AZ

“Aqrar Sığorta”nın biznesində “taxıl sindromu” - yığımları 2,8 mln. manat azalıb

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin yığımlarında azalma davam edir. 

Sığorta şirkətinin topladığı sığorta haqqları 2024-cü ilin yanvar-may aylarında 9,59 milyon manat təşkil edib. 

Valyuta.az-ın hesablamasına görə, bu da illik müqayisədə 22,7% və ya 2,82 milyon manat azdır. Belə ki, 2023-cü ilin ilk beş ayında müştərək sığorta şirkəti 12,4 milyon manat sığorta haqqı toplaya bilmişdi. 

Bu dövrdə “Aqrar Sığorta” şirkətinin ödənişləri isə  132% və ya 1,46 milyon manat artaraq 2,56 milyon manata yüksəlib. 2023-cü ilin yanvar-may aylarında sığorta şirkəti 1,1 milyon manat ödəniş həyata keçirmişdi.

Sığorta yığımlarının azalması və ödənişlərin kəskin artması “Aqrar Sığorta” şirkətinin zərərliliyini, yəni ödəniş-yığım nisbətini kəskin artırıb. 

2023-cü ilin yanvar-may aylarında sığorta şirkəti topladığı hər 100 manatın 9 manatını ödənişə yönəldibsə, bu ilin ilk beş ayında bu rəqəm 27 manata yüksəlib. 
Qeyd edək ki, ötən gün mediaya açıqlamasında Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov yığımların kəskin azalmasını taxıl qiymətlərində kəskin ucuzlaşma ilə əlaqələndirib. 

Xatırladaq ki, «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti»  31 avqust 2020-ci il tarixində Azərbaycanda fəaliyyət göstərən 7 sığorta şirkəti tərəfindən bərabər paylarla təsis edilib. ASC-nin əsas fəaliyyət növü Aqrar Sığorta Fondu adından aqrar sığorta sisteminin idarəedilməsidir.

Leyli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
valyuta.az

1Mənbələr