AZ

Naxçıvanda Qərbi Azərbaycan sədası

Qərbi Azərbaycan Naxçıvanın bir addımlığındadır. Şahbuz rayonunun Biçənək aşırımının, Batabat yaylağının o üzü bizim illərdən bəri qonşuluqdan kənar qonşumuzun soydaşlarımızı deportasiya etdiyi tarixi torpaqlarımız- Qərbi Azərbaycandır. Zəngəzur və Dərələyiz mahallarında Batabatdan ucalan səs açıqca eşidilir...

Elə iki gün əvvəl Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin keçirildiyi Batabat yaylağının tarixə şahid dağlarının o üzündə bu musiqili, çal-çağırlı mesaj eşidilməmiş olmazdı.

Bu möhtəşəm tədbir dövlətimizin başçısının ötən 20 ildə həyata keçirdiyi Qayıdış konsepsiyasının bir hissəsi, Naxçıvanda ötən il noyabr ayının sonunda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin davamı idi.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Qərbi Azərbaycana qayıdış” festival-konqres iştirakçılarını salamlamış və Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycanın 30 illik işğala son qoymasının, 2023-cü il sentyabrın 19-20-də isə dövlətimizin suverenliyinin onun bütün ərazisində təmin olunmasının vaxtilə Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpası üçün də real imkanlar yaratdığını bildirmişdir.

Tədbirdə “Zəfər” kompozisiyasının təqdimatı ilə Əlahiddə Ümumqoşun Ordunun Şuşayadək zəfər yolu keçən qəhrəmanlarının Şuşaya sancılan və Zəfər paradında nümayiş etdirilən Zəfər Bayrağını meydana gətirməsi, şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, 2023-cü ilin antiterror tədbirlərində əldə etdiyimiz möhtəşəm qələbəyə həsr olunmuş “Zəfər marşı”nın ifa olunması və Oğuz elinin çaparlarının Batabat yaylağının əhatəsində bayram rəmzi olan üç tonqal qalaması Böyük Zəfərimizin təntənəsi, bayram çağırışı idi.

Bu tədbirlərin Naxçıvanda keçirilməsi təsadüfi deyil

Qarabağın və Şərqi Zəngəzur iqtisadi rayonunun işğal altında olan əraziləri 2020-2023-cü illərdə düşməndən tamamilə azad olunduqdan sonra qarşıda duran məsələ illər əvvəl qədim ata-baba torpaqlarından deportasiya olunan azərbaycanlıların öz yurdlarına qayıtmasıdır. Dövlətimizin başçısının dəstəyi ilə Qərbi Azərbaycan İcmasının yaradılması, icmanın ötən dövrdəki fəaliyyəti, verilən bəyanatlar, görülən tədbirlər Qərbi azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəkildə yurduna qayıtmasına böyük hüquqi və təşkilati dəstək kimi diqqətəlayiqdir.

“Qərbi Azərbaycana qayıdış”la bağlı tədbirlərin məhz Naxçıvanda keçirilməsi təsadüfi deyil. Çünki Naxçıvan həmin çətin günlərdə Qərbi azərbaycanlı soydaşlarımıza qucaq açıb. Və bu da təsadüfi deyil ki, deportasiyaya uğrayan Qərbi azərbaycanlıların böyük əksəriyyəti Naxçıvanda məskunlaşıb.

Ölkəmizin ali təhsil müəssisələri və araşdırma mərkəzlərinin rəhbərlərinin, qardaş Türkiyənin elm adamlarının və Naxçıvanda fəaliyyət göstərən elm-təhsil müəssisələri əməkdaşlarının Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, turizm ehtiyatları, milli mətbəxi, geyimləri, el adətləri və digər sahələri əhatə edən 300-dən artıq elmi məruzə, çıxışlar təqdim etdikləri festival-konqresdə əslən Qərbi Azərbaycandan olan muxtar respublika sakinləri də iştirak etmişlər.

