AZ

Qarabağ və Şərqi Zəngəzur: turistlər üçün cəlbedici məkan TƏHLİL

Prezident İlham Əliyev: "Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək"

Müasir dünyaya yeni imicdə, müasir və inkişaf etmiş ölkə olaraq təqdim olunan Azərbaycanın bütün sahələrdə həyata keçirilən layihələri hər bir bölgəsində turizm üçün geniş imkanlar açıb. Azərbaycanın hər bir bölgəsi turizm üçün yararlıdır. Azərbaycan inkişaf etmiş turizm ölkəsidir. Ölkəmizin flora və faunası, zəngin tarixi mədəniyyət abidələri Odlar diyarını turistlər üçün cəlbedici edib. Azərbaycanın dinamik inkişafı, ölkəmizdəki əsaslı dəyişikliklər, respublikamızın siyasi-iqtisadi və mədəni mərkəz, qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi çıxış etməsi ölkəmizin dünyada olan imicini daha da yüksəldib.
Əlbəttə ki, 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızın da turizm potensialı genişdir. 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan üzərində parlaq qələbə işğal altındakı tarixi torpaqlarımızın azad olunmasını təmin etmiş oldu. Bu gün işğaldan azad olunmuş Şuşa, Ağdam, Füzuli, Cəbrayıl kimi rayonların turizm potensialı böyükdür. Bu ərazilərdə abadlıq-quruculuq işləri aparılır və turistlərin diqqəti həmin məkanda olan flora və faunaya, mədəniyyət abidələrinə cəm edilir. Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və s. daş yaddaşa çevrilib. Ermənilərin qurbanına çevrilən abidələrimiz bərpa və təmir edilir, şəhərlərimiz müasir məkana çevrilir. Artıq Füzuli rayonundan Şuşaya gedən Zəfər yolu turizm marşrutuna çevrilir. Bununla bağlı konseptual layihə icra olunur. Son vaxtlar Şuşa və Laçın şəhərlərinə fərdi avtomobil ilə turist səfərlərinin sayında artıb baş verib.

ŞUŞA ŞƏHƏRİNƏ ÜMUMİLİKDƏ 72 298 NƏFƏR SƏFƏR EDİB

Xatırladaq ki, təkcə Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Şuşa şəhərinə 2650 avtomobil ilə 12 528 nəfər, Laçın şəhərinə isə 2 296 fərdi avtomobil ilə 8 330 nəfər səfər edib. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, Şuşaya səfər edənlərin 1779 nəfəri, Laçına səfər edənlərin isə 709 nəfəri hotellərində istirahət ediblər. 2023-cü il dekabrın 27-dən 2024-cü il iyunun 19-dək Şuşa şəhərinə ümumilikdə 72 298 nəfər səfər edib. Bu il aprelin 27-dən iyunun 19-dək Laçın şəhərinə səfər edənlərin sayı isə 42 670 nəfər olub. Qeyd edək ki, Laçın şəhərinə giriş 2 yoxlanış-nəzarət məntəqəsi (Şuşa və Güləbird postları) vasitəsilə həyata keçirilir. Qeyd edilən tarixlər üzrə Şuşa postundan 5673 avtomobil ilə 15839 nəfərin, Güləbird postundan isə 9937 avtomobil ilə 26831 nəfərin keçidi təmin edilib
Artıq Şuşada Otel-Konqres Mərkəzi Kompleksi istifadəyə verilib. Xatırladaq ki, erməni işğalı dövründə burada Azərbaycan Prezidentinin təbirincə desək, "şeytan yuvası" – "parlamentin" binasının tikintisi planlaşdırılırdı. Ancaq indi həmin yerdə beşulduzlu otelin açılışı gerçəkləşdirilib. Prezident İlham Əliyev Şuşaya səfərində bu barədə demişdi: "Qondarma rejim bəyan etmişdi ki, "Dağlıq Qarabağ respublikası"nın "parlamentini" Şuşa şəhərinə köçürəcək. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti cəhd edilməli idi. Bax, bu binanı onlar "Dağlıq Qarabağ respublikası"nın "parlament" binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi". Şuşa Otel-Konqres Mərkəzi Kompleksi şəhərin mərkəzində - Zəfər yolunun üzərində yerləşir. Kompleks fərdi üslubu, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri ilə fərqlənir. Nadir memarlıq həlli ilə diqqəti cəlb edən, dörd mərtəbədən və zirzəmidən ibarət Şuşa Otel-Konqres Mərkəzi Kompleksində 154 otaq, konfrans və ziyafət zalları, restoran, hovuz, SPA, fitnes və digər xidmət bölmələri yaradılıb.

