AZ

Ukrayna Krımı bombalamağa davam edəcək

“Krımda “çimərliklər”, “turizm zonaları” və digər uydurma “dinc həyat” əlamətləri yoxdur və ola da bilməz”
“Ukrayna Silahlı Qüvvələri Krıma zərbələr endirməkdə davam edəcək. Krımda “çimərliklər”, “turizm zonaları” və digər uydurma “dinc həyat” əlamətləri yoxdur və ola da bilməz. Krım, şübhəsiz ki, Rusiyanın işğal etdiyi yad ərazidir. Burada döyüşlər gedir, genişmiqyaslı müharibə gedir”. AYNA xəbər verir ki, bu sözləri Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak “Telegram” kanalında yazıb.
Podolyak xatırladıb ki, müharibə Moskva tərəfindən yalnız soyqırım və aqressiv məqsədlə başlayıb və Krım böyük hərbi düşərgə və yüzlərlə birbaşa hərbi hədəfin olduğu anbardır: “Rusiya rəhbərliyi bu faktı gizlətməyə çalışır. İndi Krıma gedən ruslar mülki işğalçılardır”.
Qeyd edək ki, iyunun 23-də Sevastopol raket hücumuna məruz qalıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri hücum üçün ABŞ-ın uzaqmənzilli ATACMS raketlərindən istifadə edib. Mərmilərdən biri hava hücumundan müdafiə sistemlərinin zərbəsi nəticəsində uçuş yolundan çıxıb, döyüş başlığı şəhərin üzərində partlayıb və kasetli sursatlar Uçkuevka çimərliyinə düşüb. İkisi uşaq olmaqla dörd nəfər həlak olub. 150-dən çox insan yaralanıb.
Hadisədən sonra Krımın Moskva tərəfindən təyin edilmiş “hakimiyyət orqanları” bildiriblər ki, turistlər üçün təhlükə yoxdur, yarımadada vəziyyət “kifayət qədər təhlükəsizdir” və hətta uşaq düşərgələrinə gələn insanların axınını məhdudlaşdırmağa belə ehtiyac yoxdur. İnsanların öldüyü Uçkuevkadakı çimərliyi Turoperatorlar Assosiasiyasının (ATOR) vitse-prezidenti Sergey Romaşkin Sevastopolda “üzgüçülük üçün ən yaxşı yerlərdən biri” adlandırıb.
Müharibənin Tədqiqi İnstitutu (ISW) qeyd edir ki, Krım “hakimiyyəti” məsuliyyətsiz şəkildə yerli turizmi təşviq edir, Rusiya ordusu isə “Ukrayna hərbi zərbələrinin qarşısını almaq üçün Krımın mülki ərazilərinə qəsdən qanuni hərbi hədəflər yerləşdirir”. Analitiklər xatırladır ki, Rusiya hərbçiləri Zaporojye Atom Elektrik Stansiyasının ərazisində və Ukraynanın işğal olunmuş materikindəki məktəblərin yaxınlığında oxşar təcrübələrə əl atıblar.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov daha əvvəl Krıma hücumların davam edəcəyini bildirib. O, xüsusilə qeyd edib ki, yarımadanın Rusiyadan gələn silah təchizatı kəsilməli və “bunu həyata keçirmək üçün hər şeyi etmək” lazımdır: Qara dəniz donanmasını yarımadadan tamamilə sıxışdırıb çıxarmaq və Krım körpüsünü dağıtmaq. Budanov qeyd edib ki, ikinci tapşırığı yerinə yetirmək üçün Ukrayna Silahlı Qüvvələri ABŞ tərəfindən təchiz edilmiş uzaqmənzilli ATACMS raketlərindən istifadə edə bilər.
O, həmçinin Moskvanın yarımada üzərində nəzarəti itirəcəyi təqdirdə Vladimir Putinin nüvə silahından istifadəsini istisna edib: “Əvvəla, mən orada nə baş verdiyini bilirəm. İkincisi, mən Rusiyanın nüvə silahlarının əsl xüsusiyyətlərini bilirəm. Bundan əlavə, nüvə silahından istifadə Putin üçün böyük siyasi risklərə səbəb olacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
ayna.az

1Mənbələr