AZ

Qızların təhsilinə dəstək

“Biz çalışmalıyıq ki, ali məktəblərdə və
 texnikumlarda daha çox qadın təhsil alsın,
elmi fəaliyyətlə məşğul olsun”.

Bakı, 25 iyun, Təhminə Verdiyeva, AZƏRTAC

Qızların təhsilinə dəstək cəmiyyətin inkişafı üçün vacib addımlardan biridir. Bu dəstəyin göstərilməsi üçün müxtəlif yollar mövcuddur.

Maliyyə yardımı, o cümlədən təqaüdlər və qrantlar vasitəsilə qızların təhsil xərclərini ödəmək olar. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə ölkəmizdə həyata keçirilən “Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı” Azərbaycan gənclərinin savadlı, bilikli, hüquqlarını və öhdəliklərini bilən şəxsiyyətlər kimi formalaşmasına töhfə verir. Bu layihə gənclərin inkişafını dəstəkləyərək onların cəmiyyət və ölkənin gələcəyi üçün daha faydalı fəaliyyət göstərməsinə kömək edir. Qızlar üçün xüsusi tədris proqramları və resursların yaradılması da müvafiq sahədə mühüm addımlardandır. Təhsilin İnkişafı Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə reallaşdırılan “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində regionlarda ali məktəblərə qəbul imtahanında yüksək bal toplamış qızlara dəstək göstərilib. Layihə ildən-ilə əhatə dairəsini genişləndirib. Maarifləndirmə kampaniyaları müvafiq sahədə çox vacib amillərdən biridir. Ailələr və cəmiyyətlər arasında qızların təhsilinin əhəmiyyəti haqqında məlumatlandırma kampaniyaları keçirmək, qızların təhsil hüquqları və erkən evliliyin zərərləri barədə məlumat vermək zəruri məsələlərdəndir. Qızlara təhsil həyatında dəstək olmaq üçün mentorluq proqramları yaratmaq, rol modelləri və uğurlu qadın liderlərdən ibarət seminarlar və təlimlər təşkil etmək də müvafiq sahəyə töhfə verə bilər. Eyni zamanda, erkən evliliyin qarşısının alan qanunvericiliyin mövcudluğu qızların təhsil almasına, karyera qurmasına maneənin olmadığı mühiti formalaşdırır. Rəqəmsallaşmanın bütün sahələri əhatə etdiyi qlobal dünyada qızların texnoloji vasitələrə çıxışını təmin etmək onların gələcəyini qurmağa, iqtisadiyyatın inkişafına və cəmiyyətin rifahına böyük töhfə verə bilər. Onu da qeyd etmək lazımdır ki, dünyada iki ayrı elm sahəsi üzrə Nobel mükafatına layiq görülən yeganə şəxs qadındır.

Azərbaycanda qızların təhsilinə dəstək geniş spektrdə həyata keçirilir

Azərbaycanda son illərdə müxtəlif sosial proqramlar, habelə qeyri-hökumət təşkilatlarının və beynəlxalq qurumların layihələri vasitəsilə qızları təhsilə təşviq etmək və onların təhsilə əlçatanlığını artırmaq üçün bir sıra təşəbbüslər həyata keçirilir. Bu layihələr arasında qızların təhsilə cəlb edilməsi, ailələrin təhsil barədə maarifləndirilməsi və təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması kimi fəaliyyətlər mövcuddur. UNICEF, UNESCO kimi beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri qızların təhsili ilə bağlı müxtəlif layihələrə tərəfdaşlıq edirlər. Bu layihələr vasitəsilə qızların təhsilinə mane olan sosial və iqtisadi problemlərin aradan qaldırılması üçün işlər aparılır.

Ölkəmizdə qızların təhsilinə dair bir neçə vacib fakt

Ölkəmizdə qızların təhsilinə dair bir neçə vacib fakt mövcuddur: ibtidai və orta təhsil sahəsində qızların və oğlanların iştirak nisbəti bərabərdir. Ali təhsildə qızların iştirakı son illərdə artmaqdadır. Ötən il ali təhsil müəssisələrin sənəd verən abituriyentlərin 49.52 faizini (51 min 506 nəfər) qızlar təşkil edib. Bu göstərici oğlanlarda 50.48 faiz (52 min 498 nəfər) olub. Bir çox universitetlərdə qızların faizi oğlanlarla müqayisədə daha yüksək ola bilər, xüsusən də humanitar və pedaqogika sahələrində. Bəzi bölgələrdə qızların təhsilə çıxışında gender bərabərsizliyi müşahidə oluna bilər. Ailə və cəmiyyətin təsiri ilə bəzən qızlar daha az dəstəklənir və ya erkən yaşda ərə verilir, bu da onların təhsilini yarımçıq qoyur. II Qarabağ müharibəsinin təsiri. 2020-ci ildə baş verən II Qarabağ müharibəsi də bəzi bölgələrdə təhsil sisteminə təsir göstərib. Müharibədən zərər çəkmiş bölgələrdə qızlar da daxil olmaqla bütün şagirdlərin təhsilində müəyyən çətinliklər yarandı. Lakin dövlətimiz bununla bağlı müxtəlif layihələrin həyata keçirilməsi üçün mühüm addımlar atdı. Dövlət Statistika Komitəsi və digər rəsmi qurumlar mütəmadi olaraq təhsil göstəricilərinə dair məlumatlar yayımlayır. Bu məlumatlar əsasında qızların təhsilindəki dəyişiklikləri izləmək mümkündür. Bu faktlar Azərbaycanda qızların təhsili ilə bağlı ümumi mənzərəni görməyə kömək edir və onların təhsilinin inkişafına dair mövcud vəziyyəti əks etdirir.

