AZ

Zəngilanda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu öz işini başa vurub

Zəngilan, 25 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Zəngilan rayonundakı Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” öz işini tamamlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 200-ə yaxın ictimai birlikdən təmsilçilərin iştirak etdiyi forumun ikinci günündə “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl dünya naminə həmrəylik hərəkatı” mövzularında panel müzakirələri keçirilib. Moderatoru “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev, spikerləri ETSN yanında İctimai Şuranın sədri. EPF Koalisiyasının həmtəsisçisi Amin Məmmədov, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov, “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov, Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov olan panel müzakirədə Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları haqqında ətraflı məlumatlar verilib.

Forum iştirakçılarına Ermənistanın mineral xammal resursları dağ-mədən sənayesi xəritəsinin təqdimatı olub. Bildirilib ki, 3 dildə hazırlanan Xəritədə Ermənistandan Azərbaycan axan çayların çirkləndirilməsi faktları öz əksini tapıb. Xəritədə istismar olunan və istismarı dayandırılan faydalı qazıntı mənbələri barədə məlumatlar yer alıb və ekologiyanın çirklənməsinə səbəb olan zavodların yerləri öz əksini tapıb. Xərtiyə əsasən məlum olur ki, zavodlar Zəngəzur ərazisində, 4 çirkləndirici zavod isə Azərbaycan sərhədlərinə daha yaxın ərazidə yerləşir və həmin zavodlardan çıxan tullantılar Araz çayının qollarına axıdılır.

Bundan başqa, Ermənistanın Naxçıvanla sərhəddə olan zavodlarının havaya və su mənbələrinə, həmçinin bitki örtüyünə vurduğu fəsadlar haqında məlumat verilib və bildirilib ki, təkcə Sədərək rayonu ərazisində yaşayan 23 min əhali üçün sadalanan faktların ciddi təhlükə sayılır. Daha sonra forum iştirakçılarının sualları cavablandırılıb.

“COP29 və Yaşıl dünya naminə həmrəylik hərəkatı” adlı panel müzakirəsində isə moderator Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Azər Allahverənov, spikerlər COP29 TK-nin üzvü, “Smart Nation” platformasının təsisçisi Şəbnəm Məmmədova, COP29 TK-nin üzvü, “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova, COP29 TK-nin üzvü, “EkoSfera” Sosial Ekoloji Mərkəzin sədri Firuzə Sultanzadə, COP-lar üzrə ekspert İsa Əliyevin çıxışları dinlənilib.

Paneldə həmçinin iqlim dəyişməsinə təsir edən amillər, ekoloji fəsadların aradan qaldırılması üçün görülən tədbirlər barədə danışılıb və bildirilib ki, işğaldan azad olunan ərazidə yaşıl enerji prioritet məsələ olaraq yer alır, yaşayış məntəqələrində yeni nəsil texnologiyalardan istifadə olunur.

Panel müzakirələr bitdikdən sonra “Yaşıl dünya naminə Azərbaycan” QHT-lərinin həmrəylik müraciəti oxunub. Tədbirin sonunda bədii hissə təqdim olunub. Milli geyimdə rəqs nümunələri izlənilib və əməkdar artistlərin ifalarında vətənpərvər ruhlu mahnılar səsləndirilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
15
azertag.az

10Mənbələr