AZ

Bizim ordumuz bizim qürurumuzdur

Qalib xalq Silahlı Qüvvələri Gününü böyük təntənə ilə qeyd edir

Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mühüm tədbirlərdən biri də Milli Ordunun yaradılması il bağlı atdığı addım olub. Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun əsası qoyulsa da, Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi də dayandırıldı. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə başlanılıb. Məhz, Ümummilli liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin əsası qoyulub. Sovetlər dönəmində belə bir qərar qəbul etmək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına ovaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. O dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti sayəsində bu cəhdlərin qarşısı alındı. Sonralar Ulu Öndər deyirdi: "Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam".Ötən əsrin 90-cı illərində SSRİ-nin dağılması ilə öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi. Ölkədəki ağır vəziyyət, siyasi çəkişmələr nəticəsində yaranmış xaos, hərc-mərclik dövlətçiliyi real təhlükə ilə üz-üzə qoymuşdu. Belə bir vəziyyətdən istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirir, ayrı-ayrı silahlı birləşmələr isə müxtəlif qrupların maraqlarına xidmət edirdilər. 1993-cü ilin iyun ayında Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində əhəmiyyətli islahatlar aparıldı. 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi. Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə böyük önəm verildi. Bu istiqamətdə genişmiqyaslı islahatlara başlandı. Az müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Dövlətçiliyi hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Mərkəzləşdirilmiş maddi-texniki təminat əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldildi.Ümummilli Lider Heydər Əliyev Azərbaycan Ordusunun təşkilatlanmasını, böyük qüvvəyə çevrilməsini məmnunluqla qeyd edirdi: "1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır".Zaman keçdikcə Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən qüdrətli ordusuna çevrildi. Milli Ordunun güclənməsinin və uğurlu şəkildə təşkilatlanmasının ən başlıca səbəbi, ordu quruculuğuna Heydər Əliyevin rəhbərlik etməsi idi.Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi bu gün uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Günbəgün hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bütün bu islahatların məntiqi nəticəsi olaraq 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.Müharibənin birinci günü Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutduğunu, nəticədə mülki əhali və hərbçilərimiz arasında itkilərin, yaralananların olduğunu bəyan etdi. Saat 15 radələrində dövlətimizin başçısının sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi və Prezident İlham Əliyev aidiyyəti qurumlara verdiyi göstərişlər əsasında Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını bəyan etdi. “Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, - dövlətimizin başçısının xalqa müraciətində dediyi bu sözlər hər bir azərbaycanlını Şanlı Zəfərə kökləyən əsas şüara çevrildi.44 gün davam edən "Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən Azərbaycan Ordusu tarixi torpaqlarımızı azad etdi. Qəhrəman ordumuz Azərbaycanın və dünya hərb tarixinin şanlı səhifələrindən birini təşkil edən çətin Şuşa əməliyyatını uğurla başa çatdıraraq bu şəhəri işğaldan azad etdi. Belə ki, ərazinin və seçilən marşrutun nəqliyyat vasitələri üçün uyğun olmaması, eləcə də düşmənin gözləmədiyi istiqamətdən zərbə endirilməsi üçün Azərbaycan Ordusunun komandanlığı cəsarətli qərar qəbul etdi. Qəhrəman əsgər və zabitlərimiz Şuşaya Qarabağın sıx meşələrində onlarla kilometr uzunluğunda yeni yol açdı. Sonradan Müzəffər Ali Baş Komandanımız tərəfindən Zəfər yolu adlandırılacaq bu yolla hərəkət edən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanın sıldırım qayalarına dırmaşaraq, yaralı döyüş yoldaşlarını çiyinlərində daşıyaraq bir neçə istiqamətdən şəhərə daxil oldular. Şuşanın azad edilməsi Ermənistan ordusunun müqavimət gücünü tamamilə sarsıtdı. Nəticədə bu əməliyyatdan bir gün sonra – noyabrın 9-da Azərbaycan Ordusu daha 71 kəndi, bir qəsəbəni və 8 strateji yüksəkliyi düşməndən təmizlədi. Müharibədəki ağır məğlubiyyət Paşinyan hakimiyyətini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycan tarixinə şanlı qələbə tarixi yazan Azərbaycan Ordusu haqqında öz çıxışlarında deyirdi: "Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik”.Növbəti çıxışlarının birində Azərbaycan Ordusunu dünyanın inkişaf etmiş orduları ilə müqayisə edən Prezident İlham Əliyev demişdir: «Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bunu da hər kəs bilsin, bu 44 gün ərzində əldə edilmiş Qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb”.Ordu quruculuğunun Azərbaycan dövləti üçün prioritet məsələ olduğunu deyən ölkəmizin başçısı demişdir: «Bizim ordumuz bizim qürurumuzdur. Güclü dövlətin güclü ordusu olmalıdı. Biz bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq, güclü dövlət, yenilməz ordu və güclü iradə sahibi kimi".İstər müharibə, istərsə də post müharibə dövründə Azərbaycan, xüsusilə qardaş ölkə olan Türkiyə ilə ordu quruculuğu istiqamətində böyük hərbi əməkdaşlığını bu gün də uğurla davam etdirir. Bu mənada Şuşa Bəyannaməsi böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında qeyd etmişdir ki, imzalanmış Bəyannamə tarixə əsaslanır: "Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və HeydərƏliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliye demişdir:“Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayərkən əcadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk".Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan ordu quruculuğu siyasəti bu gün Prezident İlham Əliyev dühası sayəsində Azərbaycan Ordusunu dünyanın ən qüdrətli orduları sırasında yer almasını təmin etdi.

Təhmasib Rüstəmov
YAP Qubadlı Rayon Təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
1
sesqazeti.az

2Mənbələr