Son illər Azərbaycan dövləti tərəfindən, ümumiyyətlə, təhsil sistemində mühüm islahatlar həyata keçirilir. Eyni zamanda, bir çox sosial proqramlar icra edilir. Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi isə nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda uğurla icra edilib. Xatırladaq ki, Pakistanın Müzəffərabad şəhərinin Rara ərazisində Heydər Əliyev Fondunun inşa etdirdiyi qızlar üçün orta məktəb binası bu işlərə bariz nümunələrdən biridir.

Qızların təhsilinə dəstək proqramları – dünyada və Azərbaycanda

Qızların təhsilinə dəstək proqramları, qızların təhsilə əlçatanlığını artırmaq və onların məktəbə davamiyyətini təmin etmək məqsədi daşıyan təşəbbüslərdir. Bu proqramlar müxtəlif dövlət qurumları, qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar və özəl sektor tərəfindən həyata keçirilə bilər. Dünyada və Azərbaycanda mövcud olan bəzi dəstək proqramları və təşəbbüslərinə nəzər salaq:

Beynəlxalq proqramlar

UNICEF qızların təhsilinə dəstək olmaq üçün müxtəlif proqramlar həyata keçirir. Bu proqramlar arasında təhsil infrastrukturlarının inkişafı, müəllimlərin təlimi və valideynlərin maarifləndirilməsi kimi tədbirlər yer alır. UNESCO-nun müxtəlif layihələri qızların təhsil hüquqlarının qorunmasına və onları təhsil almağa təşviq edir. Global Partnership for Education - inkişaf etməkdə olan ölkələrdə təhsilin inkişafına maliyyə dəstəyi verir və qızların təhsil almasını prioritet hesab edir. Qeyri-hökumət təşkilatları və fondlar – məsələn, Malala fondu qızların təhsil hüquqlarını müdafiə edir və onların məktəbə davamiyyətini təmin etmək üçün müxtəlif layihələr həyata keçirir. Girl Rising təşəbbüsü qızların təhsili və onların gücləndirilməsi məqsədilə müxtəlif məlumatlandırma kampaniyaları və layihələr təqdim edir. CARE - qızların təhsili və qadınların iqtisadi gücləndirilməsi sahəsində fəaliyyət göstərir.

Azərbaycanda təhsil proqramları

Azərbaycanda müxtəlif QHT-lər və beynəlxalq təşkilatlar qızların təhsili ilə bağlı layihələr həyata keçirir. Bu layihələr arasında kənd yerlərində qızların təhsilə cəlb edilməsi və təhsildən kənarda qalmış qızların yenidən məktəbə qaytarılması təşəbbüsləri mövcuddur.

Bu gün Naxçıvan Qızlar Liseyi nümunəvi təlim-tədris prosesi ilə hər zaman seçilir. Bu məktəb qızların təhsili üçün ixtisaslaşmış bir təhsil müəssisəsidir. Məktəbin məqsədi qızların hərtərəfli təhsil alaraq, yüksək təhsil standartlarına cavab verən və müxtəlif sahələrdə bacarıqlı mütəxəssislər kimi yetişdirilməsini təmin etməkdir. Liseyin şagirdləri inkişaf etmək üçün geniş imkanlara malikdirlər. Məktəb, həmçinin müxtəlif tədbirlər, müsabiqələr və layihələr vasitəsilə şagirdlərin yaradıcılıq və liderlik bacarıqlarının inkişafına xüsusi diqqət yetirir. Məktəbin infrastrukturu müasir tələblərə uyğun qurulub və təhsilin keyfiyyətini artırmaq üçün bütün zəruri texniki avadanlıqlarla təchiz edilib. Naxçıvan Qızlar Liseyi bölgədə qızların təhsil səviyyəsinin yüksəldilməsinə və cəmiyyətdə onların rolunun artırılmasına töhfə verən mühüm təhsil müəssisələrindən biridir. Bundan başqa, Bakı Qızlar Universiteti Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisəsidir. Universitetin tarixi 1992-ci ildən başlayır.

Azərbaycanda qızların təhsili ilə bağlı vaxtilə yaradılmış məktəblər bu gün tarixi irs olaraq qorunub saxlanılır. Xatırladaq ki, ötən il noyabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində “Qızlar gimnaziyası” tarixi abidə binasında həyata keçiriləcək işlərlə tanış olublar. Qeyd edək ki, Şuşada müstəqil qız məktəbi 1875-ci il oktyabrın 26-da Şuşa əhalisinin təşkil etdiyi “Xeyriyyə cəmiyyəti” tərəfindən təsis edilib. Bu məktəb dini etiqad və mənşəyindən asılı olmayaraq, bütün qızlara təhsil imkanı yaradırdı. Gələcəkdə buranın dekorativ tətbiqi sənət mərkəzi və mədəni sahələr üzrə inzibati bina kimi istifadə olunması planlaşdırılır.

Ümumiyyətlə, müasir müstəqil Azərbaycan Respublikasının qanunvericiliyi hər bir vətəndaşın təhsil almasını dəstəkləyir. Eləcə də ölkədə həyata keçirilən təhsil islahatları hər bir vətəndaşın təhsil almasına, bu sahədə geniş imkanlara malik olmasına şərait yaradır. Əlbəttə ki, bütün bunlar barədə maarifləndirici xarakterli materiallar hazırlamaq isə medianın mühüm vəzifələri sırasındadır.

Yazı Təhsilin İnkişafı Fondunun, Azərbaycan Mətbuat Şurasının və “Azərbaycan müəllimi” qəzetinin “Qızların təhsilinə dəstək” müsabiqəsinə təqdim olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
azertag.az

1Mənbələr