AZ

Xuliqanlıqda təqsirləndirilən idmançılar məhkəmədə ifadə verdilər

MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədov, həmçinin Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Unikal"ın məlumatına görə, Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Vüqar Kərəmovun vəkili Kənan Nəcəfov müdafiə etdiyi şəxs barəsində həbs-qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz edilməsini istəyib. O, Vüqar Kərəmovun hadisə baş verən zaman orada olmadığını, eyni zamanda onun himayəsində 2 azyaşlı övladının olduğunu vurğulayıb.

Tofiq Musayevin vəkili Şaiq Mirzəyev isə işdə kifayət qədər nöqsanlar olduğunu bildirib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktında göstərilib ki, təqsirləndirilən şəxslər Həsən Əzizova qarşı nalayiq ifadələr işlətməklə ona qarşı yumruq və təpik zərbələri vurublar.

Təqsirləndirlilən şəxslər elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər.

Daha sonra təqsirləndirilən şəxs Ruslan Əfəndiyev ifadə verib. O bildirib ki, zərərçəkmiş şəxs olan Həsən Əzizov vaxtilə onun tələbəsi olub və aralarında heç bir ədavət olmayıb:

"Yarışqabağı biz "Dəniz Mall"a gedirdik. Mənə oradan zəng gəldi ki, bir nəfər narazılıq yaradır və xahiş etdim ki, həmin adamla məni əlaqələndirsin. Danışıq zamanı narazılığın Həsən Əzizov tərəfindən olduğunu bildim. Həsənə dedim ki, ora gəlib sənin problemini yoluna qoymağa çalışacağam. Lakin Həsən mənimlə çox aqressiv danışdı. Ora çatandan sonra Həsənin tələbələrimdən biri olan Rüfətlə danışdığını gördüm. Ona yaxınlaşdım. Daha sonra tələbəm Tofiq yaxınlaşdı və ona iradını bildirdi. Həsən Tofiqin üz nahiyəsinə yumruq atdı. Daha sonra mən araya girib ona badalaq atıb zərərsizləşdirdim. Tofiq yarışa görə çəki salmışdı deyə bədəni zəifləmişdi. Qorxdum ki, o zədələnər və yarış bizim üçün bitər. Həsən ifadəsində mənim tələbələrimin adlarını verib. Halbuki o şəxslər hadisə yerində olmayıblar. Hadisə yerində mən, Tofiq, Rüfət və Xəzər olub. Mən onu qətiyyən söyməmişəm. Həsən Əzizov çox aqressiv idi. Mən uşaqlara tapşırdım ki, o təxribat yaratmaq istəyir, bu səbəbdən ona yaxınlaşmayın. O, Rüfətlə danışanda mən yaxınlaşıb dedim ki, Həsən, sən hansı səbəbdən bizə bu qədər aqressivsən? Rüfət ona qəti əl qaldırmayıb".

 

Daha sonra digər təqsirləndirilən şəxs Rüfət Əsədov ifadə verib: "Mən Ruslan müəllimin düz yanında idim. Ruslan müəllim Həsənə dedi ki, orada problem yaratma, gələrəm birlikdə aşağı düşərik. O, aşağı düşəndə birinci mənə yaxınlaşdı. Dedim ki, bu narazılıq nəyə lazımdır? O isə dedi ki, mənə Ruslan lazımdır. Sonra Ruslan müəllim yaxınlaşdı, məsələni aydınlaşdırmaq istədi. Bu zaman Həsənin kifayət qədər aqressiyasının şahidi oldum. Sonra Tofiq Həsənə yaxınlaşaraq dedi ki, ayıb deyil Ruslan müəllimə qarşı hörmətsizlik edirsən?"

İfadə verən təqsirləndirilən şəxs Vüqar Kərəmov bildirib ki, həmin gün yarış iştirakçısı olub:

"Gecənin döyüşü mənim döyüşüm idi. Ruslan müəllimlə Həsənin telefonda danışdığını gördüm, amma nələr danışdığını eşitməmişəm. Mən konfrans zalında oturmuşdum. Hadisə yerində mən olmamışam. Mən azadlığa buraxılanda ona zəng edərək aydınlaşdırmaq istədim ki, hansı səbəbdən mənim əleyhimə ifadə verdin? O isə dedi ki, sənə qarşı haqsızlıq etmişəm və düzü, hamınıza qarşı əsəbi idim deyə o cür ifadə vermişəm".

Daha sonra təqsirləndirilən şəxs Tofiq Musayev ifadə verib. Onun sözlərinə görə, zərərçəkmiş şəxslə hər hansı bir şəxsi ədavəti olmayıb:

"Maşında mən, Rüfət, Ruslan müəllim idi. "Dəniz Mall"a getdik və dəhlizdə oturub söhbətləşirdik. Qapının ağzında duranda Həsənin Rüfətin qoluna girib qırağa çəkdiyini gördüm. Ardınca Ruslan müəllimin onların yanına getdiyini gördüm. Mübahisə edirdilər. Müəllimimizlə aqressiv danışması mənim xoşuma gəlmədi. Mən ona iradımı bildirdim, bu məqamda o mənim üz nahiyəmə yumruq atdı. Mən də onun sinəsindən itələdim".

Daha sonra şahid qismində Mehman Məmmədov dindirilib: "Maşında idik və "Dəniz Mall"a gedirdik. Yarışdan bir gün qabaq yarışın reqlamentinə uyğun olaraq "Face-to-Face" mərhələsində iştirak etməli idik. Ruslan müəllimə zəng gəldi və o, Həsən Əzizovla danışdı. Mən orada davanın şahidi olmamışam. Həsəni tanımışam və aramızda hər hansı bir düşmənçilik, ədavət olmayıb".

Daha sonra bütün təqsirləndirilən şəxslərin vəkilləri müvəkkillərinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət qaldırıblar.

Hakim qısa müşavirədən sonra vəsatəti təmin etməyib.

Məhkəmənin növbəti iclası iyunun 28-nə təyin edilib.

Qeyd edək ki, idmançılar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham olunurlar. Cinayət hadisəsi Səbail rayonu ərazisində baş verib. İttihama görə, idmançılar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən dava düşüb. Davada idmançı Həsən Əzizov döyülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
6
anons.az

5Mənbələr