AZ

Qüdrətli Azərbaycan Ordusu

Azərbaycan Ordusu həm regionda, həm dünyada kifayət qədər tanınan və layiqli yerini tutan bir ordudur.

Məlum olduğu kimi,  məhz Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı əsasında 1998-ci ildən başlayaraq 26 iyun ölkəmizdə Silahlı Qüvvələr günü kimi dövlət səviyyəsində qeyd olunur. Eyni zamanda, bu bir həqiqətdir ki, milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmışdı. Yalnız dahi  Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra respublikamızda bütün digər sahələrdə olduğu kimi, hərbi quruculuq istiqamətində də mütərəqqi inkişaf meyilləri formalaşdı, ölkənin gələcəkdə hərbi qüdrətinin daha da möhkəmlənməsi və müstəqil fəaliyyəti üçün əsaslı zəmin yarandı. 1971-ci ildə böyük zəhmətlər bahasına ərsəyə gəlmiş Cəmşid Naxçıvanski adına hərbi məktəb Azərbaycanda ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda böyük təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi. Azərbaycan Ordusu müasir standartlara cavab verir. Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu qazanılan hərbi uğurlar da aydın surətdə təsdiqləyir. Ordunun kadr potensialının artırılması, şəxsi heyətin bilik və bacarığının, döyüş ruhunun yüksəldilməsi, hərbçilərin sosial problemlərinin həlli dövlətin qarşıya qoyduğu prioritet məsələlərdəndir.

Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi, bu istiqamətdə uğurlu siyasət həyata keçirir. Bu uğurlu siyasətin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyev prezidentliyi dövründə   Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Erməni faşizminin regionumuza gətirdiyi bəlalara son qoyan, minlərlə şəhidimizin qisasını döyüş meydanlarında alan, 30 ildən sonra başımızın dik durması üçün qanı və canı ilə mübarizə aparan, Vətənimizin müdafiəsini təmin edən də Azərbaycan Ordusudur.    Son illər Azərbaycan ordusunun əsgər və zabitlərinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də ölkəmizdə böyük işlər görülmüş, onlarla yeni hərbi şəhərcik yaradılmışdır. Azərbaycan ordusunun maddi-texniki bazasını daha da möhkəmləndirilib, hərbi qulluqçuların sosial müdafiəsi gücləndirilib. Bu gün orduda xidmət etmək hər bir azərbaycanlının şərəf işinə çevrilib. Orduda xidmət edən, əsgərlik borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. 44 günlük müharibədə qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. 44 gün ərzində müntəzəm surətdə fərqli mənbələrdən və ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi. Prezident İlham Əliyevin 15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərində Azərbaycan xalqına müraciəti 44 günlük Vətən müharibəsindəki zəfər sevinci kimi bizlərə növbəti qələbə müjdəsini yaşatdı. 

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan  Partiyası Kürdəmir  rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
ikisahil.az

2Mənbələr