AZ

Paşinyan sərhəddə baş verənləri Bakı ilə birgə araşdırmağı təklif edir

Yayımlandı: 25 İyun 2024 12:28 Avropa İttifaqı təklifi alqışlayır, rəsmi Bakı şərh etmir Yerevan Bakıya sərhəddə atəşkəs rejiminin pozulması ilə bağlı birgə araşdırmalar aparmağı təklif edib. Bu təklifi iyunun 15-də Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Müdafiə Nazirliyinin Yerevanı atəşkəsi pozmaqda ittihamından sonra səsləndirib. Paşinyanın ofisi iyunun 22-də açıqlama yayıb ki, adı açıqlanmayan “diplomatik kanallar” bu iddiaların araşdırılması üçün ikitərəfli mexanizm yaratmaq təklifini Bakıya çatdırıb. Amma Yerevan bu mexanizmlə bağlı  təfərrüatları açıqlamayıb. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Paşinyanın təklifini alqışlayıb. Bu barədə “X” (Twitter) səhifəsində yazan Klaar bildirib ki, Avropa İttifaqı Gürcüstanda oxşar görüşlərin təşkilinə kömək edib. İndi də öz təcrübəsini Cənubi Qafqazın digər iki dövləti ilə bölüşməyə hazırdır. Azərbaycan Xarici İşlər Nazirliyi məsələni Meydan TV-yə şərh etməyib. Nazirlikdən: “Hər hansı bir şərhimiz olmayacaq, olsa, yayacağıq”, – deyə cavab verilib. Azərbaycan Müdafiə Nazirliyi iyunun 21-də Ermənistan Silahlı Qüvvələri bölmələrinin Kəlbəcərin Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini atəşə tutduğunu bildirmişdi. 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Həmin vaxt Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ardınca da Bakı 2023-cü il sentyabrın 19-20-də Qarabağda lokal hərbi əməliyyatlara başlayıb. Sonrakı bir ay müddətində Dağlıq Qarabağda yaşayan ermənilər Ermənistana köçüb. Yerevan bunu “etnik təmizlənmə” kimi dəyərləndirsə də, Bakı iddianı qəbul etməyib. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
xural.com

1Mənbələr