AZ

Bakıda ucuz kirayə mənzillərin qiyməti AÇIQLANDI 

Bakıda münasib qiymətə və mərkəzə yaxın ərazilərdə kirayə mənzil tapmaq əməlli başlı problemə çevrilib.
Buna səbəb kirayə mənzil bazarında qiymətlərin bahalaşmasıdır. 
 
Mövzu ilə Moderator.az-a danışan Daşınmaz Əmlak Məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, kirayə mənzillərin qiyməti stabil deyil:
 
“Binaların mərhələli şəkildə sökülməsi nəticəsində artıq kirayə mənzil bazarında ucuz mənzillər əlçatan deyil. Bundan əlavə, sökülən hər köhnə çoxmənzilli yaşayış binalarının və fərdi həyət evlərinin yerində yeni binalar inşa olunur, bu binalardakı aylıq kirayə qiymətləri köhnə tikililərdən iki dəfəyə qədər bahadır. Başqa bir tərəfdən, evləri sökülən mənzil sahibləri onlara yeni binadan tam təmirli mənzil verilənə qədər özləri məcbur kirayəyə çıxmalı olurlar. Bu da kirayə mənzil bazarındakı mənzillərin bir qisminin həmin sakinlər tərəfindən kirayələnməsinə səbəb olur.
Baş plana görə, 2040-cı ilə qədər Bakının mərkəzi ərazilərində köhnə çoxmənzilli binaların sayı yetəri qədər azalacaq və fərdi həyət evlərindən ibarət olan yaşayış massivləri sökülüb paytaxt ərazisindən çıxarılacaq. Bu da yaxın gələcəkdə paytaxtda ucuz kirayə mənzillərin əlçatan olmayacağından xəbər verir. Mövsümi olaraq hər il, təxminən iyun ayının sonundan başlayaraq avqust ayının 15-nə qədər kirayə mənzil bazarında nisbi sakitlik yaranır ki, bu da tələbələrin bölgələrə qayıtması ilə əlaqədardır. Lakin qısa müddətdən sonra tələbələrin geridönüşü və ali təhsil müəssisələrinə qəbul olan yeni tələbələrin paytaxta axın etməsi səbəbindən yenidən kirayə mənzil bazarında ciddi canlanma yaranır və mənzil qıtlığı müşahidə olunur. 
Bu problemlərin aradan qaldırılması üçün ilk növbədə yeni tələbə yataqxanaları tikilməlidir, mövcud yataqxanalar da təmir olunaraq tələbələrin ixtiyarına verilməlidir. Bunlar tələbələrin kirayə mənzil bazarından uzaqlaşmasına gətirib çıxarar, bazarda və qiymətlərdə nisbi sakitlik yaranar. Digər tərəfdən, tələbələrin ev problemi də aradan qalxmış olar”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
moderator.az

1Mənbələr