Sərgilənən Qərbi Azərbaycana məxsus folklor nümunələrindən ibarət kompozisiyalar, kitab sərgisi, kulinariya və maddi mədəniyyət nümunələrindən ibarət stendlər, Qərbi Azərbaycan mahnıları və folklor nümunələrindən ibarət konsert proqramı, Qərbi Azərbaycanın toy adətləri, bu adətlər əsasında əslən tarixi torpaqlarımızdan olan iki gəncin toy mərasiminin keçirilməsi muxtar respublikada yaşayan Qərbi Azərbaycan sakinlərini bir neçə günlüyə öz yurdlarına apardı. O yurdlar ki, soydaşlarımızın oraya qayıtmasına çox az bir zaman qalıb.

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır

Prezident cənab İlham Əliyev Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşü zamanı Qərbi Azərbaycanın tarixi torpaqlarımız olmasını faktlarla əsaslandıraraq deyirdi: Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, İcma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır.

Blokada Naxçıvanından dünyaya

Qərbi Azərbaycana qayıdışla bağlı dövlətimiz tərəfindən həyata keçirilən işlər medianın bu qədər sürətli dövründə saniyə-saniyə bütün dünyaya yayılır. Elə bu sürət Naxçıvanda təşkil olunan festival-konqresi də dünya ictimaiyyətinə lazımi şəkildə çatdırdı və onların artıq Qərbi Azərbaycanla bağlı daha ətraflı məlumata malik olması sözsüzdür. Tədbir Qərbi Azərbaycanın tarixi Azərbaycan torpaqları olduğunu hər anı ilə sübut etdi.

Batabat yaylağında Qərbi Azərbaycanın iki günlük təqdimatı möhtəşəmliyi ilə yaddaşlarda qaldı. Burada qurulan çadırların hər biri Qərbi Azərbaycanın mahallarını özündə xarakterizə edirdi. Hər mahalın adətlərinin öz əksini tapdığı festival-konqres ona görə daha canlı, maraqlı idi ki, bu adət-ənənələr, kulinariya, mətbəx, toy adətləri Naxçıvanla eynilik təşkil edir. Bu səbəbdən də Naxçıvanda Qərbi Azərbaycanı bütün özünəməxsusluğu ilə yaratmaq, nümayiş etdirmək belə gözəl nəticə vermişdi.

Tədbir onu ehtiva edirdi ki, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın blokadadan çıxmasına, bu dəhliz vasitəsilə Qərbi Azərbaycana getməyimizə az bir zaman qalıb.

Bizi Qarabağa qaytaran Liderimiz yaxın gələcəkdə Qərbi Azərbaycana da qaytaracaq

Dövlətimizin başçısı deyir: Biz hər zaman həqiqəti deyirik. Azad edilmiş torpaqlara gələn 10 minlərlə xarici vətəndaş bu gün artıq öz gözləri ilə görür ki, xalqımız hansı vəhşiliklərə məruz qalıb. Bu gün orada gedən genişmiqyaslı quruculuq işləri bir daha xalqımızın iradəsini göstərir. Yenə də deyirəm, Ağalı kəndinin timsalında biz xalqımızın tarixi yaddaşını görürük. Çünki oranı heç vaxt görməyən uşaqlar, gənclər oraya qayıdıblar. Əminəm ki, biz eynisini Qərbi Azərbaycanda da görəcəyik.

Dövlətimizin başçısının Qərbi Azərbaycan İcmasına verdiyi tövsiyələr bu gün özünü göstərməkdədir. Öncə Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciəti, 26 yanvar 2023-cü il tarixdə qəbul etdiyi Qayıdış Konsepsiyası və həmin Konsepsiyanın BMT katibliyi tərəfindən rəsmi sənəd kimi yayılması qısa zamanda Qərbi Azərbaycan məsələsi istiqamətində görülən işlərin bəhrələridir və bu bəhrələr bizi hər gün Qərbi Azərbaycana yaxınlaşdırır.

Əminik ki, bizi Qarabağa qaytaran Liderimiz yaxın gələcəkdə Qərbi Azərbaycana da qaytaracaq. Çünki bizim Liderimiz bütün dünyaya bu torpaqların tarixi Azərbaycan torpaqları olduğunu sübut edən Liderdir. Azərbaycan tarixində 270 ildən sonra yeni bir səhifə açan Liderdir.

Mətanət Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
sesqazeti.az

1Mənbələr