AZ

Qatilin "sipər" etdiyi qohumlarını qorumaq üçün canlarından keçən qəhrəmanlarımız...

Ötən gün Azərbaycanda üç polis qəhrəmancasına həlak olub. Onlar əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan, həyatda qalmaq üçün öz ailə üzvlərini önə verən 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlunun cinayətinə qurban gediblər. Belə ki, Şüvəlan qəsəbəsində 1986-cı təvəllüdlü R.Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib. O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək "Lancaster" markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında qeyd olunur ki, davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən məhv edilib.

Qəhrəmancasına həlak olan 3 polisimiz adi şəraitdə cinayətkarı çox asanlıqla yaxalaya bilərdi, lakin, yaşamaq üçün öz doğmalarını sipər kimi istifadə edən R.Allahverdiyevi belə şəraitdə dayandırmaq heç də asan olmadı. Çünki, Azərbaycan polisi öz vəzifə borcunu yerinə yetirmək üçün, cinayətkarın ailəsini qorumaq üçün canından keçdi. Onlar R.Allahverdiyevin həyatda qalmaq bahasına silahın önünə çıxardığı ailə üzvlərini qorumaq üçün qəhrəmancasına həlak oldular.

Azərbaycan üçün heç də adi olmayan, daha çox fimlərdə gördüyümüz, başqa ölkələrin kriminal xəbərlərində oxuduğumuz bu hadisə göstərir ki, Azərbaycan polisi üçün mülki vətəndaşın yaşamaq hüququ, canı, təhlükəsizliyi həqiqətən də çox önəmlidir. Onlar öz canları bahasına, hətta, qatilin ailəsini belə qorumaq üçün əllərindən gələnin artığını edirlər.

Adicə işıqfor işləməyəndə yaranan tıxac necə yol polisi əməkdaşının əraziyə gələrək hərəkəti nizamlamaqla qısa zamanda açılırsa, eləcə də, bir sıra problemlər məhz polislərin sayəsində rahat şəkildə həllini tapır. Ümumilikdə, bütün dünyada polisə qarşı mənfi fikir formalaşsa da, polissiz dünyanı bir gün belə düşünmək mümkün deyil. Məhz polislər sayəsində, bu gün çox insan evində rahat yatır, dərdi, problemi olanda onlardan kömək istəyir. Qarda, soyuqda, yağışda, 40 dərəcə istidə... Onlar hər dəqiqə xidmət başındadır. Polislərin gecəsi-gündüzü yoxdur. Onlar vətəndaşlarımızın təhlükəsizliyi üçün daim çalışırlar.

Belə bir hadisənin baş verməsi demək olar ki, bütün ölkəni yasa boğdu. 3 qəhrəman polisimizin şəkilləri sosial şəbəkələrdə on minlərlə insan tərəfindən paylaşıldı, profil şəkli edildi. Bu dəhşətə qeydsiz qalan tək-tük insan olardı ki, onlar da polisə, qaydalara tabe olmamağı müsbət halmış kimi təbliğ edənlər, səs-siqnalı eşidən kimi qaçmağa yer axtaranlar, polis görən kimi dabanına tüpürüb qaçanlar idi.

İslam
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
milli.az

1Mənbələr