AZ

Sərhəddən sülhə atılan güllələr - İrəvanın ikili oyunu, yoxsa...

Paşinyan bir ay içində sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan etdiyi ərəfədə Naxçıvan və Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu; analitiklərin fikirləri çarpazdır

Azərbaycanla Ermənistan arasında sülh sənədinin imzalanması haqda nikbin açıqlamaların artması fonunda sərhəddə erməni təxribatları da artıb. Naxçıvanın ardınca, qısa fasilə sonra Kəlbəcər atəşə tutulub. Həm də gün ərzində iki dəfə. Bunun son olmayacağı aydındır. 

Bəs təxribatların sifarişçisi kimdir - ikili oyun oynamaq istəyən Paşinyan hökuməti, yoxsa hansısa xarici güc? “Kəlbəcərin atəşə tutulmasının səbəb və məqsədi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını pozmaqdır. Özü də birmənalı şəkildə söyləmək olmaz ki, atəş açan erməni silahlılarıdır, yoxsa Ermənistan ərazisində olan və sərhədləri qoruyan Rusiya silahlıları”. Bu sözləri Musavat.com-a professor Qabil Hüseynli  deyib. Onun qənaətincə, bu gün sülh müqaviləsinə mane olan iki əsas qrup var: “Bunlardan biri Ermənistan ordusunun içərisində kök salmış "Qarabağ klanı", Qarabağ ermənilərdir, digəri isə hələ də Ermənistanda öz mövcudluğunu qoruyub saxlayan Rusiya sərhəd, hərbi qüvvələri, yəni Gümrüdə yerləşən hərbi bazadakı silahlı qüvvələrdir".

Professora görə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olan qüvvələrdən biri də Fransadır: “Məlum olduğu kimi, bugünlərdə Fransadan Ermənistana "SEZAR" markalı özüyeriyən artilleriya qurğuları və onlar üçün mərmilərin satışı barədə müqavilə imzalanıb. Atəşkəsin pozulmasında bu məsələnin mühüm təsiri var. Əgər bu günə qədər Fransanın Ermənistana göndərdiyi silahlar müdafiə silahları adlandırılırdısa, indi isə razılığa gəldikləri və yaxın vaxtlarda Ermənistana göndərəcəkləri “SEZAR” markalı silahlar daha dağıdıcıdır. Bu silahların Ermənistana gəlməsi Ermənistanın hərbi potensialını xeyli artıracaq".

Maraqlıdır ki, son olaylardan dolayı Ermənistan hökuməti Azərbaycana sərhəd təxribatlarının araşdırılması üçün yenidən ikitərəfli mexanizm yaratmaq təklif edib. “Ermənistan baş nazirinin iyunun 15-də verdiyi bəyanatın davamı kimi İrəvan hökumətinin gərginliyin qarşısını almağa sadiq olduğuna əsaslanaraq, Ermənistan diplomatik kanallar vasitəsilə Azərbaycana təklif edib ki, atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm yaradılsın”, - bəyanatda deyilir. Belə bir mexanizmin yaradılması mümkündürmü? Rəsmi Bakının İrəvana cavabı nə olacaq? Diqqətçəkicidir ki, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar “X” səhifəsindəki paylaşımında İrəvanın təklifini alqışlayıb. “Aİ-nin Gürcüstandakı monitorinq missiyası 15 ilə yaxındır fəaliyyət göstərir və təcrübəsini bölüşməyə hazırdır”, - Klaar qeyd edib. Hərbi ekspertlər necə, Q.Hüseynlinin narahatlığını və ehtimallarını bölüşürmü? Sərhəddən sülhə atəş açan kim(lər)dir?

Amma bu təxribatların Ermənistanın nəyinə lazım olduğu da anlaşılmazdır. Axı Paşinyan bir ay içində sülh sənədi imzalamağa hazır olduğunu açıqlayıb?! O zaman bu bəyanatdan sonra atəşkəsin pozulması faktı qeydə alınırsa, deməli, erməni ordusunda “5-ci kolon”un təlimatlarını yerinə yetirənlər var. İstisna deyil ki, sərhəddə olan “Yekrapa” üzvləri atəş açırlar. Nenkin And istiqamətində də atəşkəs pozulanda məlum olmuşdu ki, ordumuzun məhv etdiyi erməni hərbçiləri “Yekrapa” döyüşçüləri olublar. Həmin vaxt Ermənistan rəsmiləri ittiham etmişdilər ki, Nenkin Anda avropalı müşahidəçilər buraxılmır və o ərazidə rus sərhədçiləri var. Yəni bununla İrəvan atəşkəsi pozan qüvvələrin kimliyinə işarə etmişdi. Son hadisələrdə də ordu içindəki kənar gücün iştirakı real görünür. Məqsəd sülh gündəliyinə zərbə vurmaq, regionda gərginliyi artırmaq, eskalasiya həddinə çatdırmaq və danışıqları tormozlamaqdır. Bunu da ikitərəfli sülh danışıqlarını istəməyən kənar güc edə bilər. Fransanın İrəvana silah verməsi fonunda atəşkəsin pozulması da diqqətdən kənar qala bilməz. Yəni bölgə uğrunda yarışan qüvvələrin Ermənistan hakimiyyəti və ordusu üzərindən təxribatları mümkündür.

