AZ

AVRO-2024-də günün hesabatı: Rekordlar, seriyalar

AVRO-2024-ün B qrupunda baş tutan son oyunlar statistik məqamlarla zəngin olub.

İdman.biz xəbər verir ki, İFFHS Xorvatiya – İtaliya (1:1) və Albaniya – İspaniya (0:1) matçları ilə bağlı hesabat hazırlayıb.

İtaliya Xorvatiya ilə ardıcıl 9-cu oyunda da qələbə qazana bilməyib: 6 heç-heçə və 3 məğlubiyyət.

İtaliyanın Xorvatiya üzərində yeganə qələbəsi 1942-ci il aprelin 5-də Genuyada keçirilən yoldaşlıq oyununda gerçəkləşib.

Xorvatiya eyni qitə çempionatında 2 penalti qaçıran 3-cü komandadır. Bruno Petkoviç İspaniya, Luka Modriç İtaliya ilə görüşdə imkanı boşa verib. Niderland AVRO-2000, İspaniya AVRO-2020-də eyni halla üzləşib.

Canluici Donnarumma AVRO-2008-dən sonra penalti qaytaran ilk italiyalı olub. Qitə çempionatlarında bunu bacaran sonuncu qolkiper Canluici Buffon rumıniyalı Adrian Mutunun zərbəsini dəf edib.

25 yaş 120 günlüyündə Avropa çempionatında 10-cu matçını keçirən Canluici Donnarumma buna nail olan ən gənc qapıçıdır.

38 yaş 289 günlüyündə fərqlənən Luka Modriç Avropa çempionatlarında ən yaşlı qol müəllifi olub. O, avstriyalı İvitsa Vastiçin AVRO-2008-dəki rekordunu qırıb – 28 yaş 257 gün.

Luka Modriç Xorvatiyanın Avropa çempionatlarındakı bombardiri adına şərik çıxıb. O, İvan Perişiç kimi 4 qola imza atıb.

90+8-ci dəqiqədə fərqlənən Mattia Zakkani İtaliyanın final mərhələlərində əsas vaxtdakı ən gec qolunun müəllifi olub.

Xorvatiya Avropa çempionatları tarixinə eyni yarışda iki dəfə qələbəni uzatma dəqiqələrində əldən verən ilk komanda kimi düşüb. Onlar Albaniyadan (2:2) 90+5-ci, İtaliyadan (1:1) 90+8-ci dəqiqədə qol buraxıb.

Xorvatiya Avropa çempionatlarında 4 dəfə qələbəni uzatma dəqiqələrində əldən verib. AVRO-2008-də və AVRO-2016-da bir, AVRO-2024-də iki belə görüş olub. Bu, yarışın antirekordudur. İngiltərənin iki belə uğursuzluğu var.

İspaniya tarixində ikinci dəfə Avropa çempionatının qrupunda üç qələbə qazanıb. AVRO-2008-də belə nəticə sonda çempionluqla yekunlaşıb.

İspaniya tarixində ilk dəfə final mərhələsinin qrupunda üç quru qələbə qazanıb.

Avropa çempionatları tarixində ikinci dəfə komandalardan biri qrupda üç quru qələbə qazanıb. AVRO-2020-də bunu bacaran İtaliya sonda çempion olub.

AVRO-2008 və AVRO-2020-dəki iki İspaniya arasında oxşar məqam qeydə alınıb. Hər iki halda yığmaya Luis adlı baş məşqçi, əvvəl Araqones, indi de la Fuente başçılıq edir. Hər iki baş məşqçi qrupdakı iki qələbədən sonra III turda heyətdə 10 dəyişiklik edib. İspaniya ardıcıl iki oyundakı start heyətlərində 10 futbolçu dəyişən yeganə komandadır.

Albaniya İspaniyaya daim uduzan komandalar arasında ən çox məğlubiyyət alan komandadır - 9 dəfə. Lixtenşteyn və Maltada bu rəqəm 8-dir.

Ferran Torres İspaniya millisində 20-ci qolu vurub. O, 25 yaşı olmadan bunu bacaran ikinci oyunçudur. Raul 25 yaşınadək 28 qol vurub.

Dani Olmo Avropa çempionatlarında 4-cü assistinə imza atıb. Sesk Fabreqas 5, Xavi, İnyesta və David Silva 4 məhsuldar ötürmə verib.

Xesus Navas 38 yaş 216 günlüyündə meydana çıxmaqla İspaniya millisinin final mərhələlərindəki ən yaşlı futbolçusu olub. O, 36 yaş 248 günlüyündə DÇ-2006-da şans qazanan Santyaqo Kanisaresi keçib. Avropa çempionatlarında isə əvvəlki rekord Arits Adurisə məxsus idi – 35 yaş 137 gün.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
2
idman.biz

3Mənbələr