AZ

Ronald Kuman: “Avstriya yığmasının təzyiqindən qurtulmalıyıq”

Niderland yığmasının baş məşqçisi Ronald Kuman AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Avstriya yığması ilə qarşıdakı oyundan danışıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz bilirik ki, çətin bir oyun olacaq, çünki Avstriya yığmasını, xüsusən də onların sizə təzyiq göstərmələrini qiymətləndirməmək olmaz. Ona görə də topa sahib olduğumuz zaman çox mütəşəkkil və diqqətli olmalıyıq.

Fransa yığması ilə müqayisədə, fərqli heyətlə meydana çıxmağı düşünmürəm, amma rəqiblərimizin təbiətinə görə diqqət yetirilməsi gərəkli olan bir sıra məqamlar var. Məşqlərdə buna diqqət yetirmişik. Biz topa yaxşı sahib olmalıyıq. Həm də onların bizə göstərdikləri təzyiqdən qurtulmaq üçün uzun top ötürmələri ilə nə vaxt oynayacağımızı bilməliyik”, deyə Ronald Kuman vurğulayıb.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin sonuncu, 3-cü turu çərçivəsində keçiriləcək “D” qrupunun Niderland – Avstriya oyunu bu gün, iyunun 25-də Berlinin “Olimpiaştadion”unda baş tutacaq. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.

3-cü tur ərəfəsində “D” qrupunun mənzərəsi belədir:

  1. Niderland – 4 xal
  2. Fransa – 4 xal
  3. Avstriya – 3 xal
  4. Polşa – 0 xal
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
arena.az

1Mənbələr