AZ

Kərim Rzayev: “Azərbaycan Ordusu qarşıya qoyulan istənilən vəzifəni ən effektiv şəkildə yerinə yetirmək iqtidarındadır”



“Azərbaycanda 26 iyun Silahlı Qüvvələr Günü hər zaman böyük ruh yüksəkliyi ilə qeyd olunub. Lakin məhz 2020-ci ildən bu şərəfli tarix xalqımız və ordumuz üçün tam yeni bir anlam kəsb etməyə başladı. Həmin il sentyabr ayının 27-də Azərbaycan Ordusu Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə düşmənin təxribatlarına son qoymaq və özünün ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsilə başa çatdı. Şuşa şəhərinin azad olunmasından bir gün sonra məğlub Ermənistan faktiki olaraq kapitulyasiya aktını imzalamalı oldu. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri Bəyanat imzaladılar. Bu Bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu. Ölkəmiz, dövlətimiz həm savaş meydanında, həm də hərbi-diplomatik müstəvidə öz gücünü bütün dünyaya nümayiş etdirdi. Buna görə də 2020-ci ildən başlayaraq Azərbaycan 26 iyun tarixini artıq qalib ölkə, qalib xalq və Müzəffər ordu olaraq qeyd edir. Bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkələrindən biri olsaydı belə, onun da heç bir şansı olmayacaqdı. Təsadüfi deyil ki, II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir.”

Bu sözləri 26 iyun Silahlı Qüvvələr Günü ilə əlaqədar aia.az-a verdiyi müsahibəsində Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Kərim Rzayev deyib.

Fikirlərini davam etdirən komitə sədri Azərbaycanın SSRİ tərkibində mövcud olduğu illərdə yalnız Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə ölkəmizdə ordu quruculuğu istiqamətində məqsədyönlü addımların atıldığını vurğulayıb: “Qeyd olunmalıdır ki, Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, dövlət quruculuğunun bir çox sahələrində mühüm tədbirlər həyata keçirmişdi. O cümlədən milli hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Demək olar ki, həmin vaxt Müsəlman Korpusunun adının dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində atılmış ilk və mühüm addımlardan biri olmuşdur. Lakin 1920-ci ildə Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı ölkəmizdə dövlət quruculuğu istiqamətində aparılan bütün işlər kimi, ordu quruculuğu prosesinə də son qoydu. SSRİ rəhbərliyinin Azərbaycan əsilli hərbi kadrların yetişməsində maraqlı olmadıqlarına görə 1920-1970-ci illər ərzində hərbi sahədə Azərbaycanın demək olar ki, heç bir nailiyyəti yox idi. Yalnız 1969-cu ildə, Ulu Öndər Heydər Əliyevin respublikada hakimiyyətə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesinə böyük diqqət yetirilməyə başlandı. Xüsusilə 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail olmaqla, Ümummilli Lider bugünkü qüdrətli ordumuzun formalaşmasına əvəzsiz töhfə vermiş oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına yol açdı. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra məhz C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Həmçinin Ulu Öndərin səyləri nəticəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə qəbulu, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün oldu.”

Daha sonra K.Rzayev müstəqillik dövründə ordu quruculuğu sahəsində gedən proseslərdən bəhs edib: “Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edən antimilli əhval-ruhiyəli şəxslərin yol verdikləri ciddi nöqsanlar Azərbaycanda ordu quruculuğu işini də dərin böhrana saldı. Həmin dövrdə silahlı qüvvələr də cəmiyyətin böyük hissəsi kimi parçalanaraq ayrı-ayrı dəstələr şəklində xalqın və dövlətin deyil, müxtəlif siyasi qüvvələrin maraqlarını müdafiə edirdilər. Bu qüvvələr isə, hərbi gücü torpaqlarımızın erməni işğalından qorumasına yox, hakimiyyət uğrunda daxili qarşıdurmalara yönəldirdilər. Yalnız 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra bu özbaşınalıqlara son qoyuldu. 1994-cü ilin may ayındaUlu Öndərimizin gərgin səyləri nəticəsində Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs əldə olunduqdan dərhal sonra ölkəmizdə Milli Ordunun formalaşdırılmasına start verildi. Ordu quruculuğu işinə hər zaman böyük həssaslıq və xüsusi diqqətlə yanaşan Ulu Öndər 1998-ci il may ayının 22-də Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün – 26 iyun tarixinin Azərbaycanda Silahlı Qüvvələr Günü elan olunması barədə Sərəncam imzaladı. 1999-cu il fevralın 20-də isə Ümummilli Lider Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamaqla, hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesini keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsinə çıxardı.”

Sonda müsahibimiz bu gün Azərbaycanda ordu quruculuğu işinin dövlət tərəfindən prioritet istiqamət kimi müəyyənləşdirildiyini diqqət mərkəzinə çəkərək bunları deyib: “Bu gün artıq 21 ildir ki, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ordu quruculuğu işi müasir dövrün tələblərinə uyğun şəkildə, ən yüksək səviyyədə həyata keçirilməkdədir. Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, eləcə də müdafiə sənayesinin inkişaf etdirilməsi kimi məsələlər dövlətimizin daim xüsusi diqqət mərkəzində saxlanılır. Hərbi sənaye kompleksinin dinamik inkişafı nəticəsində Azərbaycan Ordusu ölkə daxilində istehsal olunan müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar və digər hərbi təyinatlı məhsullarla təchiz olunur. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ordumuzun modernləşdirilməsini dövlət siyasətinin strateji isiqamətlərindən biri kimi müəyyən edib. Nəticə etibarı ilə bu gün Qafqazda ən müasir ordu olan Azərbaycan Silahlı Qüvvələri Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarət qüdrətli bir ordu kimi formalaşıb. Təsadüfi deyil ki, MDB məkanında Azərbaycan ən güclü hava hücumundan müdafiə qüvvələrinə malik ölkələrdən sayılır. Ali Baş Komandan cənab İlham Əliyev öz çıxışların birində demişdir: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.” Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında yer alması da möhtərəm dövlət başçımızın həyata keçirdiyi uğurlu və effektiv siyasətin məntiqi nəticəsidir” – deyə, Kərim Rzayev fikirlərini tamamlayıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
aia.az

1Mənbələr