AZ

Balakəndə Silahlı Qüvvələr Günü qeyd olundu - Fotolar

İyunun 25-də Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Balakən RİH başçısı İslam Rzayev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Görüşdə çıxış edən İslam Rzayev qeyd edib ki, 26 iyun Azərbaycan tarixinin əlamətdar səhifələrindən biri - Milli Ordunun yarandığı gündür. Məhz 106 il əvvəl Azərbaycan Ordusunun yaranması milli dövlətçilik tarixinin mühüm mərhələlərindən biri kimi tarixə düşüb. Müstəqil Azərbaycan Ordusunun inkişaf edərək yeni mərhələyə qədəm qoyması məhz ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adları ilə bağlıdır.

44 günlük Vətən müharibəsinin xalqımızın şanlı zəfər tarixi olduğunu qeyd edən icra başçısı Vətən müharibəsində adları tarixə qızıl hərflərlə yazılan şəhidlərin daim hörmət və ehtiramla yad edildiyini bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birinin də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması olduğunu diqqətə çatdırıb. Bütün ölkə ərazisində olduğu kimi, Balakən rayonunda da şəhid ailələrinə və qazilərə diqqət və qayğı davamlı olaraq göstərilməkdədir.

Daha sonra çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Fərid Əliyev vurğulayıb ki, bu gün Azərbaycan Ordusu möhkəm maddi-texniki bazaya malikdir və ən müasir silahlarla təchiz olunub. Məhz Ali Baş Komandanın səyləri nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib. 2020-ci il sentyabrın 27-də Azərbaycanın qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsi təkcə ölkəmizin tarixində deyil, dünya hərb tarixində mühüm iz qoyub.

Torpaqlarımızın azad olunması ilə bağlı əmrə daim hazır olan Azərbaycan Ordusu Vətən müharibəsi günlərində bir addım da geri çəkilməyərək düşmənə ağır zərbələr vurub və 44 gün ərzində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edib.

Digər çıxış edən şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu sahəsində son illərdə əldə olunmuş uğurlardan danışıblar.




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
qafqazinfo.az

1Mənbələr