AZ

“Soydaşlarımızın köç prosesi ən sürətli şəkildə dövlətimiz tərəfindən reallaşacaq” - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıdışını təmin etmək üçün xüsusi "Böyük Qayıdış" konsepsiyasını hazırladı". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib. Onun sözlərinə görə, Qarabağa qayıdış konsepsiyasının həyata keçirilməsi ilə əlaqədar bütün dövlət qurumları müəyyən öhdəliklər götürüb: "Aidiyyəti qurumlar da bu şərəfli missiyanı yerinə yetirmək üçün prezidentin birbaşa nəzarəti altında mərhələli şəkildə bu işi təşkil etdi. Biz işğaldan azad olunmuş bir çox ərazilərə keçmiş məcburi köçkünlərin geri dönüşünün şahidi olmuşuq. Bu gün də köç prosesi uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyev dəfələrlə dədə-baba yurdlarına qayıdan keçmiş məcburi köçkünlərlə həmin ərazilərdə görüşüb. Qardaş ölkənin prezidentləri bu əraziyə səfərlər etdilər, xarici diplomatların, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin, Azərbaycana təşrif buyuran bir çox xarici qonaqların bu ərazilərə səfərləri təşkil edilib. Bunlarla yanaşı biz suverenliyimiz 2023-cü ilin sentyabrında bərpa olunduqdan sonra Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibələri zamanı da bu il bizlər üçün çox önəmli olan Xankəndi, Xocalıya da keçmiş məcburi köçkünlərin qayıdacaqlarının mesajını verdi. Bu il Kəlbəcərə də qayıdışın şahidi olacağıq. Eyni zamanda, yaşayış üçün istifadə olunan bir çox kəndlər və rayon mərkəzləri var ki, oraya da mərhələli şəkildə məcburi köçkünlər qayıdır. Ən qısa zamanda bu proses yekunlaşacaq".Deputat bildirib ki, yalnız məcburi köçkünlərin dədə-baba yurdlarına qayıdış məsələsi öz həllini tapmır, eyni zamanda onların məşğulluq məsələləri də gündəmdədir: "Həmin vətəndaşların icma fəaliyyətinin təşkili ilə əlaqədar da vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları, aidiyyəti qurumlar tərəfindən layihələr həyata keçirilir. Həmin ərazilərə adaptasiya prosesləri mütəmadi olaraq araşdırılır. Daimi yaşayışın təmin edilməsi və bu insanların ərazilərə uyğunlaşması üçün xüsusi işlər görülür. Unutmamalıyıq ki, vaxtı ilə ərazilərindən çıxan keçmiş məcburi köçkünlərin əksəriyyəti gənc idilərsə, indi yaşlanıblar. O insanların övladlarının çoxu Qarabağ bölgəsində olmayıblar. Oraya köçən insanların daha faydalı olmaları üçün xüsusi layihələr keçirilir, ərazilərin potensialına uyğun yeni ixtisaslara yiyələnilməsi məsələləri öz həllini tapır. Azərbaycan dövləti keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə əlaqədar qarşımıza qoyduğumuz bütün məqsədləri mərhələli şəkildə həyata keçirir. Bizə bu zəfəri, xoş müjdəli günləri yaşatdığı üçün Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Ordumuza, zabit, əsgərlərimizə çox sağ olun deyirik ki, torpaqlarımızı işğaldan azad etdilər, yenə də həmin ərazilərdə vətəndaşlarımızın təhlükəsizliklərini yüksək səviyyədə təmin edirlər. İnanırıq ki, soydaşlarımızın geri qayıtması ən sürətli və ən keyfiyyətli şəkildə Azərbaycan dövləti tərəfindən həyata keçiriləcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
sesqazeti.az

2Mənbələr