FASİLƏSİZ TURİZM POTENSİALINA SAHİB MƏKAN

İşğaldan azad edilmiş torpaqlarımız tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var.
Bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyətli turizm məkanına çevrilməsi üçün geniş tədbirlər həyata keçirilir. Bu baxımdan Füzuli və Zəngilanda tikilən, Laçında tikintisi davam etdirilən beynəlxalq hava limanları azad edilmiş ərazilərimizin turizm potensialının reallaşmasında, turist cəlbində mühüm rol oynayacaq.
Şuşa mədəniyyət paytaxtı olduğu kimi, turizm mərkəzi olmaq imkanına da malikdir. Burada təbiət və mədəniyyətin nadir ahənginə şahid olmaq mümkündür. Şuşa şəhəri həm fəsil, həm də nadir memarlıq üslubu baxımından fasiləsiz turizm potensialına sahibdir və bu potensiala uyğun turizm infrastrukturunun yaradılmasına xüsusi diqqət yetirilir. İlk insan məskənlərindən olmuş məşhur Azıx mağarası, Qaraköpək, Üzərliktəpə kurqanları, Şuşada Tarix Muzeyi, Daş Sənətkarlığı Muzeyi, Dərman Bitkiləri Muzeyi, Mir Möhsün Nəvvabın ev muzeyi və s. çoxsaylı turistlərin ziyarətgahına çevrilir.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şuşada abadlıq-quruculuq işləri geniş vüsət alıb. Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksi açılıb. Qeyd edək ki, Mehmandarovların malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. Yaşayış kompleksinə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir. Bildiyimiz kimi, Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində həyata keçirilir. Bunların sırasına dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması və digərləri daxildir. Bütün bunlarla yanaşı, Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışı olub. Şuşa şəhərindəki Yaradıcılıq Mərkəzinin hazırkı binası ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır. Binada vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri zamanı bina ilkin vəziyyətinə qaytarılıb. Görülən və görüləcək bütün işlər bunlarla bitmir. Azad Şuşamız müasir bir məkana çevrilir. Şuşada Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışı, Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışları və s. Şuşanın yenidən qurulmasının təzahürüdür. Bütün bu və ya digər görülən və görüləcək işlər onu deməyə əsas verir ki, Azərbaycanın turizm məkanlarının coğrafiyası daha da genişlənir. Öz təbii sərvətləri ilə seçilən torpaqlarımızın səfalı və müalicəvi əhəmiyyət daşıyan yerləri, flora və faunasının başqa bir ab-havası var. Kəlbəcər rayonu ərazisindəki İstisu mineral suları, Şuşanın Cıdır düzü və saymaqla bitib-tükənməyən nümunələri böyük maraq doğurur. Dövlət başçısı çıxışlarının birində vurğuladığı kimi, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək.

HƏR DAŞI TARİX OLAN ŞƏHƏR

İşğaldan azad olunan ərazilərimiz sırasında Ağdam da var ki, 27 ildən sonra günəş şüaları ilə nurlanmış bu şəhər yeni dövrünə qovuşub. 20 noyabr 2020-ci il tarixində Ağdam rayonu Azərbaycan Respublikasına qaytarıldı. Bu Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatında öz əksini tapmış oldu. Qeyd edək ki, rayon ərazisinin 88%-i 1993-cü il iyul ayının 23-də ermənilər tərəfindən işğal edilmişdir. Rayonun ərazisində qədim tarixə malik yüzlərlə memarlıq və incəsənət abidələri vardır. Buradakı tarixi memarlıq abidələri, yaşayış məskənləri, sərdabələr, kurqanlar və s. müxtəlif tarixi dövrləri əks etdirən nadir nümunələrdir. Rayonun onlarla tarixi yaşayış məskənləri Eneolit dövründən günümüzə kimi gəlib çatmışdır. Bu maddi-mənəvi abidələr müxtəlif bölgü əsasında qruplaşdırılmış və hər biri tarixə əsaslanaraq, "Azərbaycan Respublikasının ərazisində dövlət mühafizəsinə götürülmüş daşınılmaz mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü" adlı kitaba daxil edilmişdir. 1868-1870-ci illərdə tikilmiş Ağdam Cümə məscidinin memarı Kərbəlayi Səfixan Qarabağidir. Məscid binası daşdan, binanın fasad hissəsinin künclərindən qalxan minarələr isə kərpicdən hörülmüşdür. Mənbələrdə göstərilir ki, məscidin giriş qapısı Səfəvi memarlığı üçün xarakterik olan iri tağ portalın içindədir. Azərbaycan memarlığının incilərindən sayılan Ağdam Cümə məscidi də erməni təcavüzünün qurbanına çevrilmişdir. Məscidin minarələri daxildən sökülmüş, tavanı bir neçə yerdən uçurulmuş, dizayn və yazıları pozulmuşdur.
Əlbəttə ki, Ağdamın turizm məkanlarından söz açarkən, Ağdam Çörək muzeyini xüsusi olaraq qeyd etməliyik. Azərbaycanın Ağdam şəhərində yaradılan Çörək muzeyi 25 noyabr 1983-cü ildə ilk ziyarətçilərini qəbul etmişdi. Muzeydə 2800-ə yaxın eksponat vardı. Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələrinin hücumları nəticəsində muzeyə iki dəfə mərmi düşmüşdü. İlk atılan mərmi üçüncü sərgi zalına düşsə də, partlamamışdı. Digər mərmi isə 1992-ci ilin avqust ayının 12-də Əsgəran rayonunun Xanabad və Naxçıvanik kəndi istiqamətindən atılan zaman muzeyə düşərək, muzeyi tamamilə məhv etmişdir. Nəticədə muzeydə olan 1500-dək eksponat yanaraq məhv olmuşdur.Burada gündə 8-10 ton buğda üyütmək gücü olan mexaniki dəyirman yerləşirdi və 1930-cu illərində istifadə edilən "Triyer" taxıl təmizləyici qurğusu sərgilənirdi. Muzeydə əmək alətləri – xış, vəl, çin, oraq, II əsrə aid əl dəyirmanı (kirkirə), "çarçar" adlı taxıldöyən yer almışdı. Mənbələrdə qeyd olunur ki, muzeyin 2800-ə yaxın eksponatı arasında Ağdam ərazisindəki "Çalağan təpədə" arxeoloji qazıntılar zamanı aşkar edilmiş və yaşı 3000 ildən artıq olan daşlaşmış buğda da olub. Undan hazırlanan məhsullar, o cümlədən, Gəncə, Naxçıvan, Qarabağ, Gürcüstan, Ermənistan, Dağıstan, Səmərqənddə bişirilən çörək növləri muzeyə gələn ziyarətçilərdə böyük maraq yaradırdı. Müxtəlif taxıl növləri, buğdadan hazırlanmış eksponatlar, müharibə dövründə uşaqlara verilən çörək kartoçkalar, eləcə də, buğda dənələrindən düzəldilmiş Azərbaycan xəritəsi və muzeyin eksponatları sırasında rəngarəngliyi ilə seçilib. Maraq doğuran məqamlardan bir də muzeyin divarlarında əks olunmuş atalar sözləri olub. "Çörək baha olanda ölüm ucuz olar", "Qılınc kəsməyəni çörək kəsər" atalar sözləri də çörəyin müqəddəsliyini, gücünü, qüdrətini bir daha ziyarətçilərə xatırladım. Müqəddəs olan kəlamlar bu muzeyin dəyərini daha da artırmışdı. Onu da vurğulamaq yerinə düşər ki, 1980-cı illərdə Ağdamda keçirilən "Natəvan" qızlar bayramı, "Xarı Bülbül" beynəlxalq festivalı məhz muzeyə baxışla başlanarmış. Hər daşı bir tarix olan Ağdam şəhəri öz keçmiş imicini yenidən özünə qaytaracaq və Azərbaycanın turizm bölgəsi kimi Ağdamın da bu sırada öz yeri və payı olacaqdır.

