AZ

Taksilərin sayı azalıb, bu fakt tıxaclara təsir edəcəkmi? - ŞƏRH

Paytaxt ərazisindəki tıxaclar hər zaman aktual mövzulardan biri olub. Bəzən bunun səbəbi kimi taksilərin çoxluğu faktoru irəli sürülürdü. Lakin yeni qərarlardan sonra bu nəqliyyat vasitələrinin də sayı xeyli azalıb.

 

Maraqlıdır, taksi sayının azalması tıxaclara hansısa formada təsir edəcəkmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, taksilərin çoxluğunun müəyyən tıxaclara səbəb olduğu istiqamətində fikirlər var idi:

 

“Qeyd olunur ki, gələcəkdə bu kimi amillərin nizamlanması üçün taksilərin sayının azaldılmasına ehtiyac var. Əslində bu, yaxşı faktordur, yəni taksilərlə bağlı qərarlar ən azı islahatdır. Amma problem təkcə taksilərin sayı ilə bağlı deyildi. Məsələn, bir vaxtlar gündəmi taksi sürücüləri ilə vətəndaşların münasibəti, vətəndaş-şirkət əlaqəsi, iradların bildirilməsi istiqamətində çətinliklər, ödəniş üsulları və.s. kimi məsələlər zəbt etmişdi. Bu kimi amillər sonda taksilərə əl gəzdirməyin vacibliyini ortaya qoydu”.

 

Müsahibimiz bildirib ki, bu gün taksilərin fəaliyyəti bu və ya digər formada qənaətbəxş olmalıdır:

 

“Lakin taksilərin sayının azalması ilə tıxaclar da aradan qalxacaq deyə bir şey yoxdur. Taksilərdə islahatlar aparmaq daha çox nailiyyət deməkdir. Tıxacı isə yaradan müxtəlif səbəblər var. Bunlardan biri də nəqliyyatın doğru təşkil olunmasıdır. Taksilərin fəaliyyəti buna qismən təsir edən amillərdəndir. Məsələn, təyinat nöqtəsi olmayanda, taksi sürücüləri avtomobili harada, necə gəldi saxlayanda, taksilər üçün ümumi zolaqdan istafə etmək mümkünsüz olanda tıxac kimi problemlər yaranır. Lakin sırf taksilərin sayı azalanda tıxac da aradan qalxacaq ehtimalı həqiqətləri əks etdirmir”.

 

Günay Rəsulqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
2
sfera.az

3Mənbələr