AZ

Ədəbiyyat dərsliklərinə hansı Azərbaycan yazıçıların adı salınmalıdır?

Bir çox dövrdə yazıçların əsərləri, adları dərsliklərə salınıb. Onların əsərləri təhsildə də öz yerini tapmışdır. Müstəqillik dövrümüzdən sonra çağdaş ədəbiyyatımızda bir neçə imzasını təsdiq etmiş yazıçlar var. Bəs bu yazıçılardan kimlər dərsliklərə daxil edilməlidir?

Ednews yazıçı, şairlərimizə sorğu ünvanlayıb - Çağdaş Azərbaycan ədəbiyyatının hansı yazıçıları dərsliklərə salınmalıdır?

Şair Rasim Qaraca:

“Mənə elə gəlir yazıçı dərsliklərə düşmək haqqında düşünməməlidir, hətta buna etiraz etməlidir. Yazıçının vəzifəsi yazmaqdır. O deyirlər e "yazıçının inqilabi vəzifəsi yaxşı yazmaqdır", bu sözün mənası elə odur, dərsliklərə düşmək haqqında düşünmədən yaz, belə olarsa sonunda dərslik deyil, məktəb olarsan. Məgər Füzuli, Vaqif, Mirzə Cəlil dərsliklərə düşmək haqqında düşünürdü? Qısacası, yaşayan yazarların dərsliyə düşmək iddiası onun yazdıqlarının dəyərsiz olduğunun göstəricisidir mənə görə”.

Yazıçı Rövşən Yerfi:

"XXI əsrdə ədəbiyyata gələnlərdən xüsusi təqdim hələ ki, heç kimi vacib saymıram. Xülasə halında bəhs etmək olar. Onlardan bir çoxunun əsərləri sinifdənxaric ədəbiyyat siyahısına yazılmalıdır və bu mürləq lazımdır".

Filologiya elmlər doktoru, tənqidçi Cavanşir Yusifli:

“Bu məsələ fikrimcə, ədəbiyyatı və xüsusən dərslik məsələlərini bilən mütəxəssislərin işi olmalıdır. Bizdən olsa, böyük bir siyahı hazırlaya bilərik və bu heç də çətin deyil. Meyar - kriteriya müəyyənləşdirilməlidir:1) bədii cəhətdən yüksək səviyyədə olan poetik nümunələr;2) çağdaş ədəbiyyatın axtarış və mahiyyətini göstərə bilən əsərlər;3) orta məktəb şagirdlərində düşüncənin sınırlarını genişləndirə bilən və gözəl dili olan əsərlər;4) elə nümunələr seçilməlidir ki, şagirdlərin digər predmetlərdən öyrəndikləri biliklərlə “mübahisə” yarada bilsin.

Şagird düşünsün ki, məsələn, fizika, riyaziyyatla ədəbi mətnlər arasında çox dərin bir əlaqə varmış. Dərsliyə əzbərləmək üçün heç nə daxil edilməməlidir, şagirdin beynindəki  “xatirə dəftəri” loqosunu dağıtmaq lazımdır. Poeziya nümunələri kimi Məmməd İsmayıl, Məmməd Aslan, Səlim Babullaoğlu və sair, nəsrdən Mübariz Cəfərli, Məmməd Oruc və sair yazıçıların əsərlərini seçib yerləşdirmək olar. Amma... mən dərslik yazmaq sahəsində mütəxəssis deyiləm, bunu yuxarıda da qeyd etdiyim kimi, bilicisinin ixtiyarına buraxmaq lazımdır". 

Yazar Cəlil Cavanşir:

“Söhbət yəqin ki, Azərbaycan dili və ədəbiyyat dərsliklərindən gedir. Məhz bu dərsliklərin hazırlanması pedaqoqların, dilçilərin işidir. Hesab edirəm ki, Azərbaycan dilində normal yazan, danışan və ciddi ədəbi nümunələr yaradan müəlliflərin əsərlərinə müraciət edilməlidir. Təbii ki, klassiklərlə yanaşı müasir ədəbiyyatın nümayəndələri də gənc nəsilə tədris edilməlidir. Konkret adlar çəkib istiqamət vermək istəmirəm. Hər halda bu ciddi bir komissiyanın işidir. Düşünürəm ki, yarıdıcılığı Azərbaycan dilində olan büten ciddi qələm adamları gənc nəslə tanıdılmalıdır. Ən azından müasir ədəbiyyatı tanıtmaq və istiqamət verilməlidir”.

Oğuz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
ednews.net

1Mənbələr