İSTİRAHƏT ÜÇÜN EKOLOJİ CƏHƏTDƏN SAĞLAM MƏKAN

Azad olunmuş ərazilərimizdə qısa müddətdə müasir infrastruktur qurulub. Belə ki, Zəngilan rayonunun Ağalı kəndinə Böyük Qayıdış həyata keçirilib. Digər yaşayış məntəqələrimizin yenidən qurulması və bərpası isə davam etdirilir.
İstirahət üçün böyük məkan olan və ekoloji cəhətdən əhəmiyyət daşıyan "Daş-başı" və "Leşkar" meşələrində ermənilərin yanğın törətmələri də hər kəsin xatirindədir. "Leşkar" meşə sahəsində isə yararlı ağaclar tam qırılıb. Buna Azərbaycan iqtisadi gücü, potensialı var. Xatırladaq ki, Laçın dövlət yasaqlığında cüyür, qaya keçisi, çöl donuzu, ayı və s. quşlardan isə turac, kəklik və s. məskunlaşmışdır. Burada 1989-cu ildə aparılan yoxlanmada: dağ-keçisi (bezoar keçisi) 96 baş, qaban 360 baş, cüyür 320 baş, ayı 110 baş, canavar, porzuq, dələ və s. heyvanlar, quşlardan qırqovul 200, kəklik 1500 məskunlaşmışdır. Qubadlı dövlət yasaqlığında isə işğaldan əvvəl müəyyən olmuşdur ki, burada 101 baş çöl donuzu, 21 baş qonur ayı, 35 baş çüyür, 420 baş dovşan, 25 baş canavar, 310 baş çaqqal, 75 baş porsuq vardır. Quşlardan ən çox kəklik yayılıb. Qırqovul, turac, bildirçin, göyərçin bu yerlərin daim sakinlərindəndirlər. Belə bir səfalı yerlərə malik, turizmin inkişafına böyük təkan olacaq yerlərimizin ermənilərin əlində 30 ilə yaxın qalması Azərbaycanın iqtisadi inkişafına, onun turizm imkanlarının genişlənməsinə zərbə vurmuşdur. İşğal dövründə ermənilər bu xəzinədən vəhşicəsinə istifadə etmişdilər. Cənnətməkan hesab olunan ərazilərimizi xarabalığa çevirən ermənlər yaxın bir zamanda buranın əvvəlkinən də gözəl bir məkan olacağının şahidi olacaqlar. Öz milli xüsusiyyət və təlabatlar çərçivəsində bu məkanlarda ab-hava yaradaraq Qarabağı turistlərin ən çox maraq göstərdiyi bir mərkəzə çevirəcəyik.

Zümrüd BAYRAMOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
sesqazeti.az

1Mənbələr