AZ

"Uşaq vaxtı Qarabağdakı ata ocağından məcburi çıxanlar, indi könüllü şəkildə o yerləri bərpa edirlər"

Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində çoxşaxəli quruculuq işləri gedir. Azərbaycan dövləti keçmiş məcburi köçkünlərin - yəni, o torpaqların həqiqi sahiblərini öz yurd-yuvalarına qaytarmaq üçün orada infrastruktur lahiyələr həyata keçirir. Onların orada rahat yaşaması üçün şərait qurmağa çalışır və qurur. Onu da qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə erməni vandalizmi özünü göstərir. Həmin ərazilərdə bütün tikintilər məhv olub. Meşələr qırılıb, çayların yönlərinin belə dəyişdirilməsinə cəhdlər göstərilib, su mənbələri zəhərlənib. Həmin ərazilərdə sözün əsl mənasında vəhşilik özünü göstərir. Bu səbəbdən də Azərbaycan dövləti minalardan həmin əraziləri təmizləməklə yanaşı, eyni zamanda həmin ərazilərdə ermənilərin dağıtdığı, separatçıların məhv etdiyi torpaqlarımızı yenidən dirçəltməyə çalışırıq. Orada yeni binalar tikilir, yeni yaşayış kompleksləri salınır. Politoloq Ramiz Alıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın həm Qarabağ ərazisində, həm də Şərqi Zəngəzurda olan məscidləri məhv edilib. Ramiz Alıyev “Zəngilanda belə bir məscidin yeni istifadəyə verilməsinə biz şahidlik etdik. Eyni zamanda Şuşada olan məscidlər və digər ərazilərdə olan dini abidələrin yenidən bərpa olunması ilə bağlı dövlətimiz xüsusi addımlar atır. Bilirsiniz ki, işğaldan azad etdiyimiz ərazilərdə yeni hava limanları inşa olunur və onlardan biri Füzulidə inşa olunaraq, istifadəyə verilib. Bu hava limanları eyni zamanda orada məskunlaşan insanlar üçün və həmin bölgə üçün çox əhəmiyyətlidir. Yol infrastrukturu yenilənir və yeni yollar salınır ki, ora gedən insanlar rahat şəkildə öz evlərinə gedə bilsin. Həmin bölgələrdə turizm imkanları çox zəngindir və məhz, elə buna görə də Kəlbəcərdə regionun ən böyük tuneli inşa olunur. Dağlar yarılır və tunel çəkilir. Kəlbəcər haqda bilirsiniz ki, dağlıq ərazidir və ora Azərbaycanın turizm imkanları ən zəngin olan rayonlarındandır. Orada həm də isti su ilə müalicəvi kurort sanatoriyası yaradılır. Orada dincəlməyə həm vətəndaşlarımız, həmin ərazilərə köçən insanlar, eyni zamanda ölkəmizə gələn və turizmdən yararlanan digər xarici qonaqların istirahət etmələrinə şərait yaradılır. Azərbaycanın ən böyük problemi hal-hazırda həmin ərazilərdə minaların olmasıdır. Minalar o ərazilərdə can almağa davam edir. Bu yaxınlarda Cəbrayılda minanın partlaması nəticəsində bir nəfər həlak oldu. Bir neçə nəfər yaralandı. Bununla bağlı xəbərlər eşitməyə artıq öyrəşmişik. Demək olar ki, hər gün biz bu xəbərləri eşidirik. O minaları erməni vandalları basdırıb”-deyən politoloq bildirib ki, bütün bunlarla Azərbaycan tək başına mübarizə aparır. Politoloqun fikrincə, digər ölkələrdə bu kimi hallar baş verdiyi zaman beynəlxalq təşkilatlarla yanaşı digər ölkələrin maliyyə və iqtisadi dəstəyinə, eyni zamanda mütəxəssislərin ora göndərilməsi ilə bağlı təşəbbüslərə şahidlik edirdik. "Təəssüflər olsun ki, Azərbaycana belə bir dəstək yoxdur. Azərbaycan həmin ərazilərin minalardan təmizlənməsi məsələsində tək başına addımlar atır. Eyni zamanda həmin regionların həmin rayonların, şəhərlərin, kəndlərin dirçəldilməsində tək başına addımlar ataraq, vətəndaşlar üçün gözəl şərait qururlar. Bu da olduqca təəssüfləndirici haldır. Dünyanın istənilən bir bölgəsində, istənilən bir yerində hər hansı bir faciə olarsa və ya hər hansı bir terror hadisəsi baş verərsə, eləcə də yanğın və digər təbii fəlakətlər baş verən zaman Azərbaycan mütləq şəkildə ora humanitar yardımlar göstərir. Bu gün böyük dövlətlər Azərbaycan ərazilərinin minalardan təmizlənməsi məsələsində dövlətimizin yanında olmurlar və dəstək göstərmirlər, sahə üzrə təcrübəli mütəxəssislərini göndərmirlər. Minaların təmizlənməsi prosesində irihəcmli maliyyə vəsaiti tələb olunur. Eyni zamanda bu gün Azərbaycan öz gücünə, öz maliyyəsinə, öz iqtisadi gücünə və öz mütəxəssislərinə arxalanaraq həmin ərazilərin minalardan təmizlənməsi məsələsini öz üzərinə götürüb, onu həyata keçirir. Bütün bunların hamısı xalqın təhlükəsiz yaşayışı üçündür"-deyə politoloq bildirib. “Hər ay demək olar ki, işğaldan azad etdiyimiz torpaqlara həm ərazilər üzrə vətəndaşlarımız köçürülür. Onlar çox fərəh hissi ilə həmin ərazilərə gedirlər. Uşaq olduğu yaşlarda o ərazilərdən çıxanlar bu gün həmin ərazilərdə yaradılmış yeni infrastruktur lahiyələrində çalışırlar. Bütün bunlar hamısı onu göstərir ki, Azərbaycan xalqı ilə dövləti birgə addımlayaraq, bir-birilərinə dəstək göstərərək, bir-birilərinə inanaraq bu yoldadırlar. Dövlətin atdığı bütün addımlarda xalq dövlətinin yanında, dövlətimizin ona vəzifə borcu kimi ayırdığı işlərdədirlər və öz dəstəyini əsirgəmirlər. Bu günlərdə yeni köçlər həyata keçiriləcək. Yeni yaşayış kompleksləri açılacaq. Bu proseslərin hər birində cənab prezident İlham Əliyev iştirak edir. Bu, çox qürurverici haldır. Ölkə başçısı 2003-cü ildə prezident seçkiləri zamanı keçmiş məcburi köçkünlərlə görüşəndə hər birinə söz verdi ki, bu yaşadıqları hamısı müvəqqətidir. “Sizin üçün şərait yaradırıq. Bu, müvəqqətidir, sizin üçün əsl şəraiti öz yurd-yuvanızda yaradacağıq. Biz torpaqlarımızı düşməndən azad edib, orada daha yaxşı şəraiti yenidən yaradacağıq”. Prezident İlham Əliyev verdiyi sözü yerinə yetirir. Ölkə başçısının sözü, onun imzasıdır. Biz heç bir zaman düşünməmişdik ki, bizim torpaqlarımız işğalda qalacaq”-deyə politoloq bildirib. İradə Cəlil, Bizimyol.info Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb. İstiqamət: 6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
bizimyol.info

1Mənbələr