Nazarbayevin

Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlunun sözlərinə görə, atəşkəs Naxçıvan istiqamətində pozulanda belə versiyalar səslənirdi ki, bu, Ermənistandakı təxribatçı qüvvələrin Zəngəzur dəhlizinin reallaşması və Kərki kəndinin geri qaytarılması mümkünlüyü əleyhinə atılmış addımdır, gedişata mane olmaq istəyirlər: “Atəşkəsin Kəlbəcər istiqamətində pozulmasının arxasında da Ermənistandakı revanşist qüvvələrin dayanması ehtimalı yüksəkdir. Bunun mexanizmi çox sadədir. Qarabağ klanı və ya digər radikal qüvvələr ordudakı tərəfdarlarından bir qrupuna mesaj göndərirlər ki, Azərbaycan tərəfə atəş açın. Və ya radikal qüvvələrin nümayəndələrindən bir qrupu maşınla sərhəd kəndlərdən birinə yaxınlaşaraq Azərbaycan tərəfə atəş açır”. Politoloqun bildirdiyinə görə, bu ilin fevralında qarşı tərəf atəş açaraq hərbçimizi yaraladıqda, baş nazir Nikol Paşinyan bunun təxribat olduğunu anlayaraq orduda bəzi yerdəyişmələr etdi: “Ancaq bu prosesi ya sona çatdıra bilmədi, ya sona çatdırmağa risq etmədi. Bütün hallarda atəşkəsin pozulmasının intensiv hal alması gərginliyi artırır, bu isə öz növbəsində danışıqlar prosesinə mənfi təsir edir”.

Asif

 Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, Paşinyanın təklifindən ilk baxışda belə nəticə çıxır ki, Ermənistan sərhəd boyu yerləşdirdiyi qüvvələrə nəzarət edə bilmir: “Bundan öncə İrəvanın atəşkəsi pozan hərbçiləri cəzalandırması da bu fikri gücləndirir. Hərçənd atəşkəsin Ermənistan rəhbərliyindən xəbərsiz pozulması və erməni hərbçilərin cəzalandırılmasının görüntü xarakterli olduğu ehtimalı daha çoxdur, xüsusilə İrəvanın sərhəd planları fonunda. İyunun 13-dən etibarən sərhəddə atəşkəsin pozulmağa başlanılmasında da əsas məqsəd Ermənistanın təklif etdiyi "mexanizmin" yaradılmasına zəminin formalaşdırılmasıdır. Ermənistan belə bir “mexanizmin” yaradılmasını niyə istəyir? Buna bənzər təklif İrəvandan Bakıya hələ Qarabağ işğalda olduğu vaxt - Serj Sərkisyanın hakimiyyətdə olduğu 2016-cı ildə edilmişdi. Bu, “Roys-Engel ideyası” da adlanırdı: mexanizm planını Amerika Erməni Milli Komitəsi (ANCA) tərəfindən yaradılan “Ermənistana dəstək qrupunun” üzvləri, konqresmenlər Ed Roys və Eliot Engel irəli sürüb, Obama Administrasiyasının planın icrasına dəstək verməsini istəyirdilər. Məqsəd təmas xəttinə beynəlxalq nəzarətlə Azərbaycanın torpaqlarını işğaldan azad etməsi üçün mümkün hücumların qarşısını almaq, Qarabağda işğala əsaslanan status-kvonu qoruyub saxlamaq idi". 

Təhlilçinin sözlərinə görə, Paşinyanın açıqlamasındakı “beynəlxalq ictimaiyyət üçün də həqiqi vəziyyəti anlamaq” qeydi o deməkdir ki, hədəf beynəlxalq diqqəti sərhəddəki hadisələrə yönəltməkdir: “İkincisi, Ermənistanın "ikitərəfli mexanizmə" sonradan “beynəlxalq nəzarəti” əlavə etmək planının olduğu istisna deyil: sərhəddə fəaliyyət göstərən Avropa İttifaqının müşahidə missiyası bunu edə, yaxud “beynəlxalq nəzarət” üçün əlavə qüvvələr prosesə cəlb oluna bilər. Üçüncüsü, belə bir “mexanizm”in yaradılması hər iki tərəf üçün “əllərin bağlanması” deməkdir. “Mexanizm” planında ABŞ-ın maraqlı olduğu istisna edilməməlidir. Sərhəddə atəşkəsin pozulması və Paşinyanın təklif irəli sürməsinin Obraynın İrəvan səfərindən sonraya təsadüf etməsi də bu kontekstdə diqqət çəkir. Mümkündür ki, bölgədə təsir imkanlarını gücləndirmək üçün vaxtilə mövcud olmuş “Roys-Engel planı”nı indi sərhəddə tətbiq etmək istəyirlər".  

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
1
musavat.com

2Mənbələr