AZ

"Neftçi"nin Müşahidə Şurasının 4 yeni üzvü kimdir? – TANITMA

"Neftçi"nin yeni Müşahidə Şurasının tərkibi təsdiqlənib.

Prosport.Az-ın xəbərinə görə, 2022-ci ilin 30 noyabrında təyin olunmuş köhnə üzvlərdən elm və təhsil naziri, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov və SOCAR prezidenti Rövşən Nəcəfin köməkçisi, Aparat rəhbəri, İşlər idarəsinin rəisi, həmçinin "Neftçi" İdman Klubunda İdarə Heyətinin sədri Hafiz Zeynalov Müşahidə Şurasında qalıb. H.Zeynalova şuranın yeni sədri vəzifəsi həvalə edilib.

Bəs yeni üzvlər kimlərdir?

Fərid Hacıyev – ötən ilin oktyabrın 4-də vergi qeydiyyatına alınmış SOCAR-ın törəmə şirkəti olan “SOCAR Projects İnternational” Məhdud Məsuliyyətli Cəmiyyətin qanuni təmsilçisidir. F.Hacıyev vaxtilə Vergilər Xidmətində işləyib. O, 2019-cu ilin fevralın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Emil Alxaslı – 2019-cu ilin sonlarında yaradılmış “SOCAR Downstream” MMC-nin icraçı direktoru vəzifəsində çalışır. Bundan öncə SOCAR-ın törəmə təşkilatlarında, o cümlədən “SOCAR Türkiyə”də və TOTAL kimi dünyaca məşhur enerji şirkətində çalışıb. Ötən ilin dekabrında “SOCAR Polymer İnvestments” MMC-nin direktoru da təyin olunub.

Bəxtiyar Aslanbəyli – Böyük Britaniyanın "British Petroleum" (BP) şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidentidir. O, Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvü, beynəxalq münasibətlər və enerji məsələləri üzrə mütəxəssisdir. 2017-ci ildə ölkənin neft və qaz sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub. O, həmçinin Emin Əmrullayevin rəhbəri olduğu Basketbol Federasiyasının Rəyasət Heyətinin üzvüdür. 47 yaşı var.

Afaq Məmmədova – fəlsəfə elmləri doktorudur. O, 2022-ci ilin aprelin 20-dən Azərbaycan Dövlət İqtisad Universitetinin "Humanitar fənlər" kafedrasının professorudur. 50 yaşı var.

Qeyd edək ki, "Neftçi"nin əvvəlki Müşahidə Şurasının sədri Rövşən Nəcəf aprelin 2-də AFFA prezidenti seçildiyindən, qurumdan ayrılıb. Həmçinin, "Neftçi"nin veteranı Səməd Qurbanov AFFA İcraiyyə Komitəsinə üzv seçildiyindən, Müşahidə Şurasındakı üzvlüyünə xitam verilib. Zaur Qəhrəmanov martın 31-də sosial şəbəkə hesabında "Neftçi"dən ayrıldığını bildirib. BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda insanlar və korporativ mədəniyyət üzrə vitse-prezident Elnarə Məmmədova isə budəfəki tərkibdə yoxdur.

Səbuhi Musa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
prosport.az

1Mənbələr