AZ

Mavi beretlilər - Komandolar bir əsrdən çox yaşı olan Azərbaycan Ordusunun yeni nəfəsi hesab olunurlar FOTOLAR

Bakı, 25 iyun, AZƏRTAC

Otuz illik işğalı sona yetirən və 21-ci əsrdə müharibənin aparılması qaydaları ilə bağlı dünya hərb tarixinə yazılan 44 gün… 2020-ci ilin payızında Azərbaycan Ordusu 44 addımda Şuşa zirvəsini fəth edərək Üçrəngli Dövlət Bayrağımızı bütün dünyanın görə biləcəyi nöqtədən asdı. Biz payızın 44 anında yalnız bir ölkəni deyil, ona dəstək olan hər kəsi qarşımıza alıb savaşdıq və qalib ayrıldıq.

Şanlı Zəfərin qürurunu və sevincini yaşasaq da, naxələf qonşularımıza, onların daxilində bizə qarşı olan kinə, revanş hisslərinə bələd idik. Odur ki, daha da güclənməyi və Vətən keşiyində ayıq-sayıq dayanmağı seçdik. Zaman bizə yanılmadığımızı dəfələrlə göstərdi. Ötən il isə Qarabağda Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara qarşı həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı düşmən cəmi 23 saat 43 dəqiqə tab gətirə bildi. Əməliyyat 24 saat tamam olmadan qaldırılan ağ bayraq və Azərbaycanın Konstitusiya quruluşunun tam bərpası ilə nəticələndi. Bu, Azərbaycan Ordusunun Vətən müharibəsindən sonra daha da güclənməsinin ən bariz nümunəsi idi.

Hazırda Azərbaycanda ordu quruculuğu prosesi sürətlə davam edir, Silahlı Qüvvələrimizin arsenalı müasirləşdirilir, hərbi qulluqçuların peşəkarlığı artırılır. Qırx dörd günlük haqq savaşımızın ilk günündən son gününədək dəstəyini ən yüksək səviyyədə göstərən Türkiyə postmüharibə dövründə də qardaşını tək buraxmır. Təsadüfi deyil ki, hazırda iki qardaş ölkənin hərbi əməkdaşlığı yüksək səviyyədədir. Daha çox qardaş Türkiyə modelinə uyğunlaşdırılan Azərbaycan Ordusu müasir silahlarla təchiz olunur, komplektləşdirilir. Bu xüsusda Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusunda Türkiyə Silahlı Qüvvələrinin təcrübəsi əsasında komando hərbi hissələrinin yaradıldığını qeyd etmək yerinə düşər. Bir əsrdən çox tarixə malik Azərbaycan Silahlı Qüvvələrinin yeni nəfəsi hesab olunan komando hissələri Qarabağda aparılan uğurlu antiterror əməliyyatı ilə özlərini doğrultdular.

AZƏRTAC xəbər verir ki, media nümayəndələri Azərbaycan Ordusunun yaradılmasının 106-cı ildönümü ərəfəsində komando birləşmələrindən birinə - Hadrutdakı hərbi hissəyə baş çəkib, hərbi qulluqçularla yaxından söhbət etmək imkanı əldə edib, onlar üçün yaradılan şəraitlə tanış olublar.

Əvvəlcə jurnalistlər üçün ordumuzun arsenalındakı yerli və xarici silahların kiçik bir hissəsi, komandoların geyimləri, qidalanmasının nümayiş etdirildiyi sərgi təşkil olunub.

17 ildir Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçu Saleh İsmayılov sərgidə nümayiş etdirilən dönərqanadlı “Kargu 2” zərbə dronu barədə məlumat verərək həmin silahın düşmənin canlı qüvvəsini məhv etmək üçün təyin olunduğunu deyib: “Tam döyüşə hazırlıq çəkisi 8 kiloqramdır, təlim və döyüş başlıqlarından ibarətdir. 1,2 kiloqram çəkiyə malik olan döyüş başlığı 840 qəlpədən ibarətdir. Zərbə dronu tam təchizatla 5 kilometr uçuş məsafəsində 45 dəqiqə qala bilir. Düşmənin canlı qüvvəsini aşkarladıqda onu həmin dron vasitəsilə məhv etmək mümkündür. “Mover 3D” və “Mover 3E” müşahidə dronları isə döyüşlərdə xüsusi tapşırıqlarda qrupların tərkibində qarşıdakı düşmənin fəaliyyətlərini göstərir”.

