AZ

Bakıda dəhşətli hadisə-ŞƏRH

Axtarışda olan şəxs 3 polisi, bir mülki vətəndaşı öldürüb

“Ən qatı cinayətkarlar belə bu cür şərəfsizlik etməzdi. Arvad-uşağın arxasına gizlənərək polisləri güllələmək nə insanlığa, nə də kişiliyə yaraşan bir haldır” 



  Dünən səhəri acı xəbərlə açdıq. Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş şəxs 3 polisi, bir mülki vətəndaşı öldürüb.
Qətlə yetirilənlər polis kapitanı Eldəniz Məmmədov, digərləri isə polis serjantları Mahir Ağayev və Mirəli Heydərovdur. Vəfat edən serjantlar DİN-in Çevik Polis Alayının əməkdaşları olub.
  Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında qeyd edilib ki, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib: “O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd etmiş, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.
Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilmişdir. Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir”. 
  Həlak olan polis əməkdaşları ilə vida mərasimi keçirilib. Vida mərasimində onların ailə üzvləri, Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər.
  Polis serjantı Mahir Ağayev Binə qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.  Şəhid polisin atası Mayıl Ağayev deyib ki,  Mahir Ağayev nişanlı olub. 4-5 ay sonra toyu olacaqdı: "Bizim üçün ağır olacaq. Hər gün qardaşını, məni öpüb işə gedirdi. Polislər hamımızın balalarıdır. Çalışaq, onlara ziyan verməyək. Validenləri üçün ağır olur. İnsanı öldürmək olmaz. O adamı Allah da bağışlamır". 
  Polis kapitanı Eldəniz Məmmədov isə  paytaxtın Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib. Əvvəlcə cənazə namazı qılınıb. Daha sonra Eldəniz Məmmədov yaylım atəşi altında torpağa tapşırılıb. Polis kapitanının ruhuna dualar oxunub, məzarı üzərinə tər güllər düzülüb, əklillər qoyulub. 
Kapitanın tabutunun büküldüyü üçrəngli Dövlət Bayrağı övladlarına verilib.
Polis serjantı Mirəli Heydərov isə Kürdəmir rayonunun Cəyli kəndində dəfn edilib.
  Dəfn mərasimində M.Heydərovun doğmaları, Kürdəmir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Kriminalist-ekspert İlqar Altay  sosial media hesabında bu mövzuya toxunub: 
- Şüvəlanda 3 polis nəfərinin qətl edilmə səbəbi, zənnimcə, gözlənilməz olub. Qatil Rövşən Allahverdiyev dələduzluq əməli ilə bağlı axtarışda olub. Əvvəllər də dələduzluqla məhkum olunub. Yəqin ki, polislər dələduzdan qatilə məxsus hərəkət gözləməyiblər. Yoxsa bu dərəcədə qanlı hadisə törətməsinə əsla imkan verməzdilər, xüsusi hazırlıqlı, ehtiyatlı gedilərdi.
  Görünür, həbs çəkdiyi müddət, həbsxana zona mühiti, oradakı qatillərlə kontaktları və təsirlər dələduzu qatilə çevirib. Mütləq ehtiyatlı olmaq lazımdır. Bir adam ki, axtarışdadır, qaçır gizlənir və özü də, artıq əvvəl məhkum olub, həbsxana görüb, çıxandan sonra da, islah olma əvəzində camaatın xeyli, 1 milyon yarım pulunu yenidən mənimsəyir, ondan hər reaksiya gözləmək olar. 
Allah rəhmət eləsin, ictimai asayişin qorunması xidmətində həyatını itirmiş polislərə. Təəssüflər!

  Siyasi şərhçi Azər Həsrət isə “Sherg.az”a açıqlamasında deyib ki, yaşanan olay son dərəcə kədərli və sarsıdıcıdır: 
“Azərbaycan polisləri fədakar və humanist  davranışına qarşı adekvat  münasibət görməli idi. Axtarışda olan şəxs evinə gələn polislərə "əynimi dəyişim, çıxıram" deyərək evdən silahı götürüb, hamısını güllələyib. Üstəlik, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib. Fədakar polislərimiz isə qadına, uşağa bir zərər dəyməsin deyə həmin şəxsə qarşı humanist mövqe nümayiş etdirərək silaha əl atmayıblar, onun sözünə inanıb ehtiyatsız davranıb, nəticədə öz canlarından olublar. Xəbərlərdə oxudum, o, anasının arxasında gizlənib və “Lancaster” ov tüfəngini anasının çiyninə qoyaraq, polisləri nişan alıb. Polis əməkdaşları cinayətkarın ailəsi və anasının xəsarət görmə ehtimalını nəzərə alaraq, silahları yerə qoyublar və öz anasından girov kimi istifadə edən R.Allahverdiyevlə danışmağa cəhd göstəriblər. R.Allahverdiyev isə bu məqamdan istifadə edərək, silahlarını artıq yerə qoyan polislərə atəş açıb və onları qətlə yetirib. Yalnız ailəsi və anası təhlükəsizlikdə olandan sonra digər polis əməkdaşları R.Allahverdiyevi məhv edib. Heç bir insan, hətta ən qatı cinayətkarlar belə bur cür şərəfsizliyi özünə rəva bilməməlidir. Arvad-uşağın arxasına gizlənərək sənə atəş açmayacaqlarına əmin olduğun polisləri güllələyirsən. Bu nə insanlığa, nə də kişiliyə yaraşan bir haldır. 
  Sosial şəbəkələrdə bəzi ünsürlər polislərin neqativ davranışlarını, kobud hərəkətlərini xatırladaraq cinayətkarın bu əməlinə bəraət qazandırmağa çalışırlar. Anlamırlar ki, şəhid polislərimizə atılan güllə 3 polisə yox,  Azərbaycan dövlətçiliyinin təməlinə tuşlanan silahdır.  
 Bizim polisimiz öz xalqına, vətəndaşına güvənir. Qarşısındakı dələduzluqda ittiham olunan şəxs belə olsa, dövlətin polisinə  atəş açacağına ehtimal vermir. Əməli göz qabağında olan cinayətkar isə çox rahatlıqla qeyri-insani davranış sərgiləyib, 3 polisimizi qətlə yetirib. Qatilin özü də zərərsizləşdirilsə də, olan 3 polisə və 1 nəfər mülki vətəndaşa olub. Azərbaycan polisinin sərgilədiyi bu humanizm qarşısında həmin şəxs silaha əl atmaq əvəzinə könüllü təslim olmalı idi. Polislərin inamından və insanlığından alçaqcasına istifadə etməyin özü belə ən böyük cinayətdir.
  Biz xalq olaraq öz polisimizin və dövlətimizin arxasındayıq. Ölkəmizin Kolumbiyaya çevrilməsinə izn vermərik.
Çiyinlərində “paqon” daşıyan, dövlət adına hərəkət edən heç kəsə silah tuşlana bilməz. Polisə  güllə atmaq  xalqa güllə atmaq  deməkdir.   
Bu cəsur və fədakar insanlar, ölkəmizin asayişini və vətəndaşlarımızın təhlükəsizliyini qorumaq üçün həyatlarını təhlükəyə atıblar. Onların şəhadəti, bizə dövlətimizin və ictimaiyyətimizin təhlükəsizliyinin nə qədər dəyərli və əhəmiyyətli olduğunu bir daha xatırlatdı. Azərbaycan polisi öz peşəsinə sadiq və vətənpərvərdir. Onlar ən çətin anlarda belə vəzifələrinin öhdəsindən gəlmək üçün canlarını fəda etməkdən çəkinməyiblər". 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
sherg.az

1Mənbələr