiya ordusunun Somali ərazisinə daxil olması ilə bağlı informaisya yaymışdı.

Məlumatlara əsasən, 15 minlik Efiopiya ordusu sərhədi keçərək Somali ərazisinə daxil olub. Qeyd edək ki, 7 min Efiopiya hərbçisi Afrika İttifaqının Somalidəki Missiyası çərçivəsində bu ərazidə fəaliyyət göstərirdi.

Analitiklərin fikrincə, Abiy Ahmedin rəhbərlik etdiyi Efiopiya hökuməti 2 illik Tiqray müharibəsindən sonra ölkəsini Somali ilə savaşa hazırlayır.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
yenicag.az

1Mənbələr