44 günlük Vətən müharibəsində Cəbrayıl rayonu istiqamətində aparılan hərbi əməliyyatlarda iştirak etdiyini fəxrlə qeyd edən S.İsmayılov Qalib Azərbaycan Ordusunun hərbi qulluqçusu olmaqdan qürur duyduğunu bildirib və 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə ordumuzun bütün mənsublarını təbrik edib.

Sərgidə Azərbaycan Ordusunun arsenalındakı yerli silahların parametrləri barədə məlumat verən ordumuzun hərbi qulluqçusu Röyal Cəfərov Azərbaycan istehsalı olan “İstiqlal” silahı barədə danışıb: “İstiqlal” silahı 14,5 millimetrlik çapa malikdir. Uzunluğu 2 min 256 millimetr olan silah optik və mexaniki nişangahla təchiz olunub. Maksimum uçuş məsafəsi 7 min, optik və mexaniki nişangahla uçuş məsafəsi 2 min metrdir.

“RPG” 40 millimetrlik fərdi avtomatik qumbaraatan isə düşmənin açıq səngərdə və yamaclar arxasında olan canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub. O cümlədən asma atışa malikdir. Çəkisi 5,9 kiloqram, uçuş məsafəsi 1000 metr, effektli uçuş məsafəsi 375 metrdir”.

Daha sonra jurnalistlər əsgər yataqxanası, idman kompleksi və camaşırxananın fəaliyyəti ilə tanış olublar.

Doqquz aydır komando birliyində xidmət edən hərbi qulluqçu Samir Cəfərov onların Vətənə layiqli şəkildə xidmət etməsi üçün hər cür şəraitin yaradıldığını deyib: “Peşəkarlığımızın artırılması üçün təlimlər yüksək şəkildə aparılır. Hərbi hissədə qidalanmağımıza, fiziki hazırlığımızın yüksək səviyyədə olmasına xüsusi diqqət yetirilir. Burada asudə və istirahət vaxtlarımızı səmərəli keçirmək imkanları mövcuddur”.

S.Cəfərov Vətən müharibəsində əldə edilən qələbədən sonra orduda xidmət etmək həvəsinin yarandığını və o zaman yeni yaradılan komando birləşməsındə xidmət etməyə qərar verdiyini deyib: “Vətən müharibəsi dövründə hərbi xidmətdə Tovuzda idim. O zaman təəssüf ki, döyüşmək imkanım olmadı. Lakin qalib ordunun bir mənsubu kimi Vətənə xidmət etməyi qarşıma məqsəd qoydum. Müharibədən qısa müddət sonra yaradılan komando hissələri diqqətimi cəlb etdi. Özümü həmin birləşmənin üzvü kimi görmək istəyirdim və keçdiyim təlimlərdən sonra buna nail oldum. Rəşadətli Azərbaycan Ordusunun mənsubu olmaqdan və Vətən keşiyi çəkməkdən qürur duyuram”.

Lokal xarakterli antiterror tədbirləri zamanı Xocalı istiqamətində aparılan əməliyyatın iştirakçısı olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu Ehtiram Allahyarov döyüş hazırlıqlarının yüksək səviyyədə saxlanılması üçün kurslara, təlimlərə cəlb edildiklərini vurğulayıb. E.Allahyarov bundan sonra da düşmənə layiqli cavab verməyə hazır olduqlarını diqqətə çatdırıb.

“Başda şəhidlərimizin ailələri, qazilər, müharibə veteranları olmaqla ordumuzun bütün mənsublarını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm. Rəşadətli Azərbaycan Ordusunda xidmət etməkdən fəxarət hissi duyuram”, - deyə hərbi qulluqçu fikirlərinə yekun vurub.

Mediaturdan aldığımız təəssüratlar bizə həm qürur verdi, həm də əminliyimizi birəbeş artırdı. Gördüyümüz o idi ki, Ərgünəş dağının yaxınlığında türkçülüyün ifadəsi olan mavi rəngin işığı dostlara güvən bəxş edir, düşmənlərin gözünü qamaşdırır. Hadrutda – iki çayın arasında, iki qüdrətli türk dövlətinin birliyinin daha bir timsalı olan mavi beretlilər layiqli və ayıq-sayıq xidmətləri ilə bizə xor baxanları ürkütməyə davam edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
azertag.az

1Mənbələr