AZ

Gizli səsyazma prosesi məhkəmə predmeti ola bilər? - AYDINLIQ GƏTİRİLDİ

“Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklərə əsasən səsin gizli şəkildə yazılması şəxsi həyata müdaxilə kimi qiymətləndirilir. İnsanın özünün razılığı olmadan onun səsini yazmaq şəxsi həyata müdaxilə və cinayətdir. Bu yolverilməzdir. Bəzən məhkəmələr zamanı insanlar bu cür vasitələrdən sübut kimi istifadə etməyə çalışır. Lakin qanun buna imkan vermir. Qanuna əsasən insanlar yalnız öz səslərini yaza bilərlər. Bunun üçün onlara heç bir məhdudiyyət qoyulmur. Hər kəsin şəxsi və ailə həyatının sirrini qorumaq hüququ var”. Bu sözləri SİA-ya açıqlamasında hüquq müdafiəçisi Səməd Vəkilov deyib.

O bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində göstərilən hallardan başqa, şəxsi həyata qarışmaq qadağandır: “Qanuna əsasən hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Belə ki, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ var. "İnsan Hüquqlarının və əsas Azadlıqların Müdafiəsi Haqqında" Avropa Konvensiyasının da 8-ci maddəsində göstərilib ki, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Sənədə əsasən, milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir”.

“Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində şəxsi həyatla bağlı maddə var. Belə ki, Məcəllənin 156-cı maddəsinin 1-ci bəndinə görə, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması 100 manatdan 500 manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. 156-cı maddənin 2-ci bəndinə görə isə, eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır",- deyə o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
sia.az

1